экрана 2021 12 17 013151ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini məmnunluqla qarşılayıb.

araz.az  Cıbhə.info-ya istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Norne bildirib. Qeyd edək ki, Türkiyənin xarixi işlər naziri Mövlud Çavuşoğlu hələ dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxış edərkən Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımlar atılacağını bildirib.

Bununla yanaşı, nazir İrəvana çarter reyslərinə başlanılacağını vurğulayıb. Nazirin sözlərinə görə, bütün addımlar Azərbaycanla birgə qəbul ediləcək. Qeyd edək ki, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç ölkənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib. Sərdar Kılıc çox təcrübəli və ciddi diplomat hesab edilir. “Azadlıq” radiosunun erməni bürosunun bugünlərdə verdiyi məlumata görə, Ermənistanla sərhədin açılması İtaliyanın paytaxtı Romada Türkiyə və ABŞ prezidentlərinin görüşündə razılaşdırılıb. Co Bayden Rəcəb Tayib Ərdoğandan Ermənistanla dövlət sərhədini açmağı xahiş edib.

Rəsmi Ankara isə Rusiyadan “S-400” zenit raket komplekslərinin alınması səbəbindən ABŞ-la münasibətlərdə yaranmış gərginliyi və Türkiyəyə tətbiq edilmiş sanksiyaları aradan qaldırmaq üçün Ermənistanla normallaşma prosesinə başlayıb. Digər ehtimallara görə, rəsmi Ankaranın Ermənistan üzərindən ABŞ-la münasibətləri qaydaya salmaq istəyi həm də Türkiyədə yaranmış son iqtisadi problemlərlə bağlıdır. Türkiyə hökuməti dolların lirəyə təzyiqinin qarşısını almaq üçün siyasi alətləri işə salıb.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında danışıqların yaxın vaxtlarda başlayacağı gözlənilsə də, hələlik müsbət jestlər daha çox Ankara tərəfindən edilir. Türkiyənin barış təklif etdiyi bir vaxtda Ermənistan İqtisadiyyat Nazirliyi Türkiyə mallarının idxalına qoyulan qadağanın müddətinin uzadılmasını təklif edən layihəni hökumətin təsdiqinə təqdim edib. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan hökumətin iclasından sonra jurnalistlərə müsahibəsində bildirib. Türkiyə mənşəli hazır məhsulların idxalına qadağa 2021-ci ildə tətbiq edilib, qadağa bu ilin dekabr ayının sonunda başa çatır və hökumət onun ləğvi və ya daha 6 ay uzadılması barədə qərar verməlidir. İqtisadiyyat Nazirliyi hakimiyyət daxilində bu məsələdə dəqiq konsensusun olmamasına baxmayaraq, mövcud iqtisadi gözləntilər nəzərə alınmaqla türk məhsullarının idxalına qoyulan qadağanın uzadılmasını düzgün addım hesab edir.

“Türkiyə ilə münasibətlər düzgün qurulmalı və simmetrik olmalıdır, birtərəfli olmamalıdır. Yolların açılması, ticarətin qurulması ilə bağlı bütün məsələlər ətraflı müzakirə olunmalıdır. Bu, ikitərəfli olmalıdır. Biz birtərəfli qaydada sərhədi açıb gözləməməliyik”, – Kerobyan belə deyib.

Yəni Türkiyə məhsuzllarının idxalına qadağa yenidən tətbiq edilərsə, bu, ikitərəfli münasibətlərin nizama salınmasında əlavə problem yarada bilər. Əgər Ermənistan hökuməti qadağanı aradan qaldırsa, Türkiyə ilə əlaqələrin bərpası istiqamətində yeni addım atılmış olar.

Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında bildirib ki, Türkiyənin ABŞ Prezidentinin istəyi əsasında Ermənistanla sərhədləri açması inandırıcı görünmür:

“Mən Ərdoğanın Baydenlə belə bir sövdələşməyə gedərək Azərbaycanla uyğunlaşmayan addımlar atacağını zənn etmirəm. Onsuz da proseslər Azərbaycanla razılaşdırılmış qaydada həyata keçirilməlidir. Bayden Ermənistanla münasibətləri normallaşdırmağı, sərhədləri açmağı xahiş etsə də, bu, dərhal yerinə yetirilməli olan hökm deyil, gələcəkdə də baş verə bilər. Ona görə də Türkiyənin Azərbaycanla münasibətdə sinxron hərəkətləri pozularsa, bu ümumi işə xələl gətirə bilər. Bu baxımdan, Türkiyənin Azərbaycanla razılaşdırılmamış, tələskən addımlar atdığına inanmıram.

Əvvəlcədən də Ermənstanla əlaqələrin bərpası Ermənistanın Azərbaycanla münasibətlərindən asılı olaraq qurulacaq. Yəni Ermənistan əvvəlcə Azərbaycanla, sonra Türkiyə ilə münasibətləri məcrasına salmalıdır. Ermənistanla sərhədlərin açılması Türkiyə iqtisadiyyatına təkan verə biləcək şərait yarada bilməz.

Əlbəttə, ABŞ-ın sanksiyaları Türkiyədə iqtisadi böhranı yaradan şərtlərdəndir. Sanksiyaların da əsas səbəbi Rusiyadan alınmış “S-400” hava hücumundan müdafiə sistemidir. “S-400”-lərin yaratdığı problemləri Azərbaycanın maraqlarına ziyan vuracaq addımların hesabına həıll etməyin mümkünlüyünə şübhə edirəm . Fikrimcə, Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı mərhələsində Türkiyə daha fəal iştirak edir və proseslərin müsbət məcrada getməsi üçün əlindən gələni əsirgəmir. Türkiyə-Azərbaycan münasibətləri strateji muttəfiqlik səviyyəsinə qalxıb və “Şuşa Bəyannaməsi” imzalanıb”.

Ekspertin fikrincə, Türkiyə və Ermənistan tərəfindən xüsusi nümayəndənin təyini siyasi emosiyaları sakitləşdirmək üçündür:

“Bu danışıqlar uzun çəkə bilər və onun nəticəsi Azərbaycanın Ermənistanla münasibətlərinə həmahəng olacaq. Azərbaycan-Türkiyə münasibətlərində ümumi proseslərdən kənara çıxma hallarının baş verəcəyini təsəvvür etmirəm”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.