O, ROMADAKI LA SAPİENZA UNİVERSİTETİNDƏ KEÇİRİLƏN İTACA BEYNƏLXALQ LAYİHƏSİNİN GÖRÜŞÜNDƏ İŞTİRAKÇI OLUB
Bakı Dövlət Universitetinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının dosenti Flora Hacıyevanın noyabr ayının 25-i və 26-sında İtaliyanın paytaxtında olduğu, Romanın La Sapienza Universitetində İTACA (“Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ Təlim Mərkəzi, İTACA”) beynəlxalq layihəsinin görüşündə iştirak etdiyi barədə araz.az-ın redaksiyasına məlumat daxil olub. Məlumata görə, layihənin görüşündə Avropa tərəfindən İtaliyanın La Sapienza, Danimarkanın Aalotg, İspaniyanın Granada, Yunanıstanın Patras universitetlərinin, eləcə də Almaniyanın “Argus Umweltbiotechnologie GmbH” şirkətinin, Azərbaycan tərəfdən isə, Bakı Dövlət, Bakı Mühəndislik, Bakı Ali Neft, Azərbaycan Memarlıq və İnşaat universitetlərinin nümayəndələri iştirak ediblər. Layihənin Avropa tərəfindən koordinatoru, professor Luca di Palma tədbiri giriş sözü ilə açaraq, ilk növbədə, Azərbaycan tərəfindən koordinator olmuş mərhum professor Məhəmmədəli Ramazanovun vəfatının ildönümü olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Sonra, o, professor Məhəmmədəli Ramazanovun layihənin ərsəyə gəlib çatmasında müstəsna xidmətləri olduğunu xüsusi vurğulayıb. Professor Luca di Palma professor Məhəmmədəli Ramazanovun İTACA qrant layihəsinin koordinatoru, elmi məsləhətçisi, əsas yaradıcısından biri olduğunu və onun vəfatının layihə komandası üçün çox ağır itki olduğunu da qeyd edib. Professor M. Ə. Ramazanovla 2013-cü ildən başlayan sıx elmi əlaqələrinin olduğunu bildirən professor Luca di Palma, onun xatirəsinin komanda iştirakçılarının qəlbində hələ uzun müddət yaşayacağını da xüsusi qeyd edib.
Daha sonra, professor Məhəmmədəli Ramazanov haqqında xatirə çarxı təqdim olunub və onun xatirəsi bir neçə dəqiqəlik sükütla yad edilib. Professor Luca di Palma Baki Ali Neft Məktəbində professor M. Ə. Ramazanov adına yaradılmış İTACA Training Mərkəzi haqda məlumat verib və layihənin büdcəsi hesabına Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Memarlıq və İnşaat Universiteti üçün alınmış avadanlıqlar haqda geniş məlumat verib. Bundan sonra BDU-nun “Nanomaterialların kimyəvi fizikası” kafedrasının dosenti Flora Hacıyeva çıxış edərək, BDU-nun İTACA layihəsi çərçivəsində olan öhdəlikləri, qarşıdakı görüləcək işləri, layihə komandası və onların əsas vəzifələri haqda geniş məlumat verib. Flora Hacıyeva İTACA layihəsi çərçivəsində BDU komandası tərəfindən Abşeron yarımadasının və Xəzər Dənizinin yüksək miqdarda neftlə çirklənmiş ərazilərinin ekoloji vəziyyətininin öyrənilməsininin, torpaq və su nümunələrinin analizinin aparılmasının, həmçinin üzvi çirkləndiricilərnən çirklənmiş torpaq və su nümunələrinin təmizlənməsində müxtəlif texnologiyaların hazırlanıb, işlənməsinin vacib olduğunu qeyd edib. Flora Hacıyeva həmçinin İTACA layihəsi çərçivəsində BDU-nun 3-cü dövr postmagistratura səviyyəsində təhsil alacaq Azərbaycandan 12 nəfər tələbənin tədrisinin, tədris proqramlarının, mühazirələrinin, laborator işlərinin təşkilində olan öhdəlikləri və vəzifələri haqda diskussiyalarda iştirak edib və müfaviq təkliflər irəli sürüb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.