Əziz ƏLƏKBƏRLİ,
Milli Məclisin deputatı.
Biz 2021-ci ili yenicə yola saldıq və 2022-ci ilə qədəm qoyduq, möhtərəm Prezidentimizin 2021-ci il üçün son Sərəncamının İrəvan Müəllimlər Seminariyasının yubileyi timsalında Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvanla, 2022-ci ilin ilk Sərəncamının isə, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa ilə bağlı olması qürurvericidir.
Şuşa şəhəri tarixən də Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur.
30 il əvvəl Azərbaycanın erməni işğalından ən çox zərər çəkən yaşayış məntəqələrindən biri də Şuşa şəhəridir. Ermənistanın işğalçı hərbi qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğal edilən Şuşa şəhəri çox böyük vəhşiliklərə məruz qalmışdır.
Erməni vandalları tərəfindən Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır.
Bu gün ermənilər bu vandallığa heç cürə haqq qazandıra bilməzlər, onların yanında dayananlar isə ermənilərin bu cinayətlərinə özlərini şərik etmiş olurlar.
Amma dünya gördü ki, Azərbaycan ordusu öz qüdrəti sayəsində tarixi ədaləti bərpa etdi, 1992-ci il mayın 8-də işğal olunan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildi. Həmin gün tariximizə Zəfər Günü kimi əbədi daxil oldu.
Qalib Ordunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Şuşanın azad olunduğu gün: “Əziz Şuşa, sən azadsan!”, “Əziz Şuşa, biz qayıtmışıq!”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” nidaları hər kəsin şüuruna əbədi həkk olundu.
2022-ci ilin “Şuşa ili” elan olunması işğaldan azad edildikdən dərhal sonra burada başlanan bərpa və quruculuq işlərinin çox böyük sürətlə gedəcəyini təsdiq edir.
1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa şəhərinin mövcudluğunun bu il 270-ci ili tamam olur. Azərbaycan bu yubileyi böyük təntənə və coşqu ilə qeyd edəcək.
Ötən əsrin 70-ci illərində Ümummilli Liderimiz Heydər Əliyevin xüsusi qayğısı ilə böyük inkişaf yolu keçən Şuşa şəhəri bu il bir daha öz şöhrətinin zirvəsinə ucalacaq. Və biz Şuşanı bu ucalıqdan dünyaya təqdim edəcəyik. 30 il ərzində Şuşanı viran qoyanları isə indi durduqları aşağıdan və aşağılıqdan Şuşa zirvəsinə həsrətlə baxmağa məhkum və məcbur edəcəyik.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.