ilham55

“Azərbaycan hər zaman türkdilli dövlətlər arasında siyasi, mədəni və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verib. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının formalaşmasında, bu quruma üzv ölkələr arasında əlaqələrin inkişafında ən ciddi rol oynayan liderlərdən biridir. Təşkilatın inkişafı, quruma üzv olan ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün hər zaman səylə çalışdığına şahid olduğumuz Cənab İlham Əliyevin 2009-cu ildə Naxçıvanda Şura təsis olunarkən etdiyi çıxışı yaxşı xatırlayırıq. O çıxış həmin dövrdə konseptual xarakter daşısa da, bugünkü uğurun yolu məhz o vaxt cızılmışdı”.

araz.az  Pravda.az-a istinadən bildirir ki, bunu  Milli Məclisin deputatı Ceyhun Məmmədov noyabrın 12-də Türkiyədə baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII zirvə toplantısının əhəmiyyəti barədə danışarkən deyib.

Parlament üzvü bildirib ki, türkdilli respublikalar arasında əlaqələr və əməkdaşlıq həmin dövrdən başlayaraq daha da genişlənir və inkişaf edir: “Müxtəlif sahələr üzrə yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirildi. Prezident İlham Əliyevin türkdilli dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı addımlar şura çərçivəsində onun fəaliyyətinin yüksək qiymətləndirilməsi üçün əsas verir. Yəni, cənab Prezidentin qiymətləndirilməsi onun fədakar əməyinin və gördüyü böyük işlərin nəticəsidir. Vətən Müharibəsi bu əməkdaşlığın inkişafının nə qədər böyük önəm daşıdığını bir daha sübut etdi”.

C.Məmmədov, həmçinin vurğulayıb ki, İkinci Qarabağ savaşı dövründə Azərbaycana ilk gündən dəstək verən ölkələr məhz bu şuranın üzvləri idi: “Şura üzvləri Azərbaycanın yanında olduqlarını dəfələrlə vurğuladılar. Müharibədən sonra isə işğaldan azad olunmuş ərazilərə baş çəkərək erməni vəhşiliyini qətiyyətlə pislədilər. Prezident İlham Əliyevin sammitdəki çıxışı isə bir çox vacib məqamlarla yadda qaldı, o, şura üzvlərinin Azərbaycana dəstəyini yüksək qiymətləndirdi. Həmçinin, cənab Prezident Zəngəzur dəhlizinin açılması nəticəsində türkdilli dövlətlərin əlaqələrinin daha da genişlənəcəyini diqqətə çatdırdı”.

Deputat onu da vurğulayıb ki, Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təftif edilməsi onun təşkilat çərçivəsində həyata keçirdiyi uğurlu siyasətə verilən qiymətdir: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu qədər güclənməsində cənab İlham Əliyevin müstəsna xidmətləri var. Bu gün də üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən siyasət Prezident tərəfindən uğurla davam etdirilir. Bunu, həmçinin cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan dövlətinin təşkilatın inkişafına verdiyi töhfələrə göstərilən diqqət və qayğı kimi də başa düşmək olar”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.