Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun, bu ölkə Parlamentinin Sədri İqor Qrosu ilə rəsmi görüşü olub. Səfirlikdən araz.az-a daxil olan məlumatda bildirilir ki, İqor Qrosu, həm də Moldova Prezidenti Mayya Sandunun lideri olduğu hakim partiyanın – Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) sədridir və ölkə rəhbərinə yaxınlığı ilə seçilir.
Məlumatda deyilir ki, bu gün baş tutan bu görüşdə, Moldovanın siyasi həyatında yaranmış sabit vəziyyəti nəzərə alaraq, tərəflər, Azərbaycan və Moldova arasında müxtəlif sahələr üzrə əlaqələrlə, xüsusilə də, parlamentlərarası münasibətlərlə bağlı müzakirə aparıblar.Görüşdə, həmçinin Moldovada baş tutan 11 iyul erkən parlament seçkilərindən sonra, yeni qurulan Parlamentdə ölkəmizlə dostluq qrupunun formalaşdırılması və iki ölkənin parlament rəhbərlərinin qarşılıqlı səfər və görüşlərinin təşkili, eləcə də qarşılıqlı maraq kəsb edən digər vacib məsələlərin müzakirəsi də olub.
Görüş zamanı səfir Qudsi Osmanov erkən seçkilərdə PAS-ın qələbəsinə görə, hakim partiyanın funksionerlərinə və çoxsaylı üzvlərinə bir daha təbrikini çatdırıb. Səfir, həmçinin Parlamentin yeni sədrinə azərbaylanlı həmkarı Sahibə Qafarovanın təbrikini və Moldova parlamenti ilə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğuna dair fikirlərini də çatdırıb.
PAS-ın bu qələbəsiylə Moldovada siyasi çəkişmələrə son qoyulmasının və bu dövlətdə sabit hakimiyyətin qurulmasının ölkələrimiz arasında münasibətlərin intensivləşməsinə və inkişafına töhfə verəcəyinə əminliyini xüsusi vurğulayıb. Qüdsi Osmanov, eyni zamanda, Moldovanın qanunverici orqanında Azərbaycanla dostluq qrupunun formalaşdırılması məsələsini sorğu edib.
İqor Qrosu, bu təbriklərə görə, Azərbaycan tərəfinə təşəkkürünü çatdırıb. Müvafiq bir zamanda isə, azərbaycanlı həmkarı ilə görüşmək arzusunda olduğunu ifadə edib. Sədr, cari ilin 21– 22 oktyabr tarixində Afinada keçiriləcək Avropa Şurası üzv Dövlətlərinin Parlament Rəhbərlərinin Avropa Konfransında (European Conference of Presidents of Parliament) belə bir görüşün təşkili imkanları ilə də maraqlanıb və hazırda, bu Parlamentdə Azərbaycanla dostluq qrupunun yaradılması istiqamətində işlərin aparıldığını xüsusi qeyd edərək, sentyabr ayında prosesin yekunlaşacağını bildirib. Ölkələrimiz arasında dost münasibətlərin olduğunu bildirən sədr, istər ötən illərdə Moldovada gərgin siyasi proseslər getdiyi vaxtda, istərsə də PAS partiyasının seçkilərdə qələbəsindən sonra, səfirin bu ciddi proseslərə daim diqqət göstərdiyini yüksək qiymətləndirib. Daha sonra, ölkəsindəki siyasi sabitliyin xüsusilə işgüzar sahənin inkişafı üçün önəmli olduğunu qeyd edən İqor Qrosu, həmsöhbəti ilə razılaşaraq, bunun iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın genişlənməsinə imkan verəcəyini xüsusi vurğulayıb. Azərbaycanın enerji sahəsində uğurlarını xüsusi qeyd edərək, Moldovanın bu sahədə problemlərinin mövcudluğunu və ölkəmizlə, xüsusilə, sözügedən sahədə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini də xüsusi vurğulayıb.
Görüşdə səfir Qüdsi Osmanov, parlamentlərarası münasibətlərdən əlavə, ölkəmizdəki sosial-siyasi sabitlik, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqiyə dair də məlumat verib. Xüsusi olaraq onu da qeyd edib ki, 44 günlük Vətən Müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun möhtəşəm qələbəsi ilə başa çatıb. Artıq, ermənilər tərəfindən vəhşicəsinə və qəddarlıqla dağıdılmış ərazilərimizin sürətli şəkildə bərpası, azad olunan rayonlarımızda xarici şirkətlərin fəaliyyəti, yeni yol və körpülərin tikintisi, infrastruktur imkanlarının yaradılması, xüsusilə Füzuli rayonunda beynəlxalq aeroportun tikilməsi və digər mühüm məqamları da qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanlı sərmayədarların dünyanın bir sıra ölkələrində uğurlu fəaliyyətindən danışan səfir, Moldovanın iqtisadiyyatında, xüsusilə kənd təsərrüfatı sahəsinin önəmli olduğunu nəzərə alaraq, bu sahədə azərbaycanlı investorların fəaliyyətlərində geniş imkanların olduğunu bildirib. Səfir, Azərbaycan — Moldova iqtisadi əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyasının sonuncu iclasının 2012-ci ildə keçirilməsini nəzərə alaraq, növbəti belə bir tədbirin keçirilməsi üçün işlərin aparılmalı olduğunun vacibliyini də qeyd edib. Bundan əlavə, o, həmsöhbəti ilə, iki ölkə arasında hüquq — müqavilə bazasının yenilənməsi, aktuallığını itirmiş köhnə müqavilələrə yenidən baxılması və baxılmaqda olan sənəd layihələrinin imzalanması imkanlarını müzakirə edib.
Öz növbəsində, İqor Qrosu 44 günlük Vətən Müharibəsini narahatlıqla izlədiyini, Moldovanın da ərazi bütövlüyü ilə bağlı münaqişə problemi olduğunu və bu xüsusda, Moldovanın, Azərbaycanın ərazi bütövlüyü məsələsində, ölkəmizi və xalqımızı daim dəstəklədiyini bildirib. Azərbaycanın tolerant dəyərlərə malik ölkə olduğunu qeyd edən sədr, ölkəmizdə 30 000 nəfər erməninin yaşamasının bunun sübutu olduğunu diqqətə çatdırıb. Azad olunmuş bölgələrdə aparılan quruculuq və bərpa işlərindən xəbərdar olduğunu bildirən sədr, insanların rahat yaşayışının təmin edilməsi üçün, bu istiqamətdə inşa edilən “Ağıllı Kənd” konsepsiyasını maraqla vurğulayıb. O, ölkəmizin hakimiyyət nümayəndələri, rəhbər şəxsləri ilə əlaqələrin qurulmasında maraqlı olduğunu xüsusi qeyd edib. İqor Qrosu bunu sadalanan işlərin sürətli şəkildə icra edilməsində önəmli olduğunu bildirib. Moldovanın Qaqauziya Muxtar Ərazisinin Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən Təhsil və Mədəniyyət Mərkəzinə görə ölkəmizə təşəkkürünü bildirib, mərkəzin açılışa hazır olduğunu dilə gətirib. Eyni zamanda, sədr pandemiya zamanı ölkəmizin Moldovaya yardımını da yüksək qiymətləndirib Məlumatın sonunda o da bildirilib ki, bu görüşdə, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) sədri Elçin Bayramov da iştirak edib. O, MAK-ın fəaliyyətindən danışaraq, fəal azərbaycanlı gəncin PAS-a üzv olduğunu xatırladıb, gələcəkdə daha çox həmvətənlərimizin PAS-a üzv olmaq üçün maraq göstərdiyini bildirib. Bundan əlavə, Elçin Bayramov cari ilin 3 sentyabr tarixində, paytaxt Kişineuda keçiriləcək diasporumuzun fəaliyyətinə həsr edilən tədbirə İqor Qrosunu da dəvət edib. Dəvəti məmnuniyyətlə qarşılayan İqor Qrosu, Moldovada ölkəmizin diaspor üzvlərinin savadlı və dünyagörüşlü gənclərdən ibarət yenidən qurulmasının təqdirəlayiq hal olduğunu bildirib, hazırda həmvətənlərimizin Moldovanın ictimai-siyasi həyatında fəal iştirakçı olduqlarını da xüsusi qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.