31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə, “Araz” Media Qrupunun və araz.az xəbər portalının yaradıcı kollektivləri tərəfindən ölkə vətəndaşlarına, dünyanın ayrı-ayrı ölkələrində məskunlaşan həmvətənlərimizə, eləcə də media qrupundakı mətbu vasitələrin və xəbər portalının dəyərli oxucularına təbrik Müraciəti ünvanlanıb.
Təbrik müəllifləri dərin hörmətlərinin, böyük ehtiramlarının və səmimi duyğularının ifadəsi olan bu Müraciətlərində, öncə, keşməkeşli tariximiz boyu milyonlarla soydaşımızın dünyanın müxtəlif ölkələrinə səpələnməsinin müxtəlif səbəbləri açıqlanıb. Sonra xüsusi olaraq vurğulanıb ki, bu ciddi səbəblər ucbatından hazırda mühacirətdə yaşayan doğma Vətən, ata-ana, qardaş-bacı, el-oba həsrətli milyonlarla azərbaycanlının siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətləri də, yaşadıqları ölkələr, oradakı şərait, mənəvi-əxlaqi, dini dəyərlər kimi müxtəlifdir. Bu və digər çətinliklərə görədir ki, onlar bütün dövrlərdə saysız-hesabsız problemlərlə üzləşib, doğma və yaxınlarına çözülməsi mümkün olmayan dərd-sər gətirib, ata-analarının gözlərini yollarda qoyublar:
“Artıq dünyanın 80-dən çox ölkəsində yüksək səviyyədə qeyd olunan bu bayram isə, ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız arasında hərtərəfli əlaqələr qurmaq, həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu bayram rəsmən qeyd olunduğu gündən, Azərbaycan dövləti daim xaricdə yaşayan azərbaycanlıların durumunu, problemlərini diqqətdə saxlayıb, onların birliyi, qarşılaşdıqları çətinliklərin həlli üçün lazımi addımlarını atıb, soydaşlarımızın Vətənlə əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəli sürülən təşəbbüslərə dəstək verib.
Həmvətənlərimizlə siyasi, iqtisadi, mədəni münasibətlərin genişlənməsinə geniş imkanlar yaradan bu əlamətdar günün qeyd edilməsi, bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilməklə, xalqımızın birlik rəmzi kimi də tarixə düşüb. Elə, buna görədir ki, xaricdə yaşayan soydaşlarımız da, qarşılarında Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi mühüm bir məsələ dayandığını biliblər həmişə. Bu problemin tezliklə həll olunacağına, 30 il düşmən əsarətində qalan dədə-baba torpaqlarımızın işğaldan azad ediləcəyinə ürəkdən inanan həmvətənlərimiz, dövlətimizin bu yöndən olan siyasətinin tezliklə həyata keçirilməsinə yaxından dəstək olmaq üçün, beynəlxalq səviyyədə müxtəlif layihələr, tədbirlər, aksiyalar, görüşlər keçirməklə, fəaliyyət aktivliklərini gündən-günə daha da genişləndiriblər.
Planetin bütün qitələrində gedən mürəkkəb geosiyasi proseslərə, müasir dünyanın üzləşdiyi qlobal iqtisadi çətinliklərə, müxtəlif region dövlətlərini cənginə alan qanlı-qadalı müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə baxmayaraq, yalnız paytaxt Bakıda və Azərbaycanın ayrı-ayrı regionlarında deyil, bir çox xarici ölkələrdə hər il yaşını təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləməsindən fəxarət hissi keçirən soydaşlarımız, ölkəmizin siyasi, iqtisadi, səhiyyə, təhsil, mədəniyyət sahələrində müsbət nəticələr əldə etməsində də fəal rol oynayıb, ən müxtəlif sahələrdə icra etdikləri layihələrlə bu inkişafa böyük töhfələr veriblər. Elə, 2020-ci ildə Böyük Qələbəylə bitirdiyimiz 44 günlük Vətən Müharibəsində olduğu kimi!”.
Bayram təbrikinin bu yerində, yaradıcı kollektivlərin əməkdaşları xüsusi olaraq onu da qeyd ediblər ki, planetin 5 qitəsində məskunlaşmış 50 milyon nəfərdən çox soydaşımızın sarsılmaz Milli Birliyinin rəmzinə çevrilən və Yeni ilin gəlişini bildirən bayramlar olaraq yaddaşlarımızda əbədiləşən, xalqımıza əziz olan adları tarixə Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni Təqvim ili kimi düşən bu iki Böyük Bayramımızı qarşılamaq ərəfəsindəyik:
“Təqvim yenilənmək üzrədir və geridə qoyacağımız 2021-ci ili belə böyük qələbəylə bitirdiyimiz Vətən Müharibəsinin, müharibə qədər təhlükəli koronavirus pandemiyasının uzun zaman unuda bilməyəcəyimiz ağrı-acıları ilə keçirsək də, başımız üstündə ilahi qüvvəyə malik yeganə müqəddəs varlıq olaraq qəbul etdiyimiz Böyük Allahımızın əzəməti və qüdrəti sayəsində, ilk dəfə 2020-ci ildəki tarixi Qarabağ savaşının möhtəşəm zəfərlərlə keçən 44 günündə gördüyümüz və bu böyük qələbədə əsas rol oynayan, dünyadakı bütün soydaşlarımızın həmrəyliyini daha əzəmətli, daha vüqarlı, daha qüdrətli göstərən sarsılmaz Milli Birliyimizlə, yola salacağımız bu ilin ötən hər gününün, hər ayının sevincli anlarına da, təsir baxımından, ağrı-acıları olduqca üstələyən xüsusi çalarlı başqa bir rəng qatıldı. Bu, həm də ona bir işarə oldu ki, qarşıdan gələn Yeni 2022-ci ili, gözəl Qarabağımızın azadlığının bizə bəxş etdiyi böyük sevinc hissləri, yüksək əhval-ruhiyyə içərisində qarşılayacağıq. Məhz bunun üçün də, bu Yeni ildə hamımız daha yaxşı yaşamağa layiq və qadirik. Elə, buna görə, arzumuz budur ki, Yeni ilin hər bir günü doğma Vətənimiz və xalqımız üçün, eləcə də Vətənin və xalqın layiqli övladları olaraq, şəxsən sizin üçün, sizin doğma və yaxınlarınız üçün bol sevinc dolu böyük uğurlarla, xöşbəxt günlərlə keçsin!”.
Beləcə, bayram təbrikinin sonunda, təbrik müəllifləri hər bir azərbaycanlını ayrı-ayrılıqda qarşıdan gələn Yeni il bayramı münasibətilə ürəkdən təbrik etməklə, bu xoş bayram günlərində onların hər bir xoş istək və niyyətlərinin Ulu Tanrı dərgahında qəbulunu və tezliklə gerçəkləşməsini diləyir, dövlətimizin əmin-amanlığı, tərəqqisi naminə onların etdikləri dualara həmrəy olduqlarını bildirir, doğma Vətəndə sülhün, əmin-amanlığın, qələbə sevincinin onların hər birinin əbədi nailiyyəti, birliyin, səadətin, xoşbəxtliyin, firavan həyatın, xeyir-bərəkət, ruzi dolu bol süfrələrin, sevinc dolu günlərin onların daimi qazancları olmasını aruzlayırlar: “Bu — adətdir: Yola saldığımız hər ilin sonunda, istər sevinən, istərsə də kədərdən qovrulan hər kəsin arzusu, istəyi, diləyi olur. Qarşılayacağımız Yeni ildə Böyük Allahdan ilk diləyimiz odur ki, dərd icində qovrula-qovrula gözlərini qapıya dikib, kədərli hiss və duyğulardan rahatlıq tapmayan, övladının indicə evə girəcəyini gözləyən ata-analarımızı bu dözülməz ağrılar məngənəsindən xilas etsin! Bu, həm də Həmrəylik Bayramının yaranma ideyası və məramnaməsi ilə də, həmahənglik təşkil edərdi.
Mərhəmət sahibi Ulu Yaradandan digər bir istəyimiz odur ki, qarşıdan gələn yeni təqvim ilini yüksək könül xoşluğu düzənində rahatlıqla yola salmaqda və ən xoş niyyətlərinin təntənəsində hər bir azərbaycanlının yardımçısı olsun və bizlərə müharibəsiz və münaqişəsiz gözəl günlər bəxş etsin. Mütərəqqi tarixi ənənələrin, mənəvi-əxlaqi dəyərlərin qorunması istiqamətində böyük ruh yüksəkliyini, qardaş-bacılarımızı bir-birlərinə daha möhkəm bağlamaqda yorulmazlığı, milli köklərimizə sadiqlikdə sarsılmaz mübarizə əzmini, yüksək vətənpərvərliyi, möhkəm cansağlığını, tükənməz həyat enerjisini, yüksək dözümü, səbri, təmkini bu gərgin dönəmlərdə hər kəsin ən böyük silahına, mübarizliyi, həmrəyliyi, bütövlüyü, mərhəməti, xeyirxahlığı hamının həyat amalına çevirsin!.
Bütün bunlar bu Yeni İldə bizim ən ülvi istəyimiz olacaq və elə, bu ülvi istəklə də, bu Böyük Bayramlar münasibəti ilə, bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, edəcəyiniz dualarınızın hər birinin Ulu Tanrı dərgahında tezliklə qəbulunu, səadətin, xoşbəxtliyin, firavan həyatın, xeyir-bərəkət və ruzi dolu bol süfrələrin, sevinc dolu günlərin daimi qazancınız olmasını arzulayırıq! Qoy, Uca Yaradan Yeni təqvim ilini yüksək könül xoşluğu düzənində rahatlıqla yola salmaqda, ən xoş istək və niyyətlərinizin çin olmasında hər birinizin, Sizinlə bərabər doğma və yaxınlarınızın da ən yaxın yardımçınız olsun!”
“Araz” Media Qrupu və araz.az xəbər portalı.
araz.az xəbər portalı.