elman rustamov t5Fuad İbrahimov: “Gələn il inflyasiyanın ikirəqəmli olması qaçılmazdır”

Mərkəzi Bankın məlumatına görə, bu il ölkədə inflyasiya birrəqəmli olub. Bankın yenilənmiş proqnozlarına görə, cari ildə orta illik inflyasiya 6.3-6.6 faiz olub. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Son 12 ayda inflyasiya gözləntiləri real sektorun monitorinq olunan sektorlarında artım meylli olub. Qeyd edilib ki, baza proqnozuna görə, inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcək.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 6,2 faiz artıb. Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin noyabr ayına nisbətən 10 faizə yaxın yüksəlib.

O da məlumdur ki, yanvarın 1-dən başlayaraq maaşlar, təqaüdlər, pensiyalar, müxtəlif növ müavinətlər artcaq. Eyni vaxtda dövriyyəyə böyük miqdarda pul kütləsi daxil olacaq. Belə olan halda gələn il infilyasiyanın səviyyəsinin birrəqəmli olması nə dərəcədə realdır? Ümumiyyətlə, inflyasiya səviyyəsini birrəqəmli həddə saxlamaq mümkün olacaqmı? Necə etmək olar ki, inflyasiya ikirəqəmli olmasın?

  • “İnhisarçılar tərəfindən qiyməti oynatmaq siyasətinin qarşısı alınsa, bahalaşmanı qismən önləmək mümkün olacaq”

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, gələn il inflyasiya səviyyəsini birrəqəmli həddə saxlamaq real görünmür: “Bəli, bu il vahid istehlak səbəti indeksi ilə götürdükdə inflyasiyanın birrəqəmli olduğunu demək mümkündür. Ancaq ayrı-ayrı məhsulları götürəndə biz ölkədə ikirəqəmli inflyasiya müşahidə edirik. Özü də kifayət qədər yüksək həddə inflyasiya var. İstehlak etdiyimiz məhsulların tərkibində 20 faizin üzərində bahalaşma var. Nəzərə almaq lazımdır ki, dünya bazarında inflyasiya səviyyəsi yüksəkdir. Zatən pandemiya səbəbindən bütün bunlar proqnozlaşdırılırdı. Bazara monetar siyasət nəticəsində külli miqdarda vəsaitin daxil olması üzündən bu qaçılmaz idi. Bəlli olduğu kimi, artımlarla əlaqədar yanvarın 1-dən sonra dövriyyəyə böyük vəsait daxil olacaq. Bu da, öz növbəsində, inflyasiya təzyiqlərini artıracaq. O üzdən, gələn il inflyasiyanın ikirəqəmli olması qaçılmazdır. Ona görə də hökumət anti-inflyasiya tədbirlərini gücləndirməlidir. İqtisadiyyat Nazirliyi başda olmaqla, müvafiq qurumlar bir sıra neqativ təsirlərin qarşısını almaqla bağlı tədbirlər görməlidir. İnhisarçılar tərəfindən bazarda qiyməti oynatmaq siyasətinin qarşısı alınsa, bahalaşmanı qismən önləmək mümkün olacaq. Bununla bağlı sağlam rəqabət mühiti yaradılsa, istehsalçı rahat şəkildə məhsulunu bazara çıxara bilsə, süni bahalaşmanın qarşısını almaq olar. Bakının girişində Meyvəli Bazar var. Bütün meyvələr ilk öncə ora daxil olur. Elə etmək lazımdır ki, məhsul bir yerə daxil olmasın. Birbaşa bazara daxil olsun”.

İqtisadçı-ekspert hesab edir ki, yalnız o halda infilyasiyanın yüksəlməsini önləmək olar.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.