osmangunduz“İnternet TV-lərin lisenziyalaşması ilə bağlı ötən gündən başlayaraq yayılan bütün xəbərlərdə  MTRŞ sədrinin “lisenziya könüllü olacaq” fikri qabardılıb. Amma “Media haqqında” qanun layihəsində İnternet TV -lərin də daxil olduğu fəaliyyət sahəsinin birmənalı olaraq lisenziyalaşması qeyd edilib”.

araz.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

O.Gündüz qeyd edib ki, könüllülük prinsipi Layihədə  heç bir yerdə nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, Netflix, MEGOGO  Azərbaycanda lisenziya almalı olacaq: “Müzakirədən bir gün öncə əldə edə bildiyimiz “Media haqqında”  Qanun layihəsini yenidən nəzərdən keçirirəm. Ötən gün Milli Məclisdəki ictimai müzakirədə bəzi narahatlıq doğuran məqamları qeyd etmişəm. İndi yenidən layihədə  istifadə olunan əsas anlayışlara baxıram. Xeyli maraqlı məqamlar var. Bütün dünyanın istifadə etdiyi İnternet TV anlayışı nədənsə bu layihədə “platforma yayımçısı” adı altında istifadə edilib. Layihədə “Sifarişli yayım xidməti provayderi” , “Platforma operatoru” kimi anlayışlar da var. Qanun layihəsinə görə bu qurum, yəni “Sifarişli yayım xidməti provayderi” istifadəçinin istəyinə uyğun proqram təklif edir və məzmuna da məsuliyyət daşıyır. Maraqlıdır ki, layihədə  “Platforma yayımçısı” kimi “Sifarişli yayım xidməti provayderi”nin, “Platforma operatoru”nun da  lisenziya alması nəzərdə tutulub. Beləliklə, buradan gəldiyim qənaət ondan ibarətdir ki,  Qanun layihəsi bu formada qəbul edilsə, onda Netflix, Megogo, Oll.tv, Vimeo və s. bu kimi video xidmət platformaları Azərbaycanda yayım üçün lisenziya almalı olacaq. Bu video servislərin Azərbaycanda xeyli istifadəçiləri var. Güman ki, onlardan Azərbaycanda nümayəndəlik açmaq və qeydiyyatdan keçmək  tələb olunacaq. Əks halda onlar ölkə ərazisində qadağan oluna bilər”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.