Dünyadakı bu həssas dönəmin tələbləri, dövlətimizin mənafeyi üçün daha vacib, daha önəmli olan diasporçuluq işini yüksək səviyyədə qurmaq, ayrı-ayrı ölkələrdə çoxdan formalaşan Azərbaycan icmalarına yeni təfəkkür sahibi həmyerlilərimizin rəhbərlik etməsi zərurətini yaradır. Elə buna görədir ki, soydaşlarımızın daha çox məskunlaşdığı ölkələrdə, onların birlik ünvanlarına çevrilən diaspor qurumlarımıza rəhbərlik böyük məsuliyyət olaraq qəbul olunur. Çox təəssüf ki, ortaya “düşmənçilik toxumu səpməkdə” mahir separat təfəkkürlülər, diasporçuluq işimizə yeni nəfəs, yeni ruh verməyə qadir soydaşlarımız qarşısında belə ciddi maneələr yarada, yerli elit təbəqələrin nümayəndələri olan həmyerlilərimizin əsas hissəsini isə, Azərbaycan cəmiyyətlərindən aralı sala bilirlər. Beləcə, ölkəmizin hərtərəfli inkişafını gözləri götürməyən düşmən qüvvələr, “sapı özümüzdən olan baltalar”dan istifadə etməklə, xarici ölkələrdəki diaspor qurumlarımızın işlərinə ciddi zərbələr vururlar. Elə, təəssüf doğuran çoxsaylı faktlar əsasında hazırladığımız bu yazımız da, bu mövzudadır. Sərlövhəsi belə, bu yazımızın qısa xülasəsidir desək, yanılmarıq. Bir də ki, bütün bunlar barədə araz.az xəbər portalına məlumatları, bu yazıda adını hallandırdığımız Rusiyanın Krasnoyarsk vilayətindəki Azərbaycan diasporuna yaxın etibarlı mənbə sahibi soydaşımız ötürüb. Yazıdakı ittihamedici ciddi faktların şübhə yeri qalmayan həqiqətlər olduğunu, onun özü öz məlumatlarında açıb, ortaya qoya bildiyindən, tərəfimizdən həmin faktlar ətrafında bir daha dəqiqləşdirmə araşdırması aparmağa ehtiyac duymadıq.
Acı həqiqətlərlə dolu daha bir təəssüfləndirici problemimizdən bəhs edən bu məlumatlarda, öncə, Krasnoyarskdakı Azərbaycan diasporunun son iki ildəki sönük fəaliyyəti xüsusi qabardılır. Elə, buna görə, onun başında duran nüfuz sahibi həmyerlilərimizə, eləcə də vaxtilə onların ətrafında toplaşıb, diaspor fəalı kimi özlərini tanıtmağı bacaran soydaşlarımıza ciddi iradlar tutulur:
“159 millətdən ibarət 3 milyon nəfərə yaxın əhalinin məskunlaşdığı Krasnoyarsk vilayətindəki Azərbaycan diasporu, əvvəllər, milli diaspor quruculuğu, onun inkişafı, habelə bu vilayətin ictimai-siyasi, mədəni-iqtisadi tərəqqisi naminə gördüyü alqışalayiq faydalı çox işlərə görə, daim fərqlənənlər sırasında öndə olub. Konkret desək, müxtəlif peşə, sənət sahibi olan 60 min nəfər azərbaycanlını özündə daha sıx birləşdirən, üzvlərinin sayına görə, tatar diasporundan sonra ikinci yeri tutan diasporumuz, özünü yüksək imicə malik ən nüfuzlulardan biri kimi tanıda bilib.
Yeri gəlmişkən, onu da qeyd edim ki, Rusiya Federasiyasının Mərkəzi və Şərqi Sibir ərazi dairələrinin ən böyük yaşayış məntəqəsi olan vilayət paytaxtında, bu regionda məskunlaşan 30 millətin hər birinin Krasnoyarsk Vilayət Milli – Mədəni Muxtariyyatlar Şurasının tərkibində fəaliyyət göstərən diaspor birlik qurumları – Milli – Mədəni Muxtariyyat təşkilatları var. Vaxtilə, saylarına görə, vilayətdə məskunlaşan rus, ukraynalı, tatar və almanlardan sonra beşinci yeri tutan həmyerlilərimizin birlik ideyalı ayrı-ayrı diaspor təşkilatları isə, Azərbaycan Milli – Mədəni Muxtariyyatında birləşməyə qərar veriblər. Azərbaycan mətbuatı da onda yazırdı ki, yarandığı gündən öz işini həmrəylik və birlik ideyalarından doğan prinsiplər üzərində qurmağa, yüksək səviyyəli fəaliyyətini müasir dövrün tələb etdiyi yeniliklərlə zənginləşdirməyə çalışan bu diaspor qurumumuz, az bir vaxt ərzində, ürəkaçan böyük uğurlar qazanıb. Elə, həmin yazılarda, iki il bundan əvvələdək diaspor xəttiylə əldə olunan bütün möhtəşəm nailiyyətlərimizin, sarsılmaz və olduqca faydalı bu birlikdən və həmrəylikdən qidalandığı xüsusi vurğulanırdı. O da qeyd olunurdu ki, bu istiqamətdə görülən bütün vacib işlərə təkan verən, sonda, qazanılan bütün böyük uğurların yekun xronikasında öz aydın ifadəsini tapan birlik və həmrəylik ideyası, ortada daha çox bariz nümunəsi olan bütün möhtəşəm uğurların əsas mənbəyi olub. Çünki bu sahədə tez bir zamanda yenilməzlik rəmzinə çevrilən, əldə olunan böyük inkişafın təminatçısı kimi dəyərləndirilən bu ideya bu vilayətdə məskunlaşan çoxsaylı həmyerlilərimiz arasında əlaqələrin qurulmasına güclü təkan verib. Bu, həm də əlaqələri ən yüksək səviyyəyə qaldıraraq, daha da möhkəmləndirib. Daha doğrusu, Krasnoyarsk vilayətində məskunlaşan həmyerlilərimiz uzun zaman “çəkici bir yerə vurmaqla” çox şeyə nail olublar. Nəinki vilayət paytaxtındakı, eləcə də Norilsk, Berezovsk, Şarıpovsk, Suxobuzimsk, Açinsk, Kansk… yaşayış məntəqələrindəki diaspor təşkilatlarında cəmləşən soydaşlarımız, Azərbaycan imicini yerli əhali arasında daha yüksəklərə qaldırmaq üçün, can-başla çalışaraq, əllərindən gələni əsirgəməyiblər.
Sözün həqiqi mənasında, diasporumuz gördüyü möhtəşəm işlərlə həmişə vilayətə səs salıb. Yerli əhali bizimlə daha çox maraqlanıb, alqışalayiq işlərimiz bizi nüfuz, hörmət-izzət sahibi edib. Çətin ki, bu böyük vilayətdə doğma Azərbaycanımızı tanımayan kimsə tapıla, onun haqqında həqiqətləri bilməyən kimsə qala. Vilayət, şəhər, qəsəbə və digər yaşayış məntəqələri rəhbərlərinin belə, burada məskunlaşan soydaşlarımıza qarşı həmişə səmimi münasibətləri, yüksək səviyyədə hörmət-rəğbətləri olub. Bunun xoş nəticəsidir ki, həmyerlilərimiz bu vilayətin ictimai, sosial, iqtisadi, mədəni həyatı ilə bərabər, siyasi həyatının da fəal iştirakçıları olublar – indi azərbaycanlılar arasında partiya, təşkilat fəalları çoxdur, üstəlik, deputatlar, vəzifə sahibləri də var. Bütün dediklərimin daha bir müsbət nəticəsi isə ondan ibarətdir ki, bu böyük vilayət Rusiya Federasiyasında Azərbaycan imicini yüksəldən doğma Vətən, xalq, millət sevgili milli diasporumuzun etibar və inam məkanı kimi də tanınıb. Lakin, nə qədər acı olsa da, məcburiyyətdən, daim təəssübünü çəkdiyim, nüfuzunun qalxmasına gedən çətin yolda bacardığımı etdiyim vilayət diasporumuzun durumunun son iki ildə ürəkaçan olmadığı barədə, danılması mümkünsüz həqiqətləri ortaya çıxarmağı lazım bildim.
Təəssüflər olsun ki, tarixin belə bir həssas məqamında, vilayətdəki diaspor təşkilatlarımızın başında duran nüfuz sahiblərinin bu sahədə illərlə qazandıqları təcrübə də, diasporumuzun son vaxtlar işinə öz töhfəsini vermir. Konkret desək, onlar, etdiklərini vicdan çərçivəsində düşünmür, doğma Vətən, xalq və millət mənafeyini göz önünə gətirmirlər. Ən dəhşətlisi odur ki, onları da, “saqqız oğurlamaqda mahir usta” olan, hətta öz dağıdıcı hərəkətləri ilə, nəhəng ölkə olan Rusiyadakı soydaşlarımızın icmalarını parçalamaqdan və diaspor qurumları daxilində gedən qalmaqalları böyütməkdən heç vaxt çəkinməyən, ayrı-ayrı şəhər və bölgələrdə fəaliyyət göstərən diaspor qurumlarımızın liderlərini “əllərində alətə çevirmək” və bu diaspor təşkilatlarının adından, birmənalı olaraq, dövlətimizə qarşı istifadə etmək üçün qurduqları iyrənc planlarını həyata keçirməkdə “dəridən-qabıqdan çıxan” separatçı təfəkkür sahibləri “saqqızları oğurlananların” sırasına qoşa biliblər.
Bunun daha bir pis nəticəsi isə odur ki, anti-Azərbaycan mövqeləriylə özlərini tanıdan, milli dövlətçiliyimiz əleyhinə yönələn, ortada açıq-aşkar düşmənçilik yaradaraq, nifrət doğuran milli və irqi çağırışlar etməkdən belə çəkinməyən separat təfəkkürlü düşmən qüvvələrin tərkibindəki diaspor təşkilatlarının adları altında etdiklərinə görə, əməlləri qatı cinayət təsiri bağışlayan, reputasiyaları təmiz olmayan bu adamlar həmin diaspor liderlərinin fəaliyyətlərini heçə endirməklə, onların ətrafındakı diaspor fəalı bir çox soydaşımızı da “ələ ala biliblər”.
Bir sözlə, belələri, dünyanın Rusiya Federasiyası kimi ən nəhəng bir dövlətinin ayrı-ayrı bir çox regionlarında olduğu kimi, artıq, bu boyda ölkənin regionları arasında böyüklüyünə görə ikinci yeri tutan, üstəlik, say baxımından ən çox soydaşımızın məskunlaşdığı Krasnoyarsk vilayətində çoxdan təşəkkül tapan, əvvəllər yüksək nüfuz sahibi olan milli diasporumuzun ürəkaçan işinə və xoşa gələn fəaliyyətinə qarşı da, Azərbaycan əleyhinə düşünərək, çoxdan hazırladıqları öz iyrənc planlarını işə sala biliblər. Dəhşət ondadır ki, regionda sürətlə dəyişən belə bir mürəkkəb geosiyasi vəziyyətdə, daha dəqiq desək, Rusiyaya və onun ətrafındakı postsovet ölkələrinə bir sıra Qərb ölkələri tərəfindən ciddi təzyiq göstərildiyi, bu nəhəng ölkədəki əqidələri təmiz, vicdanlı və Azərbaycan sevgisi böyük olan soydaşlarımızın millətlərarası sülh və dözümlüyü təmin etmək üçün çalışdıqları bir vaxtda, xarici ölkələrdəki diasporumuzu “əllərinə alıb, bir alətə çevirmək” istəyənlər, milli maraqlarımız əleyhinə işləməyi özlərinin həyat amallarına çevirmək arzusunda olanlar yenə dinc dayanmırlar”.
Qeyd olunanlarla bağlı, etibarlı mənbəmizin məlumatlarında göstərilənlər bir daha onu sübut edir ki, bəli, xarici ölkələrdəki milli diasporumuzun nüfuzuna silinməsi mümkünsüz ləkə vura və ciddi xələl gətirə biləcək inkaredilməz acı bir reallığımız da, artıq, ortadadır:
“Belə bir iyrənc planı, onların, Rusiyanın bu böyük vilayətindəki nüfuzlu milli diasporumuza qarşı da işə sala bilmələrinin acı nəticəsi göz qabağındadır — bir ildən çoxdur ki, Krasnoyarsk vilayətində məskunlaşan çoxsaylı həmyerlilərimiz “çəkici bir yerə vura” bilmirlər.
Məhz bu səbəbdəndir ki, bu diaspor qurumumuzun adına birbaşa xələl gətirən xoşagəlməz xəbərlər yayılır. Halbuki, ötən ilədək, ortada, 2004-cü ildən bu boyda bir regionda pərakəndə fəaliyyət göstərən diaspor təşkilatlarımızı qısa zaman ərzində özündə birləşdirməyə nail olan, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarında tayfa, qəbilə prinsipləri dominantlıq edəndə, diaspor sahəsində müxtəlif qruplar yaranan vaxtlarda, hətta rəsmi Bakıya qarşı zaman-zaman sərt mövqeləri ilə seçilənləri, diaspordan qalxan kimi istifadə etmək arzusunda olanları, diaspor işində öz bizneslərini qorumaq maraqları dayananları, bir qrup kimi, siyasi dairələrin əlində istifadə üçün yararlı vəziyyətə gətirilənləri, əsas məqsədləri, nəyin bahasına olursa-olsun, diasporumuzu parçalamaqdan ibarət olan məkrli niyyət sahiblərini, zaman-zaman öz həmyerlilərimiz arasında intriqa toxumu səpməklə məşğul olanları özlərinə yaxın buraxmayan, birmənalı olaraq, dövlətimizə qarşı istifadə olunanlara qarşı sərt mövqedə dayanan və Krasnoyarsk vilayət Milli — Mədəni Muxtariyyatlar Şurasının tərkibində yüksək səviyyədə fəaliyyət göstərən Azərbaycan Milli — Mədəni Muxtariyyatı Təşkilatının adına və fəaliyyətinə ləkə vura biləcək xoşagəlməz nəsə tapmaq mümkün olmadığından, kimsə barəsində xoşagəlməz nəsə deyə bilməyib. Konkret desək, onun ürəkaçan fəaliyyəti, Federasiyanın ayrı-ayrı bölgələrindəki diaspor təşkilatlarımızın fəaliyyətlərindən tamamilə fərqlənib. Di gəl ki, sonda, bu böyük regionda məskunlaşan həmyerlilərimizin birləşməsi məsələsində böyük ümidlər bəslədiyimiz bu təşkilat da, ciddi təhlükələrlə üz-üzə qalıb. Bir sözlə, diaspor liderlərinin və onların ətrafındakı diaspor fəallarının mövcud ağlagəlməz fəaliyyətləri, əvvəllər görülən möhtəşəm işləri günü-gündən heçə endirir”.
Bu yerdə, etibarlı mənbə məlumatlarındakı daha bir epizodu, nə qədər acı olsa da, oxucularımızın diqqətinə çatdırmaq istəyirik. Həqiqət budur ki, bu epizodda göstərilənlər vətənsevər insanlarda nifrət doğurmaya bilməz. Çünki bu epizodun “əsas qəhrəmanı” Vətənimiz Azərbaycanın maraqları əleyhinə işləməyi özünün həyat amalına çevirməkdən ləzzət alan, reputasiyası çirkli, məkrli niyyət sahibi bir milyonçudur. Dəhşət ondadır ki, Krasnoyarskdakı diaspor fəallarımızın, adı gurultulu qalmaqallarda hallanan, üstəlik, “düşmən dəyirmanına su tökən” bu anti-Azərbaycan mövqeli “tanınmışla” əlaqələrinin olduğu üzə çıxıb. Soydaşlarımız əleyhinə olan belə bir tükürpədici fakt isə, adamda birbaşa məyusluq yaradır.
Mənbəmiz ikrah doğuran və məyusluq yaradan həmin epizodu belə təsvir edir: “Çox təəssüf ki, Rusiyanın ayrı-ayrı regionlarında məskunlaşan soydaşlarımızın diaspor təşkilatları kimi, artıq, adı həmişə yüksəkdən çəkilən Krasnoyarsk diasporu da, separatçı təfəkkürə malik təhlükəli insanların əvvəlcədən düşünülmüş iyrənc planları ilə üz-üzədir. Ən dəhşətlisi odur ki, milli maraqlarımıza ziyan vurmağı əsas amalına çevirənlər, bu diasporumuzu da parçalamaq istəyir, onun fəaliyyətinə ciddi zərbələr vurur, işinin normal gedişinə əngəl yaratmaqdan belə çəkinmirlər. Onların bu iyrənc planları açıq-aydın görünsə də, bu, heç diaspor təşkilatlarının başında duran nüfuz sahibi soydaşlarımızı belə narahat etmir: Onlar tərəfindən bu ciddi məsələyə hansısa bir reaksiya görmürük! Bunun daha bir pis nəticəsi isə odur ki, belə getsə, bu diasporumuzdan da, çirkin məqsədlər üçün istifadəyə yollar açılacağı, onun adından, birmənalı olaraq, dövlətimizə qarşı istifadə olunacağı şübhəsizdir. Bütün bunlar, sadəcə olaraq, özümüzün özümüzə qənim kəsilməyimizin daha bir sübutudur və adamı dəhşətə gətirərək, hədsiz dərəcədə narahat edir.
Dəhşət doğuran daha bir hal isə ondan ibarətdir ki, Krasnoyarsk diasporunun fəalları kimi özlərini tanıdan soydaşlarımız arasında, bir vaxtlar həmyerlimiz qadınla evli olan, hətta bu evlilikdən bir qız övladı dünyaya gələn Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan əcnəbi biznesmen Almari Vael Süleymanla da, hərtərəfli əlaqəyə girənlər var. Doğma Azərbaycan təəssübü çəkən əsl azərbaycanlının isə, vicdanı buna yol verməməlidir. Çünki moldovalı iş adamı kimi tanınan Almari Vael mənfur düşmənlərimizə — erməni daşnaklarına xüsusi simpatiya bəsləyən bir milyonçu kimi də “məşhurlaşıb”. Elə, Ermənistana silah satmaqla, Azərbaycan əleyhinə istədiyini etməkdən çəkinmədiyinə görə, həmyerlimiz olan arvadı da ondan aralanmağa qərar verib. Və bunu edib də! Almari isə, — bu tamam ayrı bir iş olsa da, — bu işə siyasət də qata bilib. Yəni, bu adam, göz görə-görə, çəkinmədən, hüdudları aşmaqda israrlıdır.
Etdiyi bütün iyrəncliklər azmış kimi, Almari Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə də suçlanıb. Buna görə təyin olunan məhkəmə istintaqı zamanı isə, ictimai rəyi məsələnin əsl mahiyyətindən kənara ata bilib.
Yeri gəlmişkən, onu da qeyd etmək istərdim ki, vaxtilə PKK-ya silah satmaqda və “çirkli pulları yumaqda” ittiham olunan, eyni zamanda, bir neçə ölkənin beynəlxalq axtarışa verdiyi Almari Vael Süleyman öz milyonlarına güvənərək, hər bir azərbaycanlı kişisini əzməyə, eyni zamanda, ölkəmizin ictimai-siyasi situasiyası əleyhinə iş görməyə, internet və informasiya təhlükəsizliyini deşik-deşik etməyə hər an hazır olduğunu çox yerdə deməkdən belə çəkinməyib.
Çoxlarına o da bəllidir ki, özünü anti-Türkiyə mövqeyi ilə də tanıdan Almari Vael, həm də təhlükəli bir agentdir. Bəlli böyük güclərin adamı olan bu təxribatçı, vaxtaşırı, hansısa böyük dairələrə, ermənipərəst təşkilatlara, anti-Azərbaycan mövqeli qüvvələrə onu da çatdırır ki, cibinə milyonlar qoyub, Azərbaycanın ictimai-siyasi mühitini əziyyət çəkmədən “barmağına dolaya”, səfirləri, vəkilləri, hakimləri… “ələ ala bilir”. Gələcəkdə isə, bundan daha artığını edə biləcəyini də deyir.
Bu vacib məsələ, çoxdan, ciddi nəzarətə alınmalıydı, lakin biz bunu görmədik. Nə də ki, əlaqədar dövlət qurumları bu ciddi prosesə müdaxilə etmədi, bir vaxtlar “İnterpol”un axtarışa verdiyi Almari nəzarətə götürülmədi.
Bəli, Almarinin diasporumuzun işinə əngəl yaradan bəd əməlləri, həm də, düşmən “dəyirmanına su tökməkdən” betər bir biabırçılıq, milli diasporumuzun tarixinə vurulan qara bir ləkədir. Bunu dəfələrlə deyirik, di gəl ki, heç bir nüfuz sahibi diaspor lideri, rəsmi dövlət qurumu, bu ad altında min oyundan çıxan, istədiyini edən bu arzuolunmaz şəxs haqqında indiyədək ciddi bir ölçü götürməyib. Konkret desək, hələ də onun xətrinə dəyən tapılmayıb…
…Rusiya Federasiyasının qanunlarını pozaraq, bu dövlətin ictimai təşkilatlarını əllərinə almağa, dağıdıcı hərəkətləri ilə bu ölkədəki Azərbaycan icmasını parçalamağa çalışanların Azərbaycan dövləti əleyhinə tuşlanan belə hərəkətləri qatı cinayətdir. Bu isə, qəti şəkildə onu tələb edir ki, əlaqədar dövlət qurumlarının bu ciddi məsələyə rəsmi reaksiyaları qəti və kəskin şəkildə olsun…”.
…Vilayətdəki son seçkilərdə deputat seçilən, buradakı Azərbaycan diasporunun liderlərindən biri olaraq tanınan, uzun zaman azərbaycanlıların “Azəri” diaspor təşkilatına başçılıq edən, bütün bunlardan başqa, Krasnoyarsk Ağır Atletika Federasiyasının prezidenti vəzifəsini tutan, 2010-cu ildə — böhran dövründə klinikasını 10 mərtəbəyə qədər genişləndirdiyinə görə, “Delovoy kvartal” tərəfindən ilin adamı elan edilən, vilayət paytaxtındakı məşhur “Bionika” özəl klinikasının, “Taleh” tikinti və “Sibir Avia” şirkətlərinin sahibi kimi ad çıxaran, hətta bir vaxtlar, uğurlarını gözü götürməyənlər tərəfindən, adı, 2003-cü ildə faciəli şəkildə qətlə yetirilən Mahir İlyasovun cinayət işində hallandırılan Taleh Mahmudov, hər yerdə qənnadı məmulatları istehsalçısı “Oniks” şirkətinin sahibi olaraq təqdimatı verilən, hətta Rusiyanın nüfuzlu qəzetlərində, Dövlət Yol Polisi ilə əlaqədar bir vaxtlar baş verən böyük bir qalmaqalda, Yolların İdarə Olunması Dövlət Təşkilatının direktor müavini kimi günahkar olaraq barəsində yazılan, həmçinin vilayətdə baş tutan son seçkilərdə deputat seçilən digər soydaşımız Səməd Yusubov, eləcə də nüfuz sahibi digər həmyerlilərimiz barəsində, son vaxtlar danışılan xoşagəlməz söz-söhbətlərin əsas mahiyyəti də ondan ibarətdir ki, bəli, vaxtilə onların ətrafında birləşən diaspor fəallarımız da, artıq, Almari Vael kimi arzuolunmazlar tərəfindən “ələ alınıblar”.
Bütün bunları yazmaqda məqsədimiz, Taleh Mahmudov, Səməd Yusubov… kimi nüfuz sahiblərini, eləcə də onların ətrafında cəmləşən soydaşlarımızı ittiham etmək, qaralamaq, fəaliyyətlərinə kölgə salmaq deyil, bu həmyerlilərimizi, həmişə öz xoşagəlməz hərəkətləri ilə Azərbaycana, eləcə də Rusiya azərbaycanlılarına qarşı nifrət doğura biləcək işlərlə məşğul olanlardan çəkindirməkdir. Konkret desək, məqsədimiz kimlərləsə intriqa və düşmənçilik aparmaq yox, bir mətbu vasitə olaraq, bu diasporumuza birgə fəaliyyətə nail olmaqda, dövlətimizin maraqları əleyhinə olanlara qarşı vahid cəbhədən mübarizə aparmaqda yaxından köməklik göstərmək, doğma Vətənimizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafının qarşısını almağa çalışan düşmən qüvvələrə qarşı, soydaşlarımızın birgə mübarizələrini görməkdir. Ümumiyyətlə, xaricə üz tutub, ayrı-ayrı ölkələrdə məskunlaşan soydaşlarımızın hamısını bir olmağa, milli maraqlarımızı qorumağa, dövlətimizin başçısının Dünya Azərbaycanlılarının son qurultayındakı çıxışına uyğun fəaliyyət göstərməyə çağırırıq!
Doğrudan da, ölkəmizin beynəlxalq aləmdə tanınmasında və güclənməsində böyük rol oynaya biləcək diaspor təşkilatları ilə ciddi işləməyin, onlarla böyük işlər görmək üçün, fəaliyyətlərindəki iyrəncliklərdən təmizlənməsinin vacibliyinin tam zamanıdır. Əslində, Azərbaycan diasporu dövlətimizin xarici siyasətinin tərkib hissəsi olduğundan, bu sahəyə daim xüsusi diqqət ayırılmalıdır. Elə, bundan sonra da, doğma Vətən sevgili soydaşlarımızın toplaşdıqları güclü diaspor təşkilatlarının yaradılması və bu qurumlar vasitəsi ilə də, Azərbaycanımız əleyhinə qara yaxan mənfur düşmənlərimizin layiqli paylarını almaları, onların dövlətimizin mənafeyi naminə çalışmalarının hesabını vermələri mümkün olar. Bunu, hər vaxt doğma Vətənimizin gələcəyi də tələb edib! Axı, diaspor da millətin ordusudur. Elə, xarici ölkələrdəki Azərbaycan diasporu öz alqışlayiq hərəkətləri ilə, Qarabağda tarixi zəfər çalan Milli Ordumuzun bir qolu olduğunu da bir daha təsdiqlədi. Millətin və dövlətin xarici ölkələrdəki təmsilçisi olan bu ordunun kimlərinsə əlində siyasi alətə çevrilməsinə imkan verilməməlidir.
Hələlik bu qədər…
Sonda, onu da qeyd etməyi lazım bildik ki, indiyədək redaksiyamıza ötürdüyü məlumatlarındakı faktların dəqiqliyinə zərrə qədər də şübhə yeri qalmayan etibarlı mənbə sahibi — Rusiyada yaşayan, fəal diasporçu olaraq yaxşı tanınan, doğma Vətən təəssübünü çəkməyi bacaran həmyerlimiz, diaspor təşkilatları başında duranların və onların ətrafındakıların xoşagəlməz əməlləri barəsində bizə ötürdüyü və bunların əsasında hazırladığımız bu yazıdakı ciddi faktları aidiyyatı dövlət qurumlarına və təşkilatlara ünvanlamağımızı, bu səviyyədə narahatlıq doğuran həmin ciddi məsələlərə, hərtərəfli araşdırılaraq, təcili hüquqi qiymət verilməsini vacib bilir. Xüsusi olaraq onu da qeyd edir ki, bu istək təkcə onun özünə deyil, həm də Krasnoyarsk vilayətində məskunlaşan doğma Vətən sevgili soydaşlarımızın əksəriyyətinə aiddir…
Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
REDAKSİYADAN:
Dəyərli oxucularımızın diqqətinə çatdırırıq ki, son vaxtlar araz.az-ın redaksiyası Rusiyadakı etibarlı mənbələrdən, yuxarıda qeyd olunanlara bənzər məyusedici bir çox məlumatlar da əldə edib. Həmin məlumatlardakı faktlar da, Federasiyasının ayrı-ayrı bölgələrindəki diaspor qurumlarımızı ələ keçirərək, ölkəmiz əleyhinə məkrli planlar əsasında qorxub-çəkinmədən işləyənlərin, Azərbaycan üçün, Rusiya kimi böyük bir ölkədə heç vaxt uğurlu təmsilçi olmayanların iyrənc əməlləri barəsindədir. Bütün bunlar isə, doğma Vətənini sevən hər kəs kimi, bizi də, olduqca narahat edir. Çünki, yaxşı bilirik ki, müstəqilliyini olmazın çətinliklər hesabına yenidən bərpa edən doğma Azərbaycanımızın, onun xarici siyasətinin tərkib hissəsi olan güclü diaspor təşkilatlarına daha çox ehtiyacı var. Lakin ayrı-ayrı bir çox diaspor təşkilatlarımızın başında duranların və onların ətrafındakı soydaşlarımızın fəaliyyətlərində Vətən, xalq, millət mənafeyi göz önünə gətirilmir. Belələri öz əməllərindəki çox şeyi vicdan çərçivəsində düşünmürlər. Bu səbəbdən, əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycan diasporunun Rusiya kimi böyük bir ölkədə yüksək səviyyədə formalaşmasına, hələ də, tam nail olunmayıb.
Hamıya o da məlumdur ki, diaspor quruculuğu sahəsində Rusiya Federasiyasında əvvəlcə güclü gedən işimiz, sonradan, bir çox diaspor təşkilatlarımızın daxilində, eləcə də ayrı-ayrı diaspor qurumlarımız arasında başlayan, getdikcə böyüyərək, hətta ictimai qınağa çevrilən intriqa, çəkişmə və qalmaqallar nəticəsində, getdikcə daha da zəifləyib. Qalmaqallar məkanı olaraq cəmiyyətə təqdim olunan belə diaspor təşkilatlarının rəhbər heyətlərinin yarıtmaz fəaliyyətləri, ümumiyyətlə, xaricdə fəaliyyət göstərən bütün diaspor qurumlarımızın normal fəaliyyətlərinə müəyyən mənada mənfi təsir göstərib, elə, indi də göstərməkdədir.
Bütün bunlara görədir ki, əldə etdiyimiz həmin məlumatlar əsasında, tezliklə, belə bir aqibətlə üzləşəcəyi əvvəlcədən gözlənilən Novokuznetsk, Kemerovo, Rostov, Samara, Perm və digər bölgələrdəki diaspor təşkilatlarımızı ələ keçirən “diaspor fəallarının” xoşagəlməz rəhbər fəaliyyətləri barəsində geniş araşdırma yazıları dərc etməyi, bu ciddi məsələni hərtərəfli ictimailəşdirməyi planlaşdırırıq. Rusiya Federasiyasının bu regionlarında məskunlaşan soydaşlarımızı bir-birləri ilə yaxınlaşdıran diaspor təşkilatlarının hazırkı fəaliyyətlərinə, hər kəsin özünün qiymət verməsini məsləhət bilirik: Qoy, kimin kim olduğu barədə, bu yazıları oxuyanların özləri bir nəticə çıxarsınlar!
araz.az xəbər portalı.