Nesibmehemeliyev“Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan xalqının hər bir nümayəndəsi başı dik, alnıaçıqdır”

“Azərbaycanda FETÖ yoxdur ki… Jurnalistlər yazırlar, bəziləri də, öz siyasi opponentlərinə FETÖ damğası yapışıdırırlar”

  Azərbaycan Milli Məclisinin deputatı Nəsib Məhəməliyev Pravda.az-a müsahibə verib.

araz.az həmin müsahibəni təqdim edir:

– Nəsib müəllim, 2021-ci ilin başa çatdı, ötən 1 ili necə qiymətləndirirsiniz?

– Böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, 2021-ci il müasir Azərbaycan tarixində əlamətdar illərdən biri kimi yaddaşlara həkk olundu. Müharibədən sonrakı 1 il ərzində olduqca dinamik həyat yaşadıq. Siyasi, iqtisadi, mədəni, hərbi və bir çox sahələrdə tarixi hadisələr baş verdi. Qürurlu bir il yaşadıq. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan xalqının hər bir nümayəndəsi başı dik, alnıaçıqdır. Son 30 ildə torpaqların işğal edilməsinin yaratdığı natamamlıq hissi yavaş-yavaş tarixə qovuşdu. Bu, çox önəmlidir. İqtisadi inkişafı, siyasi müstəqilliyi təmin etmək, abadlıq-quruculuq işlərini həyata keçirmək mümkündür, amma xalqın sınmış qürurunu bərpa etmək, torpaqları işğaldan azad etmək hər liderə nəsib olmur. Dünyadakı reallıqlara, ikili standartlara baxmayaraq,  Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş nəticə əldə etdi. Xalqın sınmış qürurunun bərpa edilməsi 1 nömrəli məsələdir.

Siyasi baxımdan kifayət qədər yadda qalan hadisələr baş verdi. 2021-ci ilin yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan bəyanat, noyabrın 26-da Soçi görüşü, dekabrın 15-də Brüsseldə, Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş, daha sonra liderlərin ikitərəfli görüşündə əldə olunan razılaşmalar, Azərbaycan diplomatiyasının qələbəsidir.

Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə kontekstində, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının çağırılması ilə bağlı təşəbbüs irəli sürməsi və dünyanın 170-dən çox ölkəsinin belə bir təşəbbüsə dəstək verməsi ölkəmizin siyasi aktivinə yazılıb.

Siyasi proseslərin tacı, qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında iyunun 15-də imzalanmış tarixi Şuşa Bəyannaməsidir. Bu bəyannamə bütövlükdə Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyinə hesablanmış strateji yol xəritəsi hesab olunmalıdır.

İqtisadi baxımdan ölkəmiz daha da güclənib. Bir müddət öncə 2022-ci ilin dövlət büdcəsini qəbul etdik. Bu, müstəqil Azərbaycanın ən böyük büdcəsidir. Baxmayaraq ki, müharibədən çıxmışıq, amma sürətli bərpa prosesi gedir.

Sosial sahədə də ciddi addımlar atılır, dövlət büdcəsində hansısa sosial layihələrin ixtisara salınması baş verməyib. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərilir, onların mənzil şəraiti yaxşılaşdırılır, avtomobillər verilir, müavinətlə təmin edilirlər. Xoş haldır ki, birinci Qarabağ müharibəsində yaralanaraq əllik dərəcəsi alan şəxslərə Prezidentin sərəncamı ilə, birdəfəlik yardımlar verilir. Cəmiyyət bunu çox müsbət qarşıladı. Hazırda qarşıda duran önəmli məsələlərdən biri də keçmiş məcburi köçkünlərin doğma torpaqlara qaytarılmasıdır. Bu, bir neçə mərhələdən ibarətdir. Hər kəsə məlumdur ki, işğaldan azad edilən ərazilər yerlə-yeksan olunub, heç bir infrastruktur yoxdur, kortəbii şəkildə milyondan çox mina basdırılıb. Ermənilər üçün humanitar hüquq məfhumu yaddır. Minaların tam təmizlənməsi üçün yüz milyonlarla vəsait lazımdır. Həm də bu, vaxt tələb edir. Ağır prosesdir… Ermənilərin təqdim etdikləri xəritələrin 20-25 faizi reallığı əks etdirir. Minaların təmizlənməsi ilə yanaşı, tikinti, bərpa-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağa hər səfəri inkişafa təkan verir. Gələcəyə hesablanmış innovativ layihələr həyata keçirilir, infrastruktur qurulur. Füzuli Beynəlxalq Hava Limanının 8 ay ərzində tikintisinin başa çatması, yəqin ki, Ginnesin Rekordlar Kitabına düşəcək hadisədir. Zəngəzur dəhlizinin açılması istiqamətində də işlər davam etdirilir.

Mədəni sahədə əhəmiyyətli hadisələr baş verdi.  Cıdır düzündə  “Xarı bülbül” festivalı, “Vaqif” poeziya günləri keçirildi. Qarabağda həyatın canlanması Azərbaycan xalqının potensialının göstəricisidir. Dünya iki xalqı müqayisə etmək imkanı əldə edir. Bir tərəfdə ərazini dağıdan, bir ağac belə əkməyən ermənlər, digər tərəfdə isə, sürətlə quruculuq işlərini həyata keçirən azərbaycanlılar… Azərbaycan xalqı sübut etdi ki, öz haqqı uğrunda vuruşmağı bacardığı kimi, quruculuq işlərini də bacarır. Danılmaz faktdır ki, müharibədən sonra, eyni zamanda görülən işlər nəticəsində Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin nüfuzu dəfələrlə artıb. Bütövlükdə xalqımıza münasibət dəyişib. Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaratdı və beynəlxalq birlik də bunu qəbul edir.

– Qarabağ müharibəsindən sonra Azərbaycana təzyiqlər artıb, əsasən insan hüquqları məsələləri qabardılır. Bu barədə nə düşünürsünüz?

– Bu, gözlənilən idi. Yeni bir şey deyil. Vətən müharibəsi göstərdi ki, dostumuz və düşmənimiz kimdir… Beynəlxalq hüquqa və statuslarına görə bəzi ölkələr neytral mövqe tutmalı idilər. Amma düşmənə dəstək verdilər. Fransa ATƏT-in həmsədr dövləti olaraq neytral mövqe tutmalı idi. Buna borclu idi. Həmsədrlikdən imtina etsəydi, bunu başa düşmək olardı… Özünü demokratik adlandıran bir ölkə necə oldu ki, qısa zaman ərzində Azərbaycan əleyhinə 20-yə yaxın qətnamə qəbul etdi.

– Bu yaxınlarda Fransa prezidentliyinə namizəd Valeri Perkes Qarabağa qanusuz səfər edib…

– Bu, absurddur. Təsəvvür edin, prezidentliyə namizəd separatizmi dəstəkləyir. Baxmayaraq ki, Fransa özü bu qondarma qurumu tanımayıb…

– Belə fikirlər də var ki, Azərbaycan xarici siyasətində boşluqlar buraxıb, ortaya daha ciddi iş qoymaq olardı…

– İstənilən strukturun fəaliyyətində çatışmazlıq ola bilər. İdeal heç nə yoxdur. Təbiidir. Amma bugünkü  nəticələr onu göstərir ki, Azərbaycan xarici siyasət sahəsində hər tərəfli düşünülmüş, balanslaşdırılmış optimal siyasət aparıb. Nəticə göz qabağındadır. ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə “demokratiya sammiti” keçirildi. Azərbaycan, Türkiyə, Macarıstan kimi ölkələr dəvət olunmadı. Bu ölkələrin sammitə dəvət olunmaması, sırf geosiyasi səbəblərlə bağlıdır. Demokratiya ilə əlaqəsi yoxdur.

– Pakistan dəvət olunmuşdu…

– Geosiyasi problemlər var, Pakistan ona görə dəvət olunub. ABŞ-ın əsas rəqibi Çindir. Pakistanla Çin isə, strateji müttəfiqdirlər… Sırf geosiyasi maraqlar məsələsidir, demokratiya ilə heç bir əlaqəsi yoxdur. Hər zaman ikili standartların şahidi oluruq…

– Türkiyədə 2023-cü ildə prezident seçkiləri keçiriləcək. Hazırki Prezident Rəcəb Tayyib Ərdoğan qalib gəlməzsə, Azərbaycanı nə gözləyir?

–  Azərbaycanla Türkiyə strateji müttəfiq, qardaş ölkələrdir. Eyni millətik. İki ölkə arasında əməkdaşlığı daha da sürətləndirən, hər iki dövlətin inkişafını təmin edən isə, sözsüz Prezidentlər İlham Əliyevlə, Rəcəb Tayyib Ərdoğanın dostluğu, birgə fəaliyyətidir. Ona görə də hesab edirəm ki, gələcəyimiz etibarlı əllərdədir. Hər şey yaxşı olacaq. Uzun illərdir, Türkiyə siyasətini yaxından izləyirəm. Bu gün qətiyyətlə demək olar ki, qlobal güclər ciddi problemlər yaratmasaydılar, Türkiyə dünyanın ən güclü və inkişaf etmiş ölkələrindən biri  olacaqdı. Dünyada bir  Osmanlı “mif”i yaradıblar, Türkiyəfob, islamafob siyasət aparılır. Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gələnə qədər Türkiyənin  təkcə Beynəlxalq Valyuta Fonduna 25 milyard dollardan çox borcu var idi. Türkiyə heç 15 faiz də hərbi sənaye kompleksini inkişaf etdirə bilməmişdi. Təhlükəsizlik baxımından, xarici güclərdən asılı idi. Əgər 1930-cu illərə geri qayıtsaq, görərik ki, Türkiyənin o dövrdə hərbi sənaye kompleksini inkişaf etdirmək üçün kifayət qədər potensialı vardı. Sadəcə, imkan verilmədi. Dedilər ki, yerli istehsala ehtiyac yoxdur. Sizə nə lazımdırsa, daha ucuz qiymətə verəcəyik. Körfəz məsələlərində Türkiyə iqtisadi cəhətdən çox böyük zərər gördü. Türkiyə ordusunun döyüş qabiliyyəti həmişə yüksək səviyyədə olub. Türk ordusu NATO tərkibində ABŞ-dan sonra ikinci ordu sayılır. NATO-nun apardığı hərbi əməliyyatların bir çoxunda əsasən Türkiyə Silahlı Qüvvələrindən istifadə olunub. Qlobal güclərə sərf etmir ki, Türkiyə güclü dövlət olsun.  Onlara lazımdır ki, sözəbaxan bir Türkiyə dövləti olsun və vaxtaşırı kreditlər verib özlərindən asılı vəziyyətə salsınlar. 2003-cü ildən bu tərəfə – Ərdoğan hakimiyyətində Türkiyə olduqca böyük inkişaf yolu keçdi. Hazırda Türkiyənin valyuta ehtiyatları 125 milyard dollardan artıqdır. Ərdoğan Türkiyənin sənayesini çox güclü inkişaf etdirdi, xarici ticarət dövriyyəsini sürətli şəkildə stimullaşdırdı. Bu gün Türkiyənin hərbi sənayə kompleksi 80 faiz yerli məhsullar tərəfindən təchiz olunur. Yaxın gələcəkdə bu sahədə xarici asılılıq tam aradan qaldırılacaq. Demək olar ki, biz hər gün yeni-yeni müasir silahların sınaqdan keçirildiyini görürük. Türkiyə hərbi gəmilər istehsal edən 10 ölkədən biridir. Ona görə də bütün tənqidlər Türkiyəyə yönəlib. 2023-cü ilin aprel ayında Türkiyədə növbəti prezident seçkiləri olmalıdır.

– Növbədənkənar seçkilərin keçirilməsi gözlənilən deyil?

– Xeyr! Düzdür, bir neçə ana müxalifət və parlamentə düşməyən xırda partiyalar koalisiya yaradıblar. Hiss olunur ki, həmin partiyalar xarici qüvvələr tərəfindən kifayət qədər dəstəklənir, onların tapşırıqlarını icra edirlər. Xarici qüvvələr tərəfindən süni şəkildə yaradılmış maliyyə-iqtisadi təzyiqlərdən istifadə etməklə, növbədənkənar seçki keçirilməsinə cəhd edilir. CHP-nin ayrı-ayrı funkisonerləri, ABŞ prezidentinə, avropalı liderlərə müraciət edirdilər ki, Türkiyədə daxili demokratiyanı dəstəkləyin. 2016-cı ildə  “demokratiyanı dəstəklənməyin” nəticəsini gördük. 15 iyul hadisələri zamanı İstanbul və Ankarada baş vermiş dövlət çevrilişi cəhdi zamanı F-16 döyüş təyyarələri Türkiyə Böyük Millət Məclisi üzərindən uçuş edərək parlamenti dörd dəfə bombalamışdı. Oradakı izləri görmüşəm. Bir gecənin içərisində 250-dən çox Türkiyə vətəndaşı həlak oldu, 3 minə yaxını yaralandı. Hərbiçilər arasında nə qədər vətən xainləri çıxdı. FETÖ-çülər bir tərəfdən, başqa qüvvələr digər tərəfdən… Yəni, bu, dünya tarixində olmayan bir hadisə idi. Bunu xaricdəki “demokratiya aşiqləri”, daxildəki qüvvələrin bilavasitə iştirakı ilə təşkil etdi. Bəllidir ki, HDP PKK-nın siyasi qanadıdır. HDP-nin əksər funksionerlərinin terroçularla şəkilləri var. Onların siyasətinin kökündə, nəyin bahasına olursa olsun, Ərdoğan hakimiyyətinin getməsi durur. Daxildəki qüvvələrin dəstəyi ilə çalışırlar ki, Türkiyəni yenə də öz “relsinə” qaytarsınlar.

– Sizcə, necə olacaq, bacaracaqlar?

– Türk xalqı müdrikdir. Kifayət qədər yaxşı başa düşürlər, hökumətə dəstək verirlər. Hesab edirəm ki, erkən seçkilər olmayacaq. 2023-cü ildə, öz vaxtında prezident seçkiləri keçiriləcək. Türkiyəni gələcəkdə daha da sürətlə inkişaf etdirəcək Ərdoğan siyasəti davam edəcək. Ərdoğanın olduqca peşəkar komandası var. Onun komandasında istər xarici işlər naziri Mövlud Çavuşoğlu, istər müdafiə naziri Hulusi Akar, istər Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və digər kifayət qədər peşəkar və eyni zamanda Azərbaycanı sevən, Türk dünyasının inkişafını istəyən insanlar təmsil olunur.

– Seçkilərdə əksi baş verərsə…

– Türkiyə ilə bizim aramızda olan müttəfiqlik təbiidir. Orada siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, xalqın genetik kodunda Azərbaycan sevgisi var. 1918-ci il sentyabrın 15-də, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından necə azad etdi, Atatürkün tapşırığı ilə, Naxçıvanla əlaqənin kəsilməməsi üçün Moskvada hansı danışıqları apardı, buna necə nail oldu, hər kəs bilir. Hökumətlər təbii ki, siyasətlərində müəyyən korrektə edə bilərlər, amma tam kökündən dəyişə bilməzlər. Yəni, bu xalqın içərisindən gələn siyasətdir. Ancaq, müəyyən siyasi konyukturadan asılı olaraq, bəzi ləngimələr ola bilər. Bizim Ərdoğana qədər də müxtəlif siyasi hakimiyyətlərlə münasibətlərimiz yaxşı olub. Müqayisə etdikdə isə, təbii ki, Ərdoğanın apardığı siyasət, bizim maraqlarımıza tam uyğundur.

– Narazılıqlar da olub…

– Bəli, narazılıqlar da, fikir ayrılıqları da olub. Ərdoğana qədərki hökumətlər əsasən koalisiyon hökumətlər olub. Koalisiya hökuməti ümumi inkişafı ləngidən bir sistemdir. Hökumət daxilində istənilən qərar, koalisiyanın bir üzvü razı deyilsə, o aylarla, illərlə uzana və icra olunmaya bilər. Yəni, bu, koalisiya hökumətlərinin mənfi cəhətidir. Amma Ərdoğan hökumətində Azərbaycanla əlaqədar regional və qlobal məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur. Bu, olduqca önəmlidir. Ərdoğan başda olmaqla, digər dövlət rəhbərliyində təmsil olunan insanlar dünyanın istənilən bölgəsində Azərbaycanın mövqeyindən çıxış edirlər, Qarabağa münasibətdə eyni siyasəti həyata keçirirlər.

– Türkiyənin dəstəyindən istifadə edərək Qarabağda işləri daha da sürətləndirməliyikmi? Əgər hökumət dəyişikliyi fonunda münasibətlərdə ləngimə olarsa, bu, Qarabağ məsələsinə də təsir edəcək…

– Qarabağda işlər kifayət qədər sürətli gedir və bu işləri hər hansı xarici yardım olmadan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə, Azərbaycan hökuməti aparır. O başqa məsələdir ki, hava şəraiti ilə əlaqədar olaraq, müəyyən texniki problemlər, ləngimələr ola bilər, çünki dağlıq ərazidir. Oradakı işlərin görülməsi üçün büdcədən həm bu il, həm gələn il üçün kifayət qədər maliyyə vəsaiti ayrılıb.

– Bayaq FETÖ məsələsinə toxundunuz. Hazırda vəziyyət necədir? Təhlükə qalırmı?

– Azərbaycanda FETÖ yoxdur ki… Jurnalistlər yazırlar, bəziləri də, öz siyasi opponentlərinə FETÖ damğası yapışıdırırlar. Bu, sadəcə, demoqogiyadan başqa bir şey deyil. Əvvəllər ayrı-ayrı tədris mərkəzlərində FETÖ-nün nümayəndələri vardı, onlar da qapandı. Düşünürəm ki, bu mövzu bizim cəmiyyət üçün aktual deyil. Nəyinə lazımdır şagirdin, tələbənin ki FETÖ kimdir?! Azərbaycan vətəndaşının qayğıları başqadır. Yaxşı təhsil alsın, normal yaşayışını təmin etsin… Sosial şəbəkələrdə kimsə-kiməsə qurşaqdan aşağı zərbə vurmaq istəyirsə, gah FETÖ, gah da başqa məsələlər qabardılır.

– Rusiyanın sülhməramlı kontingenti Qarabağdadır, Xankəndi məsələsi də açıq qalıb…

– Rusiya sülhməramlı kontingentinin Qarabağda olması çoxlu müzakirələrə səbəb oldu. Müharibədən sonra, Qərbdən gələn təzyiqlərin neytrallaşdırılması baxımından, müəyyən mənada,  onların olması lazım idi. Əgər Rusiya sülhməramlı kontingenti olmasaydı, biz Qərbdən təzyiqlərlə üzləşə bilərdik. Ermənilər gecə-gündüz arzu edirdilər ki, Fransanın hərbçiləri bölgəyə gəlsin. Digər tərəfdən bizim cənub qonşumuz hazır idi ki, qoşunları Zəngəzura yeritsin. Bu baxımdan bizə xoşməramlı olmayan güclərin sülhməramlılar tərəfindən neytrallaşması xeyrimizədir. Təbii ki, onların fəaliyyətlərində bizi qane etməyən məqamlar da yox deyil.

-Türkiyə hərbçilərinin Qarabağdakı işini necə qiymətləndirisiz? Bəzi hallarda iddia olunur ki, hiss olunmur…

– Türkiyə Silahlı Qüvvələrinin atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzində təmsil olunması olduqca müsbət haldır. Onlar əldə olunmuş razılaşmalara uyğun olaraq, vəzifə borclarını icra edirlər. Onlardan nə tələb olunursa, onu da yerinə yetirirlər. Məgər hər gün hesabat verməlidirlər? Üçtərəfli razılaşmaya əsasən səlahiyyətlərini tam yerinə yetirilər. Onların orada olması, artıq stabillik faktorudur. Qarabağ ərazisində, bütün proseslər monitorinq olunur. Şərtlər dəyişdikcə,  zərurət yaranarsa, Türk hərbçilərinin tərkibi və səlahiyyətləri də dəyişə bilər.

– Konkret olaraq, 2022-ci ildən gözləntiniz nədir, Xankəndi məsələsi həll ediləcəkmi? Rusiyanın sülhməramlı kontingenti Qarabağı tərk edə bilərmi?

– Rusiya artıq Xankəndini nəzarətinə götürüb. Siyasətdə maksimalist olmaq, diplomatik manevrlər üçün lazımdır, ancaq bu, reallıqlarla uzlaşmalıdır. Bəzən böyük amallara çatmaq üçün, müəyyən məsələlərdə güzəştə getmək lazım gəlir. Rusiya sülhməramlı kontingentinin burada qalması zamana bağlı məsələdir. Zaman gələcək regional baxışlar dəyişəcək, o cümlədən, ola bilər, Rusiyanın daxili ictimai-siyasi vəziyyəti başqa cür olacaq. Bu gün isə, deməli belə lazımdır… Gələcəkdə şübhəsiz ki, Xankəndi bizim nəzarətimizə keçəcək. Prezident İlham Əliyevin yaxşı bir sözü var: Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Bu, istər dövlət idarəetmə sistemində, istər müharibə dövründə, istər bərpa proseslərində, istərsə də xarici siyasətdə özünü tam təsdiq etmiş faktdır. Ona görə də məsələləri qarışdırmayaq. Hesab edirəm ki, indiki vəziyyətdə ən vacib məsələ 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvarında imzalanan üçtərəfli bəyənatda göstərilən bütün müddəaların icra olunmasıdır və Sülh sazişinin imzalanmasıdır. Digər mübahisəli məsələlər var ki, onların müzakirə edilməsi mümkündür.

– Amma hazırda Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı var…

– Hesab edirəm ki, Laçın dəhlizinə hansı status veriləcəksə, Zəngəzur dəhlizinə adekvat olmalıdır. Ermənilər çalışırlar ki, Zəngəzur dəhlizi vasitəsi ilə iqtisadi dividentlər əldə etsinlər. 2020-ci ilin 10 noyabr razılaşmasına görə, Zəngəzur dəhlizi açılmalı, oraya da Rusiya Federasiyasının Sərhəd Qoşunları nəzarət etməlidir. Ermənilər bunu istəmir. İkinci bir tərəfdən də ermənilər istəyirlər ki, Laçın dəhlizi vasitəsilə, Qarabağ ərazisinə keçən bütün yüklər Azərbaycanın nəzarətindən kənarda olsun. Bu da qəbulolunmazdır. Onların məqsədi Zəngəzur dəhlizinə Rusiyanın yox, özlərinin  nəzarət etməsidir. Rusiya da təbii ki, bununla razılaşmayacaq. Əgər onlar orada sərhəd-gömrük postları quracaqlarsa, Azərbaycan da, Laçın dəhlizində eyni postları qurmalıdır.

– Tutaq ki, post quruldu, burada zərər daha çox hansı tərəfə dəyəcək?

– Əgər post qoyulsa, Azərbaycanın bir hissəsindən digər hissəsinə keçmək üçün bütün maşınlar gömrük rüsumları ödəyəcəklər. Naxçıvan Azərbaycandır! Azərbaycanın bir hissəsindən digər hissəsinə keçmək üçün bütün bu prosedurları keçməliyik. Tələbləri də budur. Brüssel bəyənatında qeyd olunur ki, dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazilərinə hörmət olunmalıdır. Bu o deməkdir ki, Zəngəzur dəhlizinə Ermənistan, Laçın dəhlizinə isə, Azərbaycan nəzarət etməlidir.

– Sonda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni il bayramı münasibətilə nə demək istərdiniz?

– Dünya azərbaycanlılarının həmrəyliyi və Yeni ilin gəlişi münasibətləri ilə, başda Prezident İlham Əliyev olmaqla, xalqımızı təbrik edir, əmin-amanlıq, rifah arzulayıram.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.