WhatsApp Image 2021 08 29 at 11.57.50

Bu barədə sizlərə danışacaqlarım, əslində, şikayətdən daha çox, bir lətifə təsiri bağışlayır adama — real, yaşanmış bir lətifə təsiri! Çünki karqo firmalarından biriylə bağlı özümüzün yaşadıqlarımızı başqa cür ifadə etmək qeyri-mümkündür, daha doğrusu, bunu ifadə etməyə digər yöndən söz tapmaq olduqca acizdir. Bir də ki, bu “Karqo firması”nın etdikləri o qədər qeyri-ciddi və gülməlidir ki, yazacaqlarıma, yəqin, çoxları inanmayacaq. Amma hər halda, skrinlərim, sübutlarım və ən əsası, firmanın özü tərəfindən cəmiyyətə elan edilən bir kampaniya var ki, bunun inkar olunmasını mümkünsüz edir.


Belə hesab edirəm ki, bu məqaləni təkcə çalışdığım “Xebersherh” Media Qurumu deyil, digər saytlar və media orqanları da dərc etsə, daha effektiv və məqsədəuyğun olardı. Çünki müştəriləri və istehlakçıları, sözün həqiqi mənasında, “barmağına dolayan” bu “Karqo firması”nı, artıq, bütün cəmiyyətin tanıması lazımdır.

                                ***

Bir neçə həftə öncə, adına koli.az deyilən bir karqo şirkətinin reklamıyla rastlaşdıq. Malları üçün təklif olunan qiymətlər yetərincə münasib idi, xüsusən də, ABŞ tarifi. Elə, buna görə də, xeyli tanışlarımla birlikdə, xidmətdən istifadə etməyə qərar verdik. Kaş, etməz olaydıq! Çünki o qədər gülünc təsir bağışlayan hadisələr yaşadıq ki!..
Doğrusu, bu gülünc hadisələr seriyasını danışmağa nə vaxt, elə həvəs də yoxdur, sadəcə, yaşananlar və gördüklərimiz bir-ikisini sadalamağı labüd edir. Təsəvvür edin ki, bir qurum tərəfindən, iyulun 14-də “Sehrli Ay” deyilən bir kampaniya elan olunur və sizlər də, artıq, onun iştirakçısısınız. Lakin bir ay tamam olmadan, bu kampaniyanın dayandırılmasına anidən qərar verilir. Etiraz edəndə isə, deyirlər ki, “Sehrli AY”dakı AY, başqa AYdır!.. Yəqin, Göydəki AYı nəzərdə tuturmuşlar, biz səhv anlamışıq…
… Xeyli müştəri cəlb edəndən sonra, kampaniyanı birdən-birə dayandırmaq bir yana qalsın, daha gülməli və xoşagəlməz təsirli olanı odur ki, bu kampaniyanın dayandırılması barədə, həmin firmanın saytında məlumat da verilmir. Özünüz deyin, bu kampaniyanın dayndırılması barədə saytda məlumat qoymamaq o deyilmi ki, bu şirkət də, “Mən səni saymıram!” oyunu oynayır. Etiraz edib deyəndə ki, “Bəs, axı, ABŞ-dan ayın 1-inə edilən sifarişimiz, ayın 10-da anbara çatacaqdı, necə olacaq indi?!”, onda da cavabları bu olur ki, “Nəzərə alacağıq və endirimli tariflə hesablayacağıq”. Lakin dediklərini etmirlər və elə, adi tariflə hesablayırlar.

WhatsApp Image 2021 08 29 at 11.57.50 1
Başqa bir xoşagəlməz gülməli fakt isə, belədir: İnstagram səhifələrinə şikayət yazıb, bildirəndə, digər ünvana yönləndirirlər. “Bu səhifədə suallara cavab verilmir!”, — deyirlər. Amma: “Kampaniyanın dayandırılması barədə xəbəri, niyə, saytınızda qoymamısınız?” — sorğusu ilə müraciət etdikdə isə, yalandan: “İnstagramda zatən qoymuşuq!”, — deyirlər.
Bəli, belə xoşagəlməz komik əməl sahibi olan bir şirkət…
…Qurumun Feysbuk səhifəsinə yazdığım kəskin etiraza verdikləri cavaba baxın, siz Allah: “Müştəri kodunuzu əsaslandırın”!.. Bir tanışıma qarşı gülünc təsirli davranışlarını isə, burda yazmağa yer çatmaz…
Sonda, onu da qeyd edək ki, bu şirkətin rəhbəri Hüseyn Qurbanov, xoşagəlməz çoxsaylı belə problemlərini həll etmək əvəzinə, özünü tərifləməklə rahatlıq tapır, üstəlik, həyatda qazandığı “nailiyyətlərini” saymaqdan həzz alır. Sanki bu qurum, xidmət etmək üçün yox, orada işləyən bir qrup problemli insanın kompleks hisslərdən qurtulmaları üçün və özlərini “təsdiq etmələri” məqsədiylə açılıbdır. Bədəlini isə, biz müştərilər və istehlakçılar görürük!
Uzun sözün qısası, heç olmasa siz siz olun, bunlara aldanmayın və bu firmanın adını harda görsəniz və əməkdaşları ilə harda rastlaşsanız, “dabanınıza tüpürüb, qaçaraq, aradan çıxın!” — gülünc günlər yaşamamaq üçün! Bizim kimi!..

Ləman MƏMMƏDOVA,
“Xebersherh”in əməkdaşı.

QEYD: Söylədiklərimin hamsının sübutları və skrinləri mövcuddur. Qurumun yarıtmaz fəaliyyəti barədə, artıq, müvafiq orqanlara məlumat da verilibdir.

araz.az xəbər portalı.