Faiq İsmayılov: “Biz ermənilərdən qədim xalçaraımızı haralara apardıqları, hansı ölkələrdə satdıqları, onlardan hansı məqsədlə istifadə etdikləri barədə hesabat tələb etməliyik”
Mədəniyyət Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə hazırladığı “Ermənistanın azərbaycanlılara məxsus mədəni və tarixi irsi mənimsəməsi ilə bağlı hesabat”da yer alan məlumata görə, 2021-ci il fevralın 15-də İrəvandakı Aleksandr Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda 2020-ci il noyabrın 1-də Şuşa Xalça Muzeyindən qanunsuz olaraq çıxarılmış xalçalardan ibarət sərgi açılıb.
Mədəniyyət Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə hazırladığı bəyanatda qeyd olunur ki, ümumilikdə, muzeydən 160 xalça oğurlanıb, lakin sərgidə onlardan 71-si nümayiş olunub. Oğurlanmış ən qədim xalçanın 350 yaşı var.
Ermənilər 160 xalçanı Şuşadan necə qaçırdılar?..
- “Şuşa Xalça Muzeyindən ermənilər tərəfindən oğurlanaraq aparılan…”
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmaylov “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər son dövrlər çoxlu yalanlar tirajlayırlar və onlardan biri də Şuşa xalçaları ilə bağlıdır.
“Ermənilər 44 günlük müharibədə qazandığımız qələbədən sonra saxta məlumatlarının sayını daha da çoxaldıblar. Onlar iddia edirlər ki, guya 44 günlük müharibə zamanı Şuşa muzeyindən çıxardıqları xalçalardan ibarət İrəvanda sərgi təşkil ediblər. Amma bu dezinformasiyadır, növbəti erməni yalanıdır. 2021-ci il fevralın 15-də İrəvandakı Aleksandr Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda sərgilənən xalçalar əsasən 1992-ci ildə qarət olunanlardır”.
F.İsmayılovun bildirdiyinə görə, ermənilər 44 günlük müharibə zamanı Şuşa və digər şəhərlərin, rayonların muzeylərindən heç nə aparmayıblar, apardıqlarının hamısı Birinci Qarabağ müharibəsi dövrünə aiddir. “Ermənilərin sərgilədiyi xalçalar 44 günlük müharibə zamanı Şuşadan aparılmayıb, bu, 1992-ci ildə qarət edilib aparılan xalçalardır. Birinci Qarabağ müharibəsində oğurlanan, qarət edilən eksponatların, xalçaların bir çoxu Ermənistanın başıpozuq əsgərlərinin və onlara başçılıq edənlərin əlinə keçmişdi. Şuşanı işğal etdikdən sonra ermənilər orada bir xalça muzeyi yaratmışdılar və həmin muzeyə daha çox yeni dövrdə toxunmuş müasir çeşnili xalçaları toplamışdılar. Bunlar da işğal edilmiş rayonların, şəhərlərin sakinlərinin evlərindən oğurlanmış, qarət edilmiş xalçalar idi. Bunların bir qismi də ermənilərin özlərinin toxuduğu xalçalar idi ki, onları da gətirib həmin muzeyə qoymuşdular. Mən Şuşada ermənilərin açdığı muzeyin açılış zamanı daxili görüntülərini görmüşəm. Bu görüntülər məndə də var. Yəni burada kodlaşdırılmış, invertarlaşdırılmış muzey əmlakımızdan çox az nümunələr vardı. Ermənilər bizim muzeylərdən oğurladıqları xalçaları, eksponatları birbaşa İrəvana aparıblar. Onların Azərbaycan xalçalarını “erməni xalçaları” adı altında sərgiləmələri qətiyyən yolverilməzdir. Ermənilərin Azərbaycan muzeylərindən oğurladıqları xalçaların, eksponatların bir hissəsi də Almaniyada, ABŞ, Fransa, Rusiya və başqa ölkələrin qara bazarlarında 1992, 1993, 1994, 1995, hətta 2000-ci ilə qədər satışa çıxarılmışdı. Onların əksəriyyəti xarici ölkələrin qara bazarlarında satılıb, bir qismi Ermənistan tərəfindən hansısa ölkələrin dövlət rəhbərlərinə hədiyyə edlib, bir hissəsi isə İrəvanda müxtəlif guşələrdə saxlanır”.
F.İsmayılov qeyd etdi ki, ermənilər Şuşa Xalça Muzeyindən oğurladıqları ilə kifayətlənməyib, sakinlərin evlərindən də qədim xalçaları mənimsəyiblər, oğurlayıblar. “Şuşa Xalça Muzeyindən ermənilər tərəfindən oğurlanaraq aparılan xalçalar da daxil olmaqla, 200 minə yaxın muzey eksponatımız Ermənistan tərəfindən qarət edilib. Yenə də deyirəm, bunlar 1992-ci ildən sonra aparılıb. Bizim çoxsaylı maddi-mədəni dəyərlərimiz hələ də ermənilərin əlindədir. Məndə olan məlumata görə, hətta bizim zili deyilən böyük qədim xalçalarımızı ermənilər 150-300 min dollara təklif edirdi. Onlar bizim zililəri öz “xalçaları” kimi qələmə verərək, onlara 150 min dollardan 300 min dollara qədər qiymət qoyublar. Ermənilərin təşkil etdiyi son sərgiyə gəlincə, onlar yalandan ajiotaj yaradırlar, amma o xalçaların çoxu muzey eksponatları deyil, evlərdən qarət olunan xalçalardır. Təbii, onların hamısı Azərbaycan xalqının sərvətidir. Həmin xalçaları müayinə edərkən də bunu görmək olar. Ermənilər olmayan şeydən ajiotaj yaratmağı bacarırlar. Biz ermənilərdən qədim xalçaraımızı haralara apardıqları, hansı ölkələrdə satdıqları, onlardan hansı məqsədlə istifadə etdikləri barədə hesabat tələb etməliyik. Onlar bizə arayış verməlidir. 200 mindən artıq eksponatımızın taleyinə aydınlıq gətirilməlidir ki, onlar hardadır, harada satılıb, harada saxlanır. Bizim ən qədim xalçalarımızın taleyi barədə Ermənistan hesabat verməlidir”.
İradə SARIYEVA.
araz.az xəbər portalı.