İlqar Orucov: “Elton Məmmədovun Ramiz Mehdiyevi məhkəməyə verməsi…”
Son beş-altı ildir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi nəticələrlə, uğurlarla deyil, qalmaqallarla, məhkəmə davaları, pul yeyintiləri, maxinasiyalarla gündəmə gəlir. Kənardan baxanda belə təsəvvür yaranır ki, AMEA-da elmdən başqa hər şey var, bircə elm yoxdur.
Yeni yayılan məlumata görə, AMEA prezidenti Ramiz Mehdiyevlə qurumun İşlər idarəsinin müdiri Elton Məmmədov arasında qalmaqal davam edir. Aralarında torpaq davasından tutmuş vəzifə mübahisəsinə qədər davam edən gərginlik məhkəmə ilə nəticələnib.
KİV-in yazdığına görə, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin eks müdiri, Ziya Məmmədovun qardaşı Elton Məmmədov qurumu məhkəməyə verib. Səbəb kimi Ramiz Mehdiyevin işdən kənarlaşdırdığı Elton Məmmədovun yerinə kürəkəninin qardaşı Fikrət Əliyevi gətirməsi olub.
Bu barədə mətbuata danışan Elton Məmmədov AMEA-nı məhkəməyə verməsi məsələsini nə təsdiq, nə də təkzib edib: “O mənim hüququmdur. Məhkəməyə verərəm, ya vermərəm, sizə nə? Məlumat vermək istəmirəm. Məhkəmə prosesi gedəndə deyəcəm, zamanında deyiləndə eşidəcəksiniz”.
Mətbuatın yazdığına görə, Elton Məmmədovun AMEA-dakı vəzifəsinə Ramiz Mehdiyevin əmri ilə öz kürəkəni, keçmiş deputat İlham Əliyevin qardaşı Fikrət Əliyev təyin olunub. Ekspertlər deyir ki, son illər AMEA-da elmi hadisələr baş vermir, burada daha çox büdcə oğurluğu, mənimsəmə, büdcə dağıtma cinayətləri, hətta qurumun rəhbərini məhkəməyə vermək halları yaşanır. Bu qurumda nə baş verir? Bəlkə dogrudan da akademiya bir qurum kimi lazım deyil?
Ekspertlər deyir ki, bu qurumda torpaq qalmaqalı, maxinasiyalar və sair imkan vermir ki, akademiya ortaya elmi nəticə qoysun. AMEA-nın elmi imici rəhbərliyi maraqlandırmır?
- “Demək, burada maraqların toqquşması var”
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, AMEA-da 2013-cü ildən bəri baş verənlər təəssüf, təəccüb və ikrah doğurmaqdadır: “Akademiyanın nüfuzdan salınması, akademiyaya layiq olmayan adamların rəhbər vəzifəyə gətirilməsi təəssüfə səbəb olub. Akademiya kimi nüfuzlu bir qurum nəinki tələblərə cavab verə, dövlətin gözləntilərini doğrulda bilmir, bütövlükdə xoşagəlməz halların, korrupsiyanın, cürbəcür qalmaqalların baş verdiyi bir məkana çevirilib. Halbuki, Akademiya ölkənin ən şəffaf, ən təmiz, ən mötəbər qurumu idi və olmalı idi. Çox təəssüf edirəm ki, AMEA-dakı neqativ hallarla, çəkişmələrlə bağlı KİV-də xoşagəlməz məlumatlar oxuyuruq.
Elton Məmmədovun Ramiz Mehdiyevi məhkəməyə verməsi ilə bağlı məlumatı mən də eşitmişəm. Ümumiyyətlə, Akademiyanın 2013-cü ildən bəri prezident və vitse-prezidentlər, eyni zamanda işlər müdiri sarıdan bəxti gətirmədi. Akademiyanın işlər müdiri prezidentin müavini deməkdir. Yəni akademiya prezidentinin müavini olaraq AMEA-nın işlər müdiri vəzifəsi çox mühüm bir postdur. AMEA-da baş verən dələduzluqların, qeyd etdiyiniz kimi mənzil qalmaqallarının baş verməsində işlər müdirinin məsuliyyəti qaçılmazdı və danılmazdı. Burada baş verənlərin məsuliyyətinin digər bir tərəfdən də AMEA-nın Rəyasət Heyətinin üzərində olduğunu qeyd etmək istəyirəm. Çünki Akademiya kollegial bir qurumdu və Ramiz Mehdiyevin nə deməsindən asılı olmayaraq, qərarları Rəyasət Heyəti qəbul edir. Ramiz Mehdiyevin, ondan əvvəl Akif Əlizadənin bütün neqativ əməllərində Rəyasət Heyəti də məsuliyyəti bərabər olaraq paylaşır. AMEA-nın Rəyasət Heyətində respublikanın bir çox sanballı insanları təmsil olunur, onların arasında Ramiz Mehdiyevin, ondan əvvəl isə Akif Əlizadənin neqativ əməllərinə dəstək verən xeyli sayda insan var. Bu insanları da cəzalandırmaq lazımdı. Necə olub AMEA-nın Rəyasət Heyəti Ramiz Mehdiyevin və Akif Əlizadənin qanunsuz əməllərinə dəstək verib? Niyə onlar məsuliyyətdən kənar qalmalıdır? Onlar da məsuliyyətə cəlb olunmalıdırlar.
Elton Məmmədov qısa müddətdə Akademiyanın işlər müdiri oldu. Bu həmin müddət idi ki, artıq Ramiz Mehdiyevin ətrafında akademiya rəhbərinə yaraşmayan hadisələr baş verdi, toy qalmaqalı oldu. Biz akademiyanın əvvəlki prezidenti Akif Əlizadənin mənzilləri ələ keçirməsi, onun və onun dövründə AMEA-nın işlər müdiri olmuş Fətəli Abdullayevin qanunsuz əməlləri ilə bağlı məsələləri mətbuatda işıqlandırdıq. Ümid edirdim ki, Ramiz Mehdiyevin dövründə özündən əvvəl baş verən bütün neqativliklər araşdırılacaq, bu işləri törədənlər cəzalandırılacaq. Amma bir nəfər də olsun cəzalandırıldımı? Xeyr”.
İ.Orucov qeyd etdi ki, R.Mehdiyev AMEA prezidenti olmazdan əvvəl bu sistemi kurasiya edirdi və bu qurumda baş verənlərin hamısından xəbərdar idi: “Gerçəklik budur ki, Ramiz Mehdiyevlə Akif Əlizadə əlbir olub, bu adamlar birgə işləyiblər. Ramiz Mehdiyev elementar, lakin biabırçı olan mənzil qalmaqalı ilə bağlı araşdırma apardımı, o mənzilləri qanunsuz ələ keçirənlərdən geri alıb kasıb, imkansız, Akademiyanın yataqxanasında şəraitsiz bir otaqda yaşayanlara payladımı? Paylamadı. Niyə bunu etmədi? Çünki Akif Əlizadənin arxasında Ramiz Mehdiyev durmuşdu. Doğru deyirsiz, AMEA elmdən başqa hər şeylə məşğuldu. Biz Akademiya rəhbərliyinin və onun ətrafının planlaşdırdığı çirkin işlərlə bağlı söhbətləri siyasi mənsubların dilindən eşidirik. Düşünürəm ki, dövlətin müvafiq qurumları bu məsələ ilə bağlı araşdırma aparmalıdırlar, əgər belə hallar varsa, bu insanlar ən ağır cəza ilə cəzalandırılmalıdır, dövlət öz gücünü göstərməlidir. Mən yeznəmin qardaşını gətirib AMEA-ya işlər müdiri qoyuram, bu nə deməkdi? İşlər müdiri AMEA-nın bütün maliyyə məsələlərinə eyni zamanda cavabdehdir. Demək, burada maraqların toqquşması var. Bütün müəssisələrdə maraqların toqquşması deyilən bir sənəd olur. Bu sənəd onu göstərir ki, çox yaxın qohumlarla bir yerdə işləyəndə burada neqativliklər baş verir. AMEA dövlətin ali idarəçilik qurumu deyil, elm siyasəti ilə məşğul olan bir qurumdu. Hansı marağa gətirib qohumunu orada yerləşdirmisən? Mən Elton Məmmədova haqq qazandırmıram, onu müdafiə etmirəm. Bəlkə də Elton Məmmədovun dediklərində həqiqət var, mən bilmirəm. Amma reallıq budur ki, adam öz yaxın qohumunu elə-belə gətirib rəhbərlik etdiyi bir qurumda maliyyə ilə bağlı məsələlərə cavabdeh qoymur. Düşünürəm ki, AMEA artıq bur formada fəaliyyət göstərə bilməz. Təklifim ondan ibarətdir ki, AMEA Təhsil Nazirliyi ilə birləşdirilməlidir. Biz Azərbaycanda elmin, alimin nüfuzunu qaldırmaq, elmin cəmiyyətin, dövlətin inkişafında rolunu gücləndirmək istəyiriksə elmin idarəolunmasını şəffaflaşdırmalıyıq. Təcili olaraq ölkəmizdə elm, təhsil, innovasiyalar nazirliyi yaratmağı təklif edirəm. Bununla da elmin idarəedilməsində şəffaflığı təmin edərik…”
İradə SARIYEVA
araz.az xəbər portalı.