Nəinki doktor, professor, akademik, hətta ən kiçik Ph.D emblemasını döşünə taxan kimi…
İçərişəhər metro stansiyası yaxınlığında piyada keçidinə düşmək istəyirdim, bir orta yaşlı dolğun, səliqəli geyimli, saçı-başı, daşı-qaşı yerli-yerində bir qadın yaxınlaşıb qızının əməliyyat olunmalı olduğunu və pula ehtiyacı olduğunu söylədi. Yardımı uzadanda əllərindəki yenicə çəkilmiş, parıltısı göz qamaşdıran yarım metrlik şellak, bir də cibindən çıxardığı yeni nəsil smart telefonu gözümə dəydi. Bir anlıq pərt oldum, görən nə vadar edir?! Müşahidə etdim, keçiddəki digər piyadalara da yaxınlaşırdı. Yadıma AMEA institutlarında, bütün günü ağlayıb-sızlayıb “elm ölüm ayağındadır”, “alimin pula ehtiyacı var” deyə dad edən bir-sıra ikiüzlü, riyakar, üstü kimi içi də çürük olan “alim” kontingenti düşdü. Tüfeylilik canına hopmuş, xəstəliyi xislətində əks olunan, ruhu da özü kimi çürük bu alim kontingenti elm adlı “qızının” öz sağlığına, canlılığına, diriliyinə qovuşması üçün heç bir cəfaya qatlaşmayan bivec, harın, enələ-enələ gedən qadını xatırlatdı. Daha doğrusu qadın onları, onlar isə qadını xatırlatdı.
Nəinki doktor, professor, akademik, hətta ən kiçik PhD emblemasını döşünə taxan kimi, dissertantın, tələbənin, elmi işçinin qarşısında böyük qüvvəyə çevrilən, dövləti borclu bilib, fürsət düşəndə süründürməyi özünə borc bilən, cahil ətrafı üçün “qiyməti verilməyən”, “dəyəri tanınmayan” həmin kontingenti!
AMEA-ya ikinci və şüurlu gəlişim dövründə bunu yəqin etdim ki, Azərbaycanda gerçək elm də var, alim də, ancaq onlar mütləq olaraq nə AMEA-da, nə də onun divarları daxilində deyil, qəlbində, daxilində, fitrətində və bir də qələmində elm olanlardadır!
araz.az xəbər portalı.
araz.az xəbər portalı.