Təcrübəli diplomat Kasım-Comart Tokayevin hakimiyyətə gəlişi, daha doğrusu Nursultan Nazarbayev tərəfindən seçilərək təyinatı ölkədə iki güc mərkəzi yaradaraq yerli bürokratiya ilə elitaların çaşqın vəziyyətdə qoymuşdu. Həmin parçalanma uzun müddət davam etdi və Menqistauda maye qazın bahalaşması səbəbi ilə başlayan kütləvi etiraz aksiyalarına hakimiyyətin həddən ziyadə ləng reaksiya göstərməsinə səbəb oldu.
Bəsit situasiya idi: ikiyə parçalanmış hökumət küçələrə çıxmış gənclərin gerçəkdən də, nə istədiklərini anlaya bilmirdi.
Digər tərəfdən, Moskva gözəl anlayır ki, Qazaxıstandakı hadisələr Kreml üçün siqnaldır: Nur-Sultandakı iqtidar Kremldəki hakimiyyətin kiçik bənzəridir. Şübhə yox ki, Kreml belə hakimiyyətin müxalifətlə danışıqlar aparmağa başlamasını, yaxud da etiraz aksiyaları keçirənlərin tələblərini yerinə yetirməsini görmək istəmir.
Hazırda sosial şəbəkələrdə, telekanallarda, mass-mediada və s. Qazaxıstanla bağlı açıqlamalar, bəyanatlar, şərhlər iki məcradadır:
1. “Xalqın kütləvi etirazı”
2. “Kənar qüvvələrin Qazaxıstanı parçalamaq niyyəti ilə ssenarisi”.
Bu düşüncələrin hər ikisi yanlışdır.
Kollektiv Qərb, Soros, Rusiya və ya Çin – fərq etməz – heç bir halda təkbaşına Qazaxıstanı içdən çalxalaya bilməzdi. Bununla bahəm, yüz minlərlə insanın küçələrə və meydanlara çıxmasının da trivial, yeganə səbəbi Menqistauda maye qazın bahalaşması deyildi.
Bəşər tarixinə nəzər salsaq, hansısa ölkədə kütləvi etirazların başqa dövlət tərəfindən hazırlanaraq həyata keçirilməsinə tam dəlalət edəcək fakt yoxdur.
Rusiya İmperiyasında çar 2-ci Nikolayın yarıtmaz idarəetməsi ölkəni iflic duruma salmasaydı, Almaniyadan “plomblu vaqon”da yola çıxan Vladimir İliç Ulyanov-Lenin əsla inqilabı gerçəkləşdirə bilməzdi.
İranda şah Rza Pəhləvi ölkəni uçurum kənarına çatdırmasaydı, ayətulla Xomeyni əsla, amma əsla İslam inqilabını gerçəkləşdirə bilməzdi.
Belə bir uşaq oyunu var: taxta parçalarından qüllə ucaldılır, sonra həmin qüllə yıxılıb dağılanadək taxta parçaları növbə ilə çıxarılır.
Müxtəlif “rəngli inqilab”lar və ya “ərəb baharı”nın kökündə də müxtəlif ölkələrdəki hakimiyyətin küçələrə çıxmış kütlə qarşısında geri çəkilməsi, gözdən düşməsi durur.
Məhz bu səbəbdən yandırılmış bir kibrit yanğına səbəb olur.
Qazaxıstandakı proseslərin səbəbinin və əsas vəsiləsinin maye qaz qiymətlərinin bahalaşması, yaxud da qazaxların Nursultan Nazarbayevin hakimiyyətdən kənarlaşdırılması istəyi olması ilə bağlı iddialar primitiv, yanlışdır.
Eyni məntiqlə “ərəb baharı”nı Tunisdə küçədə göysatan gəncin özünü yandırması, İstanbulda çevriliş cəhdini Gezi Parkında ağacların kəsilməsi, “Black Live Matter” hərəkatını isə zənci Floydun qətli ilə əlaqələndirmək mümkündür.
Halbuki səbəblər daha dərindədir və başqadır. Yəni hakimiyyətdəki elitalarla cəmiyyət arasında sosial müqavilə problemindədir.
Fəqət həmişə və hər yerdə olduğu kimi, aldanan xalqdır, çünki bütün inqilabları romantiklər düşünür, fanatiklər gerçəkləşdirir, nəticələrindən isə əclaflar faydalanır.
İstənilən kütləvi xalq etirazlarının iki ssenarisi var: ona ya müxalifət rəhbərlik edərək siyasi məcraya yönəldir, ya da bu aksiyalar daxili və ya xarici oyunçular tərəfindən kortəbii meynstrimə, iğtişaşlara transformasiya edir.
Qazaxıstanda məhz kənar oyunçular aksiyaları terrora, qarətə, iğtişaşlara çevirdilər.
Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev əslində ona ayrılmış rolla razılaşmayan adam, Rusiyadakı Dmitri Medvedyevin Nur-Sultanda “qiyam edən” variantıdır.
Tokayev yaxşı diplomat ola bilər, amma çox yarıtmaz və zəif dövlət başçısıdır: əks təqdirdə o, kütlənin tələbləri qarşısında geriçəkilmənin məntiqi sonu olacaq həddi görərdi.
Kütləvi aksiyaların iğtişaşlara çevrilməsi Tokayevi seçim qarşısında qoydu: ya istefa verməli, ya da va-banka gedərək sərt davranmalı və hakimiyyətini qorumaq üçün KTMT qüvvələrini ölkəyə çağırmalı idi. O, ikinci variantı seçdi.
Mövcud təhlükələri neytrallaşdırmaq və hakimiyyəti tam ələ almaq üçün Tokayevin Rusiyadan gələcək siyasi dəstəyə ehtiyacı vardı. Ölkəyə KTMT qüvvələrinin, əslində Rusiya qoşunlarının yeridilməsi üçün Moskvaya edilmiş müraciətin səbəbi də budur.
Dövlət qurumlarını və strateji obyektləri qorumaq üçün 3-5 min əsgər Qazaxıstanda asanlıqla tapılardı: unutmayaq ki, bu ölkənin 170 minlik ordusu var.
KTMT qüvvələri Tokayevə hansısa binaları qorumaq və ya aksiya iştirakçılarını döymək, güllələmək üçün gərək deyil.
Sözügedən qüvvələrin Qazaxıstana yeridilməsi birmənalı olaraq Qazaxıstan prezidentinin Rusiyaya üstünlük verməsi, Rusiyanı seçməsi deməkdir.
İndi əsas sual Qazaxıstanda aksiyaların nə qədər davam edəcəyi ilə bağlıdır.
Etiraz edən kütlə ilə Venesuela prezidenti Nikolas Maduros stilində uzun-uzadı mübarizə nə Tokayevə, nə də Rusiya prezidenti Vladimir Putinə sərfəli deyil.
Ölkəni hər an vətəndaş müharibəsinin başlaya biləcəyi situasiyanın hökm sürdüyü Livana döndərmək də Tokayev üçün qorxulu ehtimaldır.
Ən sərt tədbirlərə əl ataraq situasiyanı dondurmaq və Belarus prezidenti Aleksandr Lukaşenkonun qərarlarını təkrarlamaq üçünsə Tokayevin siyasi iradəsi və imkanları yoxdur.
Qazaxıstan hakimiyyətinin yeganə çıxış yolu mümkün qədər tez müddətdə parlament seçkilərinin keçirilməsi, mövcud siyasi elitalarda təmizləmələrin aparılması, KTMT əməliyyatının bitəcəyi vaxtın açıqlanması və köklü islahatlardır.
Rusiya Qazaxıstana qoşun yeritməklə ölkəni dövlət müstəqilliyindən və suverenliyinin faktiki olaraq axırına çıxdı. Moskvanın əsas məqsədi SSRİ-ni postsovet mkanında bərpa etməkdir.
Rusiyadakı ifrat millətçi və velikorus şovinistlər razı qala bilərlər: postsovet ölkələrinin bir çoxu artıq Moskvanın geosiyasi nəzarətindədir.
Son onilliklərdə milli elitasını formalaşdıran, çoxvektorlu xarici siyasət yürüdən və ordu quruculuğunu sürətlə reallaşdıran Azərbaycanla Özbəkistan istisnadır.
Moskva yeni “SSRİ 2” variasiyasının konturlarını cızır və hələlik triumfator sayılır. Amma bu, uzunmüddətli perspektivdə Rusiya üçün həddən ziyadə böyük itkilər vəd edir, çünki indi Kremlin ultimatumlarını və tələblərini qəbul etmək məcburiyyətində qalan postsovet dövlətləri yanlış “müttəfiq” seçdiklərin anlayacaqlar.
Bir daha təkrarlayım: Azərbaycan istisnadır. Ötən il imzalanmış Şuşa Bəyannaməsi sayəsində biz Türkiyə təki qüdrətli və güclü ölkə ilə hərbi-siyasi müttəfiq statusunu əldə etmişik.
Qazaxıstandakı proseslərə baxanda 2021-ci ilin yayında Şuşa Bəyannaməsini reallaşdıran Azərbaycan rəhbərliyinin uzaqgörənliyinə bir daha şahid ola bilərik.
SSRİ-nin bərpası isə Kremlin bütün səylərinə və cəhdlərinə rəğmən, mümkün deyil.
Sovetlər Birliyinin bazasını, bünövrəsini və əsasını əslində heç zaman olmamış “xalqlar dostluğu” yox, Kommunist Partiysı təşkil edirdi. 1987-ci ilin sonlarında Kommunist Partiyası laxlayan kimi Sovetlər Birliyinin çökməsi başladı, cəmi 3 il ərzində nəhəng imperiya süqut etdi.
O partiya artıq yoxdur. Rusiyadakı “Vahid Rusiya” və ya hər hansı başqa partiyanın idiosinkretik, mücərrəd şüarlarını isə postsovet məkanında qəbul edənlər barmaqla sayıla bilər.
Rusiya prezidenti Vladimir Putinin bir ifadəsini xatırlayıram: “Sovetlər Birliyinin dağılmasına təəsüflənməyənin ürəyi, onun əvvəlki formasında bərpasını istəyənin isə başı yoxdur”.
Kremldə bəziləri başlarını itiriblərsə, bu, postsovet məkanındakı xalqların kütləvi unutqanlığa və ya hərdəmxəyallığa düçar olması deyil, çünki reallıq hissi itirilməməsi gərəkən məqamdır.
Azərbaycanda siyasi iflasa uğrayan, amma özlərini inadla “müxalifət liderləri” sayanlarla onların ətrafının bəyanatlarını, sosial şəbəkələrdəki paylaşımlarını, YouTube-dakı mühacir kanallarındakı çıxışlarını isə heç bir halda reallıq, məntiq və praqmatlıq saymaq mümkün deyil.
“Qazaxıstanda kütləvi etirazlardır, Bakıda inqilab havası əsir” tipli anonslar verən YouTube kanallarının marazmatik davranışı yenilik deyil.
AXCP sədri Əli Kərimli, onun müavinləri və tərəfdaşlarının gerçəkləri qəbul etmir, Azərbaycanda kütləvi iğtişaşların, qarşıdurmanın, toqquşmaların olmasını arzulayırlar.
“Əhsən, qazaxlar, sağ əlinix başımıza” təki idiotizmi yazanı ciddi siyasətçi s saymaq olma – həyat onları heç nəyə öyrətmir.
Manqıstau , Janaozen, Aktobe və ya Almatı olaylarının Azərbaycanda təkrarlanmasını arzulayaraq siyasi degeneratlıq nümayiş etdirənlərə inananlar isə bilməlidir ki, Birinci Qarabağ Müharibəsində məğlubiyyətimizin əsas səbəbkarı bu və ya belə insanlar idilər.
Azərbaycanın nüfuzunun və geosiysi çəkisinin artması faktdır: bəli, böyük dövlət deyilik, regional supergüc də deyilik. Amma 1990-cı illərin əvvəllərindəki siyasi xaosun təkrarlanmayacağı, güclü orduya və oturuşmuş dövlətçilik, idarəetmə sisteminə malik ölkə olduğumuzdan təbii ki, bir sıra dövlətlərlə beynəlxalq fondlar, təşkilatlar və strukturlar Bakının iflasa uğramasını istəyir, buna çalışırlar.
Onlar ölkə daxilində özlərini “demokratik müxalifət” kimi təqdim edən, siyasət müflisləri olaraq revanş arzulayanları idarə edir, Azərbaycanda destabilizasiya üçün bütün resursları işə salırlar.
Bu fiqurlar vətəndaşları kütləvi aksiyalara, etiraz yürüşlərinə, itaətsizliyə çağırır, cəmiyyəti laqeydlikdə, qorxaqlıqda suçlayırlar.
Təbii, cəmiyyətdə stabillik naminə vətəndaşlar bütün problemləri görməzdən gəlməməli, susmamalıdır.
Korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığına qarşı mübarizə aparılmalı, kəskin sosial problemlərin həll yolları aranmalıdır.
Çünki vəzifə səlahiyyətlərinə malik məmur rühvətxor və ya idiotdursa, o, ölkəyə çox ağır zərbələr vura bilər: Qazaxıstandakı olaylar buna sübutdur.
Şəxsən mən rüşvətxor məmurları, bivec səlahiyyətliləri, yalnız varlanmağı düşünən vəzifəli fərdləri daxili ermənilər sayıram və onlarla ən sərt mübarizə aparılmasının tərəfdarıyam.
Bütün bunlara rəğmən ölkəmizin əldə etdiyi uğurlar, nail olduğu inkişaf danılmazdır. Azərbaycanın üzləşdiyi problemlər, təhdidlər və çağırışlara nəzər salanda ölkə rəhbərliyinin idarəetmə mexanizminin miqyası aydın olur.
Azərbaycanda hakimiyyət sosiumu inkişafa aparmaqla məsuliyyət, təcrübə və intellektə əsaslanan siyasət yürüdür.
Madaqaskarda, Sudanda, Somalidə, Venesuelada, Haitidə və ya Əfqanıstandakı hadisələrdən vəcdə gələrək “Bakıda inqilab havası əsir” deyən, yazan siyasət zavallıları isə “rəngli inqilab”ların təlimat kitabçalarının nimad səhifələriini vərəqləyir, Azərbaycan vətəndaşlarını da çox uzaqlardakı insanların əməllərini təkrarlamağa çalışırlar.
Onları siyasi reallıq fərqləri, motivlər, situasiya və s. maraqlandırmır.
Onlar hesab edirlər ki, hakimiyyətə nifrət edən kütlə küçələrə çıxarsa, inqilab yaşanacaq, hər şey yaxşı olacaq.
Bu biçarələr Qazaxıstanda yaşananların məğzini anlamadılar.
Onlar ilk əvvəl Nursultan Nazarbayevi tərifləyirdilər, sonra onun hakimiyyətdən gedişindən cuşa gəldilər və Kasım-Jomart Tokayevi “əsl qəhrəman” elan edərək virtual şəkildə bağırlarına basdılar. Amma Tokayev KTMT qüvvələrini Qazaxıstana çağıranda pərt oldular.
Budur Azərbaycanın “demokratik müxalifət”i adlanan, əslində isə bir dəstə radikaldan ibarət olan dəstə.
Və bu adamlar yenə də nəyəsə güvənirlər…
Elçin ALIOĞLU,
milli.az xəbər portalının Baş redaktoru.
araz.az xəbər portalı.