“Media haqqında” qanun layihəsinə platforma yayımçısı ilə bağlı yeni maddə əlavə olunacaq.
araz.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında videokonfrans formatında “Media haqqında” qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov bildirib.
Onun sözlərinə görə, yeni – 30.8-ci maddədə qeyd olunacaq ki, birbaşa internet üzərindən audivizual proqramlar yayımlayan hüquqi şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər. Bu halda həmin şəxslər bu qanunun 30.2-30.7 maddələrinin tələblərinə cavab verməlidirlər.
İ. Səttarov deyib ki, beləliklə, hamı biləcək ki, müraciət olsa, platforma yayımçısı kimi lisenziya ala biləcək: “Müraciət olmasa, olduğu kimi fəaliyyətini davam etdirəcək”.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu təkliflə razılaşdıqlarını bildirib.
Qeyd edək ki, parlamentdə birinci oxunuşda qəbul edilmiş qanun layihəsinə əsasən, 30.1- ci maddədə göstərilir ki, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi orqanlar (qurumlar) istisna olmaqla, dövlət orqanları (qurumları) və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən maliyyələşən, həmin orqanın (qurumun) fəaliyyət sahəsini əks etdirən, ictimai yayım funksiyası daşıyan audiovizual yayımçı yalnız platforma yayımçısı kimi fəaliyyət göstərə bilər.
30.2-ci maddəyə əsasən platforma yayımçısı lisenziya əsasında fəaliyyət göstərir.
30.3-cü maddədə peyk yayımı həyata keçirən platforma yayımçısı üçün lisenziya müsabiqə əsasında yalnız hüquqi şəxslərə verilir.
30.4-cü maddədə qeyd olunur ki, platforma yayımçısı praym-taymda yayımlanan proqramlarında dövlət dilindən istifadəni tam təmin etdikdə reklam fəaliyyəti həyata keçirə bilər.
30.5-ci maddəyə görə, platforma yayımçısı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz veb-saytında və digər video paylaşım platformalarında yayımlaya bilər.
30.6-cı maddədə platforma yayımçısının redaksiyasıbıb Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməli və gündə minimum 6 saat yayım həyata keçirməli olduğunu əksini tapıb.
30.7-ci maddəyə əsasən, birbaşa internet üzərindən yayımlanan platforma yayımçısı bu Qanunun 30.6-cı maddəsində nəzərdə tutulmuş tələblərlə yanaşı, veb-sayta və müəyyən proqram cədvəlinə malik olmalı, habelə yayımı özünün veb-saytından həyata keçirməlidir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.