ABŞ Rusiya ilə sabit münasibətləri yalnız Ukrayna məsələsində ona sərt təzyiq göstərməklə, o cümlədən digər məsələlərlə yanaşı, “kaskad sanksiyaların” köməyi ilə qura bilər. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol və Ukraynanın keçmiş baş naziri Aleksey Qonçaruk bildiriblər ki, ABŞ bu ölkədəki demokratik eksperimentə kömək etməklə, eləcə də ukraynalılarda parlaq gələcəyə ümid yaradacaq Donbas İnkişaf Fondu yaratmaqla Ukraynanı bəsləməlidir.
araz.az Moderator.az-a istinadən diplomatların “The Washington Post” nəşrində dərc olunan sözügedən məqaləsini oxucularına təqdim edir.
Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəddə nəhəng hərbi qruplaşma toplayıb. Putinin sonda nə etməyi planlaşdırdığını bilmirik: o, həmişəki kimi hələ də gözlənilməzdir. Lakin onun Ukrayna ilə bağlı son təhdid xarakterli bəyanatları, o cümlədən ukraynalılarla rusların əslində bir xalq olması ilə bağlı sözləri Kiyev, Brüssel və Vaşinqton liderlərini təşvişə salıb. Avropada iki böyük silahlı qüvvə arasında tammiqyaslı qeyri-nüvə müharibəsi perspektivi 1939-cu ildən bəri o qədər də aydın deyil.
Putin sonuncu dəfə Ukrayna sərhədində hərbi mövcudluğunu gücləndirəndə ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı ilə qurmağa ümid etdiyi tərəfdaşlıq növünü təsvir edən yeni bir ifadə işlətdi: “sabit və proqnozlaşdırıla bilən əlaqələr”. Bayden və komandası həm bu ilin iyununda keçirilən Cenevrə sammitindən əvvəl, həm də onun gedişində Moskva ilə oxşar münasibət qurmaq ümidini yüksək qiymətləndirirdilər.
Diplomatiyada iddialı məqsədlərin səsləndirilməsində heç bir qəbahət yoxdur. Biz də həmçinin Rusiya ilə sabit və proqnozlaşdırıla bilən münasibətlər istərdik. Bununla belə, real strategiya olmadan nəcib və çətin məqsədlərə çatmağa çalışmaq səmərəsiz diplomatiyadır, xüsusən də məqsədlərə çatmaq üçün digər mühüm təhlükəsizlik mülahizələrinin qurban veriləcəyi gözlənilirsə. Rusiya ilə münasibətlərdə qeyri-real məqsədləri davam etdirmək əvəzinə, Bayden administrasiyası əldə edilə bilən xarici siyasət məqsədinə – Ukrayna ilə sabit və proqnozlaşdırıla bilən münasibətlərin qurulmasına daha çox vaxt və güc sərf etməlidir.
Putin Baydenlə açıq şəkildə sabit və proqnozlaşdırıla bilən münasibətə ehtiyac duymur. Rusiya lideri ABŞ-ı Moskvanın ən ciddi düşməni hesab edir. Putin hesab edir ki, Bayden administrasiyası Rusiyanı zəiflətmək və onun rejimini devirmək niyyətindədir. Nəticədə, Putinin fikrincə, belə bir ölkə ilə sabit və proqnozlaşdırıla bilən əməkdaşlıq ola bilməz; belə bir ölkə ilə ancaq əbədi münaqişə ola bilər.
Üstəlik, Putin öz gözlənilməz davranışından artıq nəzərəçarpacaq dividentlər əldə edib. Onun yazda Ukrayna ilə sərhəddə hərbi qruplaşmaların sayını artırmasına Bayden Cenevrədə soyuq müharibə dövründə möhtəşəm supergüc danışıqlarına bənzəyən sammitin keçirilməsini xahiş etməklə cavab verdi. Və bu, Putinin xoşuna gəldi. Rusiya lideri həmçinin ona nail oldu ki, ABŞ əslində Vaşinqtona əvəzində heç nə vermədən “Şimal axını–2” qaz kəmərinin inşasına və işə salınmasına müdaxilə etməməyə razılaşdı. Bəs niyə kimsə Putinin bu oyunu yenidən oynamaq qərarına gəlməsinə təəccüblənir?
Əgər A planı işə yaramırsa, B planına keçməyin vaxtıdır. ABŞ-ın Rusiya və Ukraynaya qarşı yeni strategiyasının vaxtıdır.
Rusiyaya gəlincə, Bayden daha sərt güc diplomatiyası aparmalıdır. Əməkdaşlıq jestləri nəticə verməyəcəyi təqdirdə kəskin tədbirlər görmək istəyi ilə əl-ələ verməlidir.
Ukrayna sərhədindəki hazırkı böhran kontekstində Bayden açıq şəkildə bəyan etməlidir ki, o, Ukraynanın şərqində müharibəyə son qoymaq məqsədi ilə dialoqa nəfəs vermək istəyir. Bu, xüsusən də ABŞ-ı bu danışıqlarda təmsil edəcək yüksək rütbəli bir məmurun təyin edilməsində ifadə oluna və o, Ukraynada müharibəyə son qoymaq məqsədi güdən ABŞ-ın hazırda yarı ölü Normandiya formatına rəsmi qoşulması ideyasını irəli sürə bilər. Belə bir bəyanat Rusiyanın Vaşinqton və Kiyev Donbas üzərindəki hakimiyyəti hərbi gücün köməyi ilə Ukraynaya qaytarmağa hazırlaşır kimi absurd mövqeyini təkzib edər, eyni zamanda Moskvanın Ukraynanın taleyini ukraynalıların özlərinin iştirakı olmadan həll etmək niyyətinə son qoyar.
Eyni zamanda, Bayden, Konqres və ABŞ-ın avropalı müttəfiqləri yeni təcavüz halında tətbiq ediləcək ciddi hərtərəfli sanksiyalar paketini Rusiyanın növbəti hərbi müdaxiləsindən sonra deyil, indi açıq şəkildə şərtləndirməlidir.
Hazırkı sanksiya rejimi Kremlin davranışını dəyişməyəcək. Ona görə də “kaskad sanksiyalar” formasında yeni model təşkil etmək lazımdır. Rusiya Ukraynanın şərqindəki müharibəni dəstəkləyəcəyi müddətdə onun mahiyyəti hər il cəza tədbirlərinin gücləndirilməsi olacaq. Bu yanaşma sayəsində zaman təcavüzkarın əleyhinə işləyəcək. Bu, parkovka cəriməsi kimidir. Onlar hər gün qanunsuz parkovka etdiyiniz zaman sizə verilir.
Ukraynaya gəlincə, Bayden onunla məşğul olmaq üçün daha əhatəli strategiya hazırlamalıdır. İlk və ən bariz, eyni zamanda gecikmiş addım ABŞ-ın Ukraynaya Baydenlə şəxsi əlaqələri olan yüksək rütbəli səfirinin təyin edilməsidir.
İkincisi, Bayden və NATO administrasiyası kritik infrastrukturun qorunmasına kömək etmək üçün Kiyevlə hərbi əlaqələrini dərinləşdirməli, həmçinin Ukraynanın türk pilotsuz təyyarələrini almasına dəstək verməlidir. Birləşmiş Ştatlar Ukraynanı Rusiyanın təcavüzündən müdafiə etməyəcək, ona görə də ukraynalılara onunla mübarizə apara biləcəkləri alətlər vermək lazımdır.
Üçüncüsü, Bayden komandası və Avropa Kiyevi Rusiyanın təsirindən qorumaqla Ukraynanın demokratiya və iqtisadiyyatını gücləndirmək üçün uzunmüddətli strategiya hazırlamalıdır. Ümumilikdə demokratiyanın dünyada çətin günlər yaşadığını nəzərə alsaq, Bayden Ukraynadakı demokratik eksperimentə kömək etmək üçün ciddi səy göstərməlidir. Putini Ukraynada demokratiyanın dağılması qədər heç nə sevindirə bilməz.
Dördüncüsü, Bayden və müttəfiqləri Şərqi Ukrayna üçün Marşall planı rolunu oynayaraq Donbas İnkişaf Fondu yaratmalıdırlar. Yeri gəlmişkən, bu resurslardan müharibə bitdikdən sonra istifadə oluna bilər. Bu fondun yaradılması faktının özü də “dəhşətli işğaldan əziyyət çəkən” bölgə əhalisinə ümid verəcək.
Baydenə həmçinin Rusiyanı Ukrayna sərhədlərindən kənarda saxlamaq üçün yeni ali strategiya lazımdır. Zəngin, azad və suveren Ukraynanın yetişdirilməsi bu qlobal strategiyanın mərkəzində olmalıdır. ABŞ-ın Rusiyaya qarşı siyasətinin effektivliyinin artırılması yolu Ukraynaya qarşı daha sabit, proqnozlaşdırıla bilən, etibarlı və effektiv siyasətdən başlayır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.