Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir!
Vətən millətin evi, millət də vətənin ailəsidir. Vətəni sevmək təkcə torpağını sevmək demək deyil, eyni zamanda Vətənə məxsus sərvətlərin də qədrini bilmək deməkdir. Bəllidir ki, tarixin ağır sınaqlarından şərəflə, üzüağ, ləyaqətlə çıxmağı bacarmış məmləkətimizin var olmasının kökündə, bu torpaqda doğulub boya-başa çatan övladların Vətəninə olan sonsuz məhəbbətlərinin varlığı əsas rol oynayıb.
Unutmayaq ki, qəlbən torpağına bağlı olan əcdadlarımız Azərbaycan uğrunda canlarından keçməyə hazır olublar, hətta bu yolda şəhidlik zirvəsinə də ucalıblar. Danılmaz faktdır ki, tariximizin hansı səhifəsini vərəqləsək orada cəsur, igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izlərinə rast gələcəyik. Odur ki, Vətən sadəcə coğrafi ərazi deyil və kimin harada yaşamasından, hansı işlə məşğul olmasından asılı olmayaraq hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları hər kəsin şəxsi istək və arzularını üstələyir, hər kəsi xalq üçün çalışmağa sövq edir. Vətənə məhəbbət hissi insanın qəlbində yaşayan, onu vətənin çiçəklənməsinə təhrik edən ən güclü mənəvi-əxlaqi hissdir. Vətənpərvər övladı, parlaq ziyalısı, düşüncəli və qabiliyətli vətəndaşı olan Vətən heç vaxt darda qalmaz.
Bəli, belə bir hisləri daim özündə yaşadan, hər zaman qəlbi vətən sevgisi ilə döyünən vətən oğullarından biri də, 13 avqust 1990-cı ildə Bakı şəhərində anadan olan Hüseynzadə Həmidağa Bağı oğlu olur.
Qeyd edək ki, o, 1997-ci ildə Bakı şəhəri, A.Şaiq adına 54 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olur və orta təhsilini bu təhsil ocağında uğurla başa vuraraq, 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. 2012-ci ildə bu Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə başa vuran Həmidağa Hüseynzadə, 25 iyul 2012-ci il tarixdən 28 iyun 2013-cü il tarixədək Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin motoatıcı tağım komandiri kursunda da təhsilini başa vurur.2013-cü ildə Ağcabədi rayonundakı “N” saylı hərbi hissədə, daha sonra Ağdam rayonunun Yusifcanlı kəndində yerləşən hərbi postda xidməti fəaliyyətini davam etdirir. Həmidağa Hüseynzadə hərbi sahədə göstərdiyi nümunəvi xidmətlərinə görə, 24 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı ilə təltif olunur. 2014-cü ildən Xüsisi Təyinatlı Qüvvələrdə (XTQ) qulluq etməyə başlayanan bu gənc hərbçi, 2014-cü ilin noyabr ayından “N” saylı hərbi hissədə baş kəşfiyyatçı vəzifəsində xidmət etməyə başlayır və 2017-ci ilin may ayından xidmətdə olduğu həmin hərbi hissədə əvvəlcə qrup komandirinin müavini, 2019-cu ildən isə, qrup komandiri vəzifəsini daşıyır. O, 2015-ci ildə Türkiyə Cümhuriyyətində komando təməl kurslarına göndərilir və kursu uğurla başa vurduqdan sonra ona sertifikatlar verilir. Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində bənzəri olmayan qəhrəmanlıqlar göstərən Həmidağa Hüseynzadə, həyata keçirilən döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən medalla təltif olunur. 2016-cı ilin sentyabr, 2017-ci ilin iyul aylarında qonşu Gürcüstan Respublikasında təhsilini davam etdirmək məqsədilə rəhbərlik onu kurslara göndərir və kursları uğurla başa vurduğuna görə, ona sertifikatlar verilir. Həmidağa Hüseynzadə hərbi xidmətdə olduğu illər ərzində, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə fəxri fərmanlarla mükafatlandırılır. O, 26 iyun 2018-ci il tarixdə Azərbaycan Ordusunun 100 illiyi medalı ilə, 26 iyul 2019-cu il tarixdə isə, Müdafiə Nazirliyinin 0138T №-li qərarı əsasında “Qüsursuz xidmətə görə” və 3-cü dərəcəli medalları ilə təltif olunur.
Nəhayət, 27 sentyabr 2020-ci il tarixdə erməni işğalçı qüvvələrinə qarşı başlayan Vətən müharibəsində Murovdağ silsiləsi “Canavar qulağı” adı ilə tanınan postların alınmasında o, əvəzsiz igidlik və sücaətlər göstərir, komandanlığın verdiyi əmr və tapşırıqları yerinə yetirərkən 28 sentyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olur. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, mərhum Həmidağa Hüseynzadə 2-ci Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında göstərdiyi xüsusi xidmətlərinə, işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamı əsasında Həmidağa Bağı oğlu Hüseynzadə ölümündən sonra “Qarabağ” ordeni ilə, həmçinin ərazi bütövlüyümüzün təmin olunması yolunda həyata keçirilən döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı əsasında “Vətən uğrunda” medalı ilə, eyni zamanda Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə, Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı əsasında “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunur. Qeyd edək ki, şəhid kapitan ailəli idi və onun Həmidə adlı bir qız övladı var.
Bəli, bütün bunlar onu göstərir ki, Vətən müharibəsində möhtəşəm Zəfərin əldə olunmasında rəşadətli Azərbaycan Ordusunun müstəsna xidmətləri oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu xidmətləri həmişə yüksək qiymətləndirir, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin daim diqqətdə saxlanılması, müharibədə sağlamlığını itirən qazilərimizin müalicəsi, onların sosial problemlərinin həlli, eləcə də azad olunmuş tarixi torpaqlarımızda Vətənin müdafiəsi naminə xidməti vəzifələrini şərəflə yerinə yetirən, Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətlərində bu gün də davam edən düşmən təxribatlarının, həmçinin onların hücum cəhdlərinin qarşısını qətiyyətlə alan hərbi qulluqçularımızın xidmət şəraitinin daha da yaxşılaşdırılması üçün mühüm tədbirlərin həyata keçirilməsini zəruri hesab edir və hər bir işi nəzarətində saxlayır.
Qeyd edək ki, Vətən müharibəsində əldə olunan parlaq qələbə münasibətilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyəti olan bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə, hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Düzdür, Zəfər Gününün təsis edilməsi haqda Prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu, həmçinin Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən başlıca amillər oldu. 8 noyabrda ölkəmizin hər bir şəhər və rayonunda, ələlxüsus paytaxt Bakı şəhərində Zəfər Günü xüsusi qeyd olundu, bənzəri olmayan atəşfəşanlıq yaşandı. Unutmayaq ki, belə bir günün daha möhtəşəm keçirilməsində Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 20C ünvanında fəaliyyət göstərən “NEPTUN” spermarket mağazasının da xüsusi rolu oldu. Belə ki, 8 noyabrda bu mağazanın qarşısında bir neçə saat ərzində Xüsisi Təyinatlı Qüvvələrin kapitanı, şəhid Həmidağa Bağı oğlu Hüseynzadənin unudulmaz xatirəsi yada salındı, Dövlət Himni səsləndirildi, onun keçdiyi döyüş yollarından bəhs olundu, vətənpərvərlik ruhunda bir neçə mahnılar oxundu. Sözsüz ki, bu “NEPTUN” supermarket mağazasının baş direktoru Vüqar İbrahimovun, satış şöbəsinin müdiri Allahverdi Quliyevin və admistrator Elməddin Balakişiyevin bu yöndə atdıqları addımlar, kollektiv üzvlərindən Arzu Veysovanın, Vüsalə Osmanovanın, Sevda İsmayılzadənin, Əsmər Nizaməddinovanın və digərlərinin keçirilən tədbirə cəlb olunmaları, ərazidən keçən şəxslərin çay süfrəsinə dəvət olunub hər kəsə xidmət göstərilməsi və s. onu sübut etdi ki, istər bu mağazanın rəhbər şəxslərinin, istərsə də kollektiv üzvlərinin hər birində torpağa bağlılıq, xalqına sevgi, şəhid ruhuna dərin hörmət və ehtiram hissi var. Bəli, qeyd olunan ünvanda fəaliyyət göstərən “NEPTUN” supermarket mağazasının rəhbər şəxslərinin 8 noyabr- Zəfər Günü atdıqları addımlar neçə-neçə yaddaşlara həkk olundu, insanların qəlbində, düşüncəsində həmin şəxslərə qarşı sonsuz rəğbət hissi formalaşdı. Ələlxüsus, şəhid Həmidağa Hüseynzadənin anası Gülnar xanımın keçirilən tədbirdə iştirak etməsi, ona qarşı xüsusi yanaşma hissinin nümayiş etdirilməsi bir daha onu sübut etdi ki, bu “NEPTUN” supermarket mağazasının baş direktoru Vüqar İbrahimovun, satış şöbəsinin müdiri Allahverdi Quliyevin və mağazanın admistratoru Elməddin Balakişiyevin atdıqları addımlarda şəhid adına hörmət, şəhid ruhuna ehtiram hissi daim öndə tutulur. Odur ki, Zəfər Günü münasibətilə keçirilən tədbir zamanı xalqının, dövlətinin yanında olan, torpaqlarımızın bütövlüyünün təmin olunması uğrunda canını, qanını qurban verib şəhidlik zirvəsinə ucalan Həmidağa Hüseynzadənin ölməz ruhunu uca tutan, bir sözlə əsl vətənpərvərlik hissi nümayiş etdirən “NEPTUN” supermarket mağazasının rəhbərliyində olan hər bir şəxsin, kollektiv üzvlərinin əməli, məhz bu gün olduğu kimi gələcəkdə də lazımınca qiymətləndiriləcək. Faktdır ki, bu mağazada çalışan şəxslər öz xoşbəxtliklərini, səadətlərini doğma Vətəninə, xalqına ləyaqətlə xidmətdə görürlər, dövlətimizə- dövlətçiliyimizə xidmət göstərməyi özləri üçün şərəf bilirlər. Belə bir addımlarına görə, redaksiyamızın yaradıcı kolletivi adından tədbirin ərsəyə gəlməsində zəhməti olanlara dərin minnətdarlığımızı bildirib, hər kəsi Zəfər Günü münasibətilə təbrik edirik!.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin! Qarabağ Azərbaycandır!
Kamal MİRZƏ
[bt_youtube url=”‘https://www.youtube.com/embed/tk_KodZdmAg’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube] [bt_youtube url=”‘https://www.youtube.com/embed/5rB0huHHV5k'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az xəbər portalı.