Annotasiya 2020 04 21 211026“Azərbaycanda 1970-ci ildə 151 minə yaxın körpə dünyaya gəlib. 1990-cı ildə, hətta, 183 min nəfərə qədər yüksəlib”.

Bu məsələ barədə iqtisadçı ekspert Samir Əliyev fikir səsləndirib. O, bildirib ki, 2020-ci ildə doğulan körpələrin sayı 127 min nəfərə yaxın olub: “Bu isə, son 17 ildə ən aşağı göstəricidir. Məlumat üçün bildirim ki, 1970-ci ildə ölkə əhalisinin sayı 5.1 milyon, 1990-cı ildə 7.1 milyon, 2020-ci ildə isə, 10,1 milyon nəfərə yaxın olub. Son 50 ildə əhali sayı 2 dəfə yüksəlsə də, doğum nəinki artmayıb, hətta azalıb”.

Samir Əliyev əlavə edib ki, dünyada azalma tendensiyası müşahidə olunur: “Yaşlı qrupların payı getdikcə azalır. 1970-ci ildə doğulan körpələrin 22 faizi onların payına düşürdüsə, hazırda bu göstərici azalaraq, 7 faizə enib. Əsas yük 20 – 34 yaş qrupuna daxil olanlardadır. Onların payı 71,4 faizdən, 83,4 faizə yüksəlib. 20 – 24 yaş arası anaların payının son illər azalmasına baxmayaraq, hələ də ən yüksək həddə (35 faiz) qalmaqdadır. 20 yaşa qədər olarların payı 10 faizə yaxındır”.

İqtisadçının sözlərinə görə, BMT-nin proqnozuna inansaq, 2100-cü ildə əhali sayı 9,1 milyona düşəcək.

Proqnozlaşdırılan nəticə baş verməsin deyə, uşaq pulu verilməlidir. Azərbaycanda gözlənilən demoqrafik problemin yaranmaması üçün, qabaqlayıcı tədbirlərə, ən əsası da, uşaq pulunun verilməsi zərurətə çevrilib. Mürəkkəb regionda mövcudluğumuz, etnosumuzun tarixdə yaşaması üçün əhalinin təbii artımının stimullaşdırılması ən prioritet məsələ olmalıdır. Göründüyü kimi, məsələ olduqca ciddidir və uşaq pulunun verilməsi dövlət və milli təhlükəsizliyimizin təmini deməkdir.

Rus, fars və erməninin əhatəsində yaşayırıq, belə qonşuları olan dövlət və xalq daim müharibələrə hazır olmalıdır. Müharibəni isə, əsasən, gənclər aparır. Son 30 ildə müstəqilliyimizin, ərazi bütövlüyümüzün uğrunda 20 000 şəhid vermişik və hələ də mübarizəmiz davam edir.

Yaxşı, bu əsaslı arqumentlərə nə deyirsiniz, uşaq pulu verilməlidir, ya yox?!

Vüqar DADAŞOV,

hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi.

araz.az xəbər portalı.