0188e47f9de206a8f913c2985ed49decKeçmiş iqtidar və hazırkı müxalifət liderlərindən bezən ermənilər çıxış yolları axtarır

Ötən həftəsonu Ermənistanın 9 vilayətindəki 36 icmada yerli özünüidarəetmə orqanlarına seçkilərdə yalnız 16 icmada baş nazir Nikol Paşinyanın Mülki Müqavilə Partiyası səslərin 50%-dən çoxunu qazana bilib. Amma seçkilərdə qalib gələnlər – Paşinyanın əleyhdarları keçmiş prezident Robert Köçəryanın tərəfdarları deyildi.

Ümumi tendensiya belədir ki, əksər yerlərdə hakim partiyanın təmsilçiləri üzərində qələbəni parlament müxalifəti ilə assosiasiya olunmayan yerli elitalar qazanırlar. Ermənistanda artıq “Paşinyan erasının sonunun başlanmasından” danışılır. Paşinyanın reytinqi yaydakı seçkilərdən fərqli olaraq şübhəsiz ki, sürətlə düşür. Amma belə görünür ki, Paşinyan üçün təhlükə “keçmiş”lərlə əlaqəsi olmayan şəxslər ətrafında formalaşa biləcək alternativdir. Yerli təhlilçilərə görə, hakim partiya uduzmağa davam edərsə, laxlaya bilər. Ermənistanda daxili siyasi vəziyyətə Qarabağdan gələn xəbərlərin ciddi təsirləri də əlavə olunsa, Paşinyan hakimiyyətinin “qan itirmək” ehtimalı daha da artıracaq. Paşinyanın hakimiyyətdən getməsi, yeni qüvvələrin mərkəzləşərək erkən seçkilərə gedilməsi və yeni hakimiyyət formalaşdırılması real görünür.

O halda Paşinyanın yarıyolda qalmasının regionda başlamış prosesə hansı ciddi təsirləri olacaq? Keçmiş iqtidar və hazırkı müxalifət liderlərindən bezən erməni xalqının yeni qüvvələri hakimiyyətə gətirməklə çıxış yolları axtardığını yerli seçkilərin nəticələri də göstərir. Bu vəziyyət Paşinyanı dəhliz məsələsində yenə müqavimət göstərməyə vadar etməyəcəkmi?

YAP-çı deputat Ceyhun Məmmədov bütün məsələlərin zamanla həll olunacağını bildirdi: “Hesab edirəm ki, son tendensiyalar ümumən Paşinyanın əleyhinə işləyir. Bu gün reallıq ondan ibarətdir ki, Ermənistanın milli marağı da Zəngəzur dəhlizinin açılmasını tələb edir. Ola bilər ki, hazırkı dövrdə erməni xalqı bunu tam dərk etməsin. Amma hesab edirəm ki, o xalq zamanla bu məsələni də anlayacaq və yeni addımların atılması istiqamətində səylə çalışılacaq. Əlbəttə, burada başqa məsələlər, problemlər ola bilər. Lakin bütün hallarda Azərbaycanla münasibətlərin normallaşdırılmasına ehtiyac var. Ola bilər ki, Paşinyan yenidən sərt üslubu, ritorikanı seçsin. Amma burada Azərbaycanın güclü iradəsi və Rusiya faktoru var. Paşinyanın o qədər də imkanları yoxdur.

Ceyhun Məmmədov | Banker.az

Ceyhun Məmmədov 

Dirənişi onun hakimiyyətdən getməsinə ciddi təsirini göstərə bilər. Bütün hallarda Ermənistanda bu gün vəziyyət yaxşı deyil. Bu gün ermənilərin güclü bir liderə ehtiyacları var ki, bu proseslərin qarşısını ala bilsin, erməni xalqını bu acı durumdan çıxarsın. Ermənistan bu addımları ilə uzun müddət davam edə bilməz. Bu dirənişin qarşısı Azərbaycan tərəfdən istənilən səviyyədə alınacaq. Ermənistan anlamalıdır ki, yalnız sülh yolları qalıb. Bunu əldə etmədən heç bir uğura nail ola bilməzlər. Ona görə bu barədə Ermənistan ciddi düşünməlidir. Seçkilərin nəticəsi göstərdi ki, erməni xalqı yeni lider axtarışındadır. Reallıq ondan ibarətdir ki, bütün region dövlətləri Azərbaycanın yaratdığı reallığı dəstəkləyir. Bütün məsələlər zamanla öz həllini tapacaq”.

Rusiya göndərilən müraciətin əks-sədası - xahiş etməli idik, yoxsa tələb?

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, Rusiyanın Qarabağ siyasəti iflasa uğramaqdadır: “Paşinyanın məğlub olması əsasən Zəngəzurda baş verir. Bu da təbiidir. Çünki oranın əhalisi erməni baş nazirin siyasətindən narazıdır. Amma bunun bir müsbət tərəfi də var. Çünki qalib gələn yenə də Qarabağ müxalifətidir. Qalib gələn kimdir? Yerli icmalar, bir sözlə, yerlərdə avtoritetliyi olan şəxslər. Bu da onu göstərir ki, Rusiyanın Ermənistan siyasəti məğlubiyyətə düçar olmaqdadır. Yəni səhəri gün Paşinyan iqtidarı dəyişsə belə hakimiyyətə ”Qarabağ klanı” gələn deyil. Bəlkə də Paşinyandan da daha çox qərbyönümlü olan birisi iqtidara gələcək. Düzdür, Kreml oradakı yerli icmalarla da işləyir və orada Rusiyaya yaxın şəxslərin olması bir faktdır. Amma ümumi tendensiyadan çıxış etsək, “Qarabağ klanı”nın hakimiyyət erasının bitdiyini söyləmək olar”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Paşinyanın təzyiqlər qarşısında durmadan vəziyyətinin çətinləşdiyini qeyd etdi: “Paşinyan yay aylarında parlament seçkilərində qələbə çaldı. Amma indi hiss olunur ki, reytinqi bir az düşür. Bu reytinq Qarabağa görə düşmür. Erməni cəmiyyətinin böyük çoxluğu Qarabağı unudub. Sosial məsələlər, iqtisadi durum, sabitlik və bu kimi məsələlər erməni cəmiyyətini narahat edir. Bütün cəmiyyətlər üçün bu keçərlidir. Bu istiqamətdə irəliləyiş yoxdursa, istər-istəməz hakimiyyətdə olanın reytinqi düşməlidir. Paşinyanın da reytinqi ona görə düşür. Ona görə bu seçkilərdə istədiyi nəticəni əldə edə bilmədi. Bundan istifadə edən parlament müxalifəti və parlamentdən kənar müxalifət təzyiqləri artırmağa çalışacaq. Bununla Paşinyanın problemlərini artırmağa cəhd edəcəklər ki, erməni baş nazir növbədənkənar parlament seçkilərinə getsin. Amma hesab etmirəm ki, onun reytinqi düşsə də, yenidən erkən seçkilərə getsin. Ötən dəfə ona görə getdi ki, müharibədə məğlub olmuşdu və başqa alternativi yox idi. İndi isə alternativi var. Deyə bilər ki, ikinci dəfə erkən seçkilər keçirilə bilməz, seçkilər vaxtında keçirilməlidir. Həm də bilir ki, bu dəfə məğlub olsa, onun siyasi və fiziki sonu da gələ bilər. Hətta onu Ermənistanda sağ buraxmaya da bilərlər. Gərək hansısa bir başqa ölkəyə qaçsın. Ona görə də qarşısında duran problemlərin həlli ilə məşğuldur. Dəhliz məsələsində hələ ki dirənir, dəhlizi açmaq istəmir. Sərhədlərlə bağlı da danışıqlara başlamaq istəmir. Amma bu da bölgədə gərginliyi artırır. Toqquşmalar durmadan artmaqdadır. Ermənistanın yenidən itkiləri var. Ona görə də Paşinyan istər-istəməz qərar vermək məcburiyyətindədir, bu məsələlərlə bağlı. Çünki bu məsələlərin həlli də ona daxili və xarici təzyiqləri artırır. Paşinyan üçün bu təzyiqlərə dözmək getdikcə çətinləşir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

araz.az xəbər portalı.