taleh43Zelenskinin “şoumen” adlandıranda qıcıqlananlar bu sualı nədənsə səsləndirmirlər

QISA XATIRLATMA

Bu günə qədər Rusiya-Ukrayna savaşı ilə bağlı şərhlərimdə bircə cümlə də olsun yoxdur ki, özünü doğrultmasın. Bu, heç də mənim qeyri- adi öncəgörmə xüsusiyyətinə malik olmağımdan deyil, “niyə baş verir”, “nə baş verir”, “necə yekunlaşacaq” kimi əsas suallara emosiyasız və neyrtal baxa bilməyimdən qaynaqlanır. Nə Rusiyanın, nə də Ukraynanın məlumatlarına inanır, heç bir tərəfin propoqandasının təsirinə düşmürəm. Əlbəttə, Consonun, Makronun, Ərdoğanın və digər dünya liderlərinin açıqlama və fəaliyyətlərini də izləyirəm, amma etiraf edim ki, əsas qənaətlərimi Co Baydenə istinadən hasil edirəm. Çünki bu savaş məhz ABŞ prezidentinin planına uyğun gedir.

RUSİYA İŞĞALÇIDIR!

Əgər bir dövlət BMT üzvü olan başqa bir dövlətin ərazisində hərbi əməliyyat aparırsa, bunun səbəbləri və elan edilən məramları nə olursa-olsun, adı işğaldır. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və xalqların öz müqəddəratını təyin etmək hüququ bəşəriyyətin gəldiyi nöqtədə toxunulmaz idi. Ancaq Rusiya Ukraynaya qoşun yeritməklə hər üç bəşəri və uluslarüstü prinsipi pozdu, ayaqlar altına aldı. Bununla beynəlxalq arxitektura çökdü.

UÇAN UKRAYNA, UÇQUN ALTINDA QALAN RUSİYA

Beynəlxalq arxitekturanın çökməsininin ilkin nətcələrini bircə cümlə ilə ifadə edəsi olsaq, yuxarıdakı yarımbaşlığı söyləyə bilərik. Bu nəticədən yaranan bir sual var:

PUTİN UÇQUN ALTINDA QALACAĞINI GÖRMÜRDÜMÜ?

Rusiyanın Ukraynada işğal əməliyyatına başlamasının üç əsas səbəbi var.

1) Rusiyanın imperiya zehniyyəti;
2) Vladimir Putinin həmin zehniyyətə əsasən Ukraynaya baxış açısı;
3) Dünyada dəyişən şərtlərə qarşı Rusiyanın dövlət refleksləri.

Rusiya imperiya zehniyyəti ilə Ukraynanı öz əyaləti, quberniyası sayır, onun ayrı xalq və müstəqil dövlət olmaq faktını tanımır. Vladimir Putin öz məşhur məqaləsində bütün bunları açıq yazır. Cənab Putinin həmin məqaləsi, etiraf edək ki, olduqca konseptualdır, amma metodoloji olaraq dünyada getmiş millətləşmə prosesini görməzlikdən gəldiyindən Ukrayna xalqı və dövləti barədə obyektiv nəticə çıxarmır. Ukrayna xalqı rus xalqı deyil, Ukrayna da Rusiya deyil. V. Putin hazırda məhz bu gerçəkliyin üstündən tankla keçmək istəyir. Fəqət onun bu niyyət müqabilində başına gələcəkləri hesablamaması, “Ukraynada rus əsgərini gül-çiçəklə qarşılayacaqlar” kimi saxta məruzələrin təsirinə düşərək hərəkət etməsinə inanmaq da olmur.

Bəli, Putin kimi liderlər tarix və güc zəhərlənməsinə məruz qala bilərlər, qalıb da, amma heç zaman çoxbaşlı kombinasiyalar qurmadan, ən müxtəlif ehtimalları hesablamadan addım atmazlar. Xüsusən də, Rusiya prezidentinin hansı bioqrafiyaya sahib olduğunu nəzərə alanda, onun bir məsələ haqqında onlarla mənbədən informasiya almaq vərdişinin olması təbiidir. Üstəlik, bu gün çox açıq şəkildə üzə çıxır ki, Rusiya bu müharibəyə istər ekonomik, istər hərbi, istərsə də digər aspektlərdən illərlə hazırlaşıb. Bəs, belədə

EVDƏKİ HESAB ÇARŞIDA NİYƏ DÜZ ÇIXMIR?

1) Rusiya “zamanın ruhu”na qarşıdır.

2) Rusiya bürokratik dövlətdir, bürokratiya korrupsiyaya uğrayıb və oliqarxların təsirinə düşüb.

3) Rusiya KQB dövlətidir, KQB bir dəfə uduzduğu NATO ağlı ilə üz-üzə qalıb.

4) Rus ordusu hazırda 60-70 illərin arsenalını cəngə çıxardıb.

Bu, bir tərəfdən başa düşüləndir. Ancaq məsələ həm də odur ki, Rusiyanın yeni nəsil silahları heç yoxdur da. “Bayraqdar” PUA dünyasında xatiri sayılır bir drondur, rus texnikasına qarşı Ukraynada möhtəşəm uğur sərgiləyir, amma ABŞ- ın, Fransanın malik olduğu İHV- lər yanında “sıradan bir aparat” kimi görünə bilər. İndi özünüzü düşünün, “Bayraqdar”ın yerinə Ukraynada ABŞ, Fransa PUA- ları havaya qalxsaydı, rus texnikasının halı necə olardı?

Ən maraqlısı budur ki, V. Putin də bu sualı verir və cavabını bilirdi. Onun Fransa prezidenti Makronla 6 saatlıq görüşündən sonrakı mətbuat konfransında dediklərini xatırlayaq. Putin vurğulayırdı ki, Rusiya ordusu NATO ordusundan geridə qalır, ancaq nüvə silahına malikdir: “Müharibənin qalibi olmayacaq”.

Əgər o qədər təcrübəli bir siyasi xadim qalib olmayacağını bilə-bilə savaş əmri verirsə, deməli, Rusiyanın dövlət reflekslərinə toxunan ciddi məsələlər var.

DÜNYANIN ƏSL NİZAMI: CƏNGƏLLİK QANUNU!

Rusiyanın Ukraynaya göstərdiyi savaş səbəbləri- Kiyevdə faşistlərin iqtidarda olması, yaxud atom bombası istehsalı- yumşaq desək, blefdir. Əsl səbəb budur ki, dünyada yazılmış nizam qaydalarından çox, yazılmamış qanunlar keçərlidir. Bu qanunlar bizim daş dövründəki əcdadlarımızdan və onların yan-yörəsindəki cəngəlliklərdə məskunlaşan canlılardan qalan prinsipləri ehtiva edir. Bir şirin, bir canavarın, bir pələngin ovlaq sahəsinə başqa kimsə girməməlidir. Əgər bu gün kimsə ABŞ-ın qonşu olduğu bir dövlətdə öz bazasını qurarsa, ABŞ dünyanı dağıdar. Əgər İran nüvə silahına malik olarsa, bu, Türkiyəyə “keçmiş olsun” deməkdir. Qısacası, geopolitikada bu gün qulağının dibində qurulan bazalara göz yumarsansa, sabah o bazadan çıxıb qulağını kəsərlər.

Rusiya başa düşdü ki, bu gün çevrəsində gedən proseslərə göz yumsa, sabah daha ağır şərtlərlə üzləşəcək.

Odur ki, bu gün verdiyi qərarların neqativ nəticələri ilə sabahkı şərtləri tutuşdurub daha yüngül olanını seçdi.

RUSİYA BİR NEÇƏ AYA VƏ İLƏ ÇÖKƏCƏK BİR DÖVLƏT DEYİL

Çox təəssüf ki, bizim “FB analitiklər”i məhz bunu anlamır. Co Bayden belə ölkəsini bu gerçəkliyə hazırlayır, amma bizim sosial şəbəkə əhli rəhmətlik Vəfa Quluzadə sayaq gündə beş dəfə Kremlə bayraq sancır. Rusiya-Ukrayna savaşının aktiv fazası maksimum 6 ay çəkə bilər. Hərbi müşahidəçilər arasında indi üstünlük qazanan ehtimala görə isə, savaş uzağı mayda bitəcək. Ukraynanın bu savaşdan qalib çıxmaq şansı, demək olar ki, yoxdur. Az qala bütün şəhərləri raket zərbəsinə tuş gəlib, itkilər, dağıntılar, köçkünlər var, dövlət kimi xarizması yerlə birdir. “Ukraynaya eşq olsun” deməklə, Zelenskini sessiyalarda ayaq üstdə alqışlamaqla dövlət xarizmasını qorumaq olmur. Ukraynaya kənar dəstəksiz, sadəcə, bu yaraları sağaltmağa 40-50 il zaman lazımdır. Bütün hallarda, Ukraynanın taleyini artıq ukraynalılar və rəsmi iqtidarı deyil, Putin, Bayden, Conson, Makron, Ərdoğan, rol ala bilsə, Polşa prezidenti müəyyən edir.

UKRAYNA BU HALA NİYƏ DÜŞDÜ?

Ukraynanın düşdüyü acı durumu V. Zelenski ilə bağlamaq mümkün deyil. Ukraynanın faciəsi o gün başladı ki, əlindən nüvə silahını aldılar. Vaxtilə avropalılar amerikanı kəşf edəndə hindulara muncuq verib, əllərindəki qızılı, almazı alırdılar. Ukraynaya da Avropa İttifaqını və NATO-nu “muncuq” kimi göstərib, nüvə silahlarını aldılar. Bütün post-sovet ölkələri kimi Ukrayna da müstəqilliyini Rusiaydan qazanıb və qalan ölkələrin hər birindən daha çox onun Moskva ilə məsafə saxlamasına ehtiyacı vardı. Əks halda, Belarus olardı. Ukrayna Belarus olmamaqla bu günkü darmadağın Ukrayna olmağın “qızıl ortası”ndan keçən yolla irəliyə bilmədi. Buna Ukraynanın sürükləndiyi “məxməri inqilab” layihəsi imkan vermədi. Qərbin sosial mühəndisləri ilə siyasi mühəndisləri birləşib Zelenskini iqtidara gətirdilər. Elmdə “siyasi sosilallaşma” deyilən bir anlayış var. Zelenski “Xalqın xidmətçisi” filminə qədər bir gün də olsun siyasətlə məşğul olmamış, siyasi sosiallaşma keçməmişdi. Onun partiyasını da rəsmi şəkildə produksiya şirkəti qurmuşdu. Korrupsiyaya bulaşmamışdı, amma Kolomoyskinin pulları ilə seçki kampaniyası aparırdı. Ən başlıca sual isə budur və Zelenskinin “şoumen” adlandıranda qıcıqlananlar bu sualı nədənsə səsləndirmirlər: Volodimir müharibəyə qədər və müharibə ərzində bircə gün də olsun bütün məsuliyyəti üzərinə götürərək, müstəqil qərar verib, siyasət yürüdübmü? Populizmdən uzaq kimsənin bu suala müsbət cavab verməsi mümkün deyil.

UKRAYNANIN MÜDAFİƏ TAKTİKASI

Başlanğıcda məlum oldu ki, Ukraynanın gözlənilən hücuma qarşı heç bir ciddi müfafiə planı yoxdur. Ən elementar şəkildə təkərdən barrikadalar belə qurulmamışdı. Ukrayna HHMS dərhal sıradan çıxarıldı, Rusiya sürətlə irəliləməyə başladı. Bu, Ukraynanın ziyanına, ancaq ABŞ-ın planına uyğun idi. Çünki məqsəd Putini savaşa çəkməkdirsə, Ukrayna sərhədinə toplanan qoşun ölkənin içinə girməli idi. Rus qoşunları Ukraynanın içinə girdikcə, ordu xalqla birləşdirildi- Birgə Müdafiə Bölmələri yaradıldı. Artıq rus ordusunun qarşısında hərbçilər deyil, həm də xalq vardı. Gerçəkliyin dibində isə rus ordusu NATO ağlı və cihazları ilə qarşılaşmağa başladı. Zelenski heç bir dövlət başçısının özünə rəva görməyəcəyi şəkildə, çox güman ABŞ-dan aldığı təlimatla legionerləri açıq şəkildə Ukrayanaya dəvət etdi, onları savaşın bir parçasına çevirdi. Bu andan etibarən müharibə Ukrayna üçün də, Rusiya üçün də “əndazədən çıxıb” tamamilə üçüncü qüvvələrin ixtiyarına keçdi.

ABŞ HAVA SAHƏSİNİ NİYƏ BAĞLAMIR?

Quruda və dənizdə kimin nə qədər qüvvəyə malik olması hərbin nəticələrinə təsir edən əsas amil deyil. Hava sahəsinə hakim olmadan müasir dünyada heç bir müharibəni udmaq olmaz. Ukrayna yalvarır, hava sahəmizi qapayın, qalanını özümüz həll edərik deyir. Nədən? Cavabını biməyənlərə izah edim. Rusiya 1 milyon şəxsi heyəti olan ordusunu və bütün texnikasını Ukraynaya yeridəcək deyil. Uzaqbaşı 250 minlik qoşun çəkəcək ki, bu da Ukrayna ordusunun sayına bərabərdir. Hücum edən tərəf 3 qat üstünlüyə malik olmalıdır. Say bərabərdirsə, hava məkanı da müdafiə olunan tərəfin nəzarətindədirsə, o əməliyyat bir həftəyə bitər, hücum edən şil-şikəst qalar. Bəs, hava məkanı bağlamayanda nə olar? Müharibə uzanar, şəhərlər xaraba qalar, təlafat artar, düşmənçilik böyüyər. Ukrayna hava məkanının bağlanması ABŞ üçün mümkünsüz deyil, deyilənlər blefdir. Suriyada məhz Rusiyaya qarşı ABŞ-ın bu addımı atdığı faktdır. Bu da faktdır ki, indiki savaşda Ukraynanın hava məkanı nəinki bağlanır, hətta Polşadakı sınıq-salxaq sovet uçaqlarını belə Ukraynaya təslim etməyə kimsə cürət eləmir. Bizim bəzi hərşeyoloqlar isə yazırlar ki, “dünya nəhayət haqqın yanında oldu”. Eh, bu dünya heç zaman haqqın yanında olmayıb, olmayacaq da, çünki dövlətlər göz yaşlarına deyil, maraqlarına baxarlar.

BİZİM MARAQLARIMIZ

Yəqin görmüsünüz, Ukrayna Fransada film nümayiş etdirir, Eyfelin vurulmasını simulyasiya edir. Bununla Fransa cəmiyyətinin və dolayısı ilə siyasətçilərinin dəstəyini qazanmağa cəhd edir. “Azərbaycanın taleyi Ukraynada həll olunur” tezisi də məhz bu propoqandanın bir həlqəsidir. Ukrayna savaşının nəticələri bütün dünyaya, o cümlədən bizə də təsir göstərəcək. Bu, birmənalıdır. Rusiyanın Ukrayna savaşından qalib çıxmasının bizim müstəqilliyimiz üçün yeni təhdidlər formalaşdırması da aydındır. Ancaq bu savaş heç bir halda və formda bizim savaşımız deyil!

Bizim dövlət və cəmiyyət olaraq bütün fəaliyyətimiz ona yönəlməlidir ki:

1) Ukraynada püskürən lava bizə sıçramasın;

2) Tərəf tutmaq məcburiyyətində qalmayaq;

3) Kimin qalib, kimin məğlub, kimin orbitr olmasından asılı olmayaraq regional oyunçu kimi özümüzü təsdiq edək və yeni dünya düzənində maksimum böyük rol alaq.

Taleh ŞAHSUVARLI

araz.az xəbər portalı.