Azərbaycan xalqının tarixində bənzəri olmayan faciələrdən biri, məhz 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı sakinlərinə qarşı törədilən qətliam oldu. Qeyd edək ki, həmin gecə başdan-ayağa silahlanmış işğalçı Ermənistanın silahlı qüvvələri RF-na məxsus 366-cı motoatıcı alayın köməkliyi ilə Xocalı şəhərini işğal edib, şəhərdə və ətraf ərazilərdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmələr həyata keçirdilər. Yəni, həmin gecə ələ keçirilən sakinlərdən bəziləri qətlə yetirildi, bəziləri girov götürüldü, bəziləri isə minbir əzab-əziyyətlə canlarını götürüb qaça bilirlər. Ermənilərə girov düşənlərin çoxu Xankəndidə saxlanılır və onların saxlanma şəraitləri kəskin dərəcədə qeyri-qənaətbəxş olur, hətta həmin şəxslərə qarşı insanlığa sığmayan zoraklıqlar da tətbiq olunur. Xocalı Ermənistanın işğalçı ordusu tərəfindən ələ keçirildikdən sonra, sakinlərinə məxsus daşınan və daşımaz əmlaklar Xankəndidə və ətraf məntəqələrdə yaşayan ermənilər tərəfindən ələ keçirilərək mənimsənilir. Baş verən bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və daha yuxarı yaş həddində olanlar olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilir, 8 ailə tamamilə məhv edilir, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirir. Naxələf düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər Xocalı sakini yaralanır, 1275 nəfər isə əsir götürülür. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadının, 26 uşağın taleyi hələ də məlum deyil.
Ümumiyyətlə, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan xalqının milli faciələrindən, həmçinin bəşər tarixinin ən qanlı səhifələrindən biri hesab olunan və erməni quldur dəstələri tərəfindən törədilən qanlı Xocalı faciəsi baş verdikdən sonra, bu qətliamla bağlı siyasi çevrələrdə çox ciddi müzakirələr aparıldı. Düzdür, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider, mərhum prezident Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra aldı və həmin vaxtdan Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üçün lazımi tədbirlər keçirilməyə başlanılır. Onu da bildirək ki, 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis fevralın 26-nı Xocalı Soyqırımı Günü elan etdi. Hal-hazırda dünya ictimaiyyətinə Xocalı həqiqətlərinin çatdırılması istiqamətində ciddi addımlar atılmaqdadır. Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində, bir çox beynəlxalq təşkilatlar, dünyanın söz sahibi olan dövlətləri münaqişənin kökləri, başvermə səbəbləri, həmçinin nəticələri haqda daha ətraflı məlumatlandırılırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə, hər il həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kompaniyası çərçivəsində də tədbirlər keçirilir. Məhz, belə bir tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırım olması faktı dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanınıb.
Bəli, bu qanlı faciəsinin baş verməsinin əsas səbəbi Ermənistanın işğalçı dövlət olması və bu yöndə özünəməxsus siyasətini həyata keçirməsi olur. Düzdür, ötən illər ərzində elə siyasi simalar, yaxud da fərdi şəxslər oldu ki, faciənin baş verməsində 1992-ci ildə ölkəmizə rəhbərlik etmiş siyasi və hərbi rəhbərliyi müəyyən qədər günahkar bildilər. Bəlkə də həmin şəxslər belə bir ittihamlarını irəli sürərkən 1992-ci ilin ab-havasını, ictimai-siyasi vəziyyəti və bir çox amillərin varlığını nəzərə almadan belə bir yanaşmalarını ortaya qoyurlar. Onu da qeyd edək ki, Almaniyanın Münhen şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr zamanı, bir daha Xocalı faciəsi faktı müzakirə mövzusu oldu. Təqribən bir saata yaxın vaxt ərzində keçirilən panel müzakirələr zamanı, Ermənistanın siyasi cəhətdən yetkin olmayan, həmçinin savadsızlığı ilə hər kəsə özünü güldürən baş naziri Nikol Paşinyan, Xocalı faciəsinin baş vermə səbəblərinə toxundu və “Bu faciəni Azərbaycanın müxalif qüvvələri törədib. Bununla bağlı sabiq prezident Ayaz Mütəllibov RF-nin aparıcı mətbu orqanlarına verdiyi müsahibəsində bildirib” deyə fikirini ifadə etdi. Belə bir ittihama Prezident İlham Əliyev tutarlı və əsaslandırılmış cavab verdi və “Bu cür qondarmalar vaxtilə Moskvada çalışan erməni jurnalistlərin düzüb-qoşduqları təxəyyülün məhsuludur” deyərək, işğalçı ölkənin baş nazirini yerində oturtdu. Çox keçmədi ki, Nikol Paşinyanın sərsəm və məntiqsiz ittihamına eks-prezident Ayaz Mütəllibov da cavab verdi. Belə ki, o, mediaya açıqlamasında “Mən belə söz deməmişəm, bu iddia tamamilə ağ-yalandır. Bəli, qeyd etmişdim ki, həmin dövrdə müxalifətin hərəkətləri nəticəsində Azərbaycanda daxili vəziyyət qarışıq idi. Ermənistan tərəfi daim bu məsələni müzakirəyə çıxarır. Amma belə iddia həm də gülməlidir. Təbii ki, Prezident İlham Əliyev debatda Paşinyana tamamilə doğru cavab verdi” deyə vurğulayır.
Onu da qeyd ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımının işıqlandırmasında Azərbaycanın Milli Qəhrəmanı mərhum Çingiz Mustafayevin rolu olduqca böyük olur. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidmətini, məhz Xocalıda törədilən erməni vəhşiliklərini lentə alır. Belə bir addımın atılması, erməni vandalizmi, onların azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında hər kəsin lazımi məlumatları əldə etməsinə imkan yaradır. Bir daha yada salaq ki, Xocalının müdafiəsi zamanı yeddi nəfər Azərbaycanın Milli Qəhrəmanı keçirilən döyüş əməliyyatarında yaxından iştirak edirlər və onlardan şəhid olmuş Şöhrət Həsənov, ölümündən sonra Azərbaycan Respublikasının prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunur. Milli Qəhrəman Allahverdi Bağırov isə, üç gün ərzində erməni polkovniki Vitali Balasyanın vasitəsilə 1003 nəfər Xocalı sakinini erməni əsirliyindən xilas edir.
Ümumiyyətlə, quldur erməni dəstələrinin Xocalını hədəfə almaqda başlıca məqsədləri, bu şəhəri yer üzündən silmək idi. Çünki, Xocalı elə bir yaşayış məskəni idi ki, bu şəhərin yerləşdiyi ərazi Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrümüzə qədər olan tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bəli, bu mədəniyyət tariximizə Xocalı-Gədəbəy mədəniyyəti kimi daxil olub. Xocalıda bir çox maddi-mədəniyyət abidələrinin, həmçinin müxtəlif növ məişət əşyalarının olması insan cəmiyyətinin bu ərazilərdə inkişaf dinamikasını özündə əks etdirir. Bu şəhər erməni işğalı nəticəsində ələ keçirildikdən sonra bütün maddi mədəniyyət abidələrinin, dünyanın ən qədim məzarlıqlarından biri hesab olunan Xocalı qəbiristanlığının ağır texnikaların vasitəsilə darmadağın edilməsi, birbaşa erməni vandalizminin bariz nümunəsi olmaqla bərabər, həm də dünya mədəniyyətinə qarşı törədilmiş zorakılıq aktı oldu.
Hal-hazırda Xocalı soyqırımının beynəlxalq səviyyədə daha geniş tanınması, məhz xarici siyasətimizin əsas prioritet istiqamətlərindən birini təşkl edir. Belə ki, Azərbaycandan başqa Xocalı faciəsi tam səviyyədə qətliam kimi Pakistan və Sudan dövlətləri tərəfindən tanınıb. Eyni zamanda, bu faciə Meksika, Kolumbiya, Çexiya, Bosniya, Hersoqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Ruminiya və Şotlandiya dövlətlərinin parlamentləri səviyyəsində də qəbul olunub. Bundan əlavə, ABŞ-nın 22 ştatında Xocalını qətliamını tanıyan sənəd qəbul olunub. Hazırda bu qətliam ölkəmizdə “Xocalı soyqırımı”, “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılmaqdadır.
Bu gün bizi Xocalı faciəsindən 30 illik tarixi bir zaman ayırır və hər il xalqımız faciə qurbanlarının xatirələrini etiramla yad edib, ruhları qarşısında baş əyirlər və müxtəlif növ tədbirlər də keçirirlər. Əslində belə tədbirlərin həyata keçirilməsinin bir rəmzi mənası var, o da Xocalı qurbanlarının xatirələrini bir daha etdiramla yad etməkdir. Bu cür tədbirlərin keçirilməsi onu sübut edir ki, Ermənistan işğalçı dövlətdir və tarixən bu dövlətin strateji hədəflərindən biri azərbaycanılara qarşı soyqrım aktlarını həyata keçirmək olub. Ona görə də, Xocalı qətliamı XX əsr Azərbaycan tarixinin ən dəhşətli faciəsi olaraq taximizə düşdü. Biz sülhsevər xalq olaraq bu faciəni heç zaman unutmayacağıq və daim erməni vandalizmini lənətləyəcəyik.
Leyla SÜLEYMANOVA,
Xətai rayon qeydiyyat şöbəsinin rəisi.
araz.az xəbər portalı.