“Baş nazir Paşinyan Baş Qərargah rəsini işdən çıxarmaqla Müdafiə Nazirliyinin belini qırdı. Axı müharibə şəraitində olan Ermənistanda Baş Qərargah rəisi niyə olmamalıdır? İndi uşaqdan böyüyə hamı bilir ki, hərbi əməliyyat şəraitinə birbaşa Baş Qərargah nəzarət edir. Mənə deyə bilərsinizmi, bu ölkədə nə baş verir?”
araz.az xəbər verir ki, bu fikirləri birinci Qarabağ müharibəsində əli qana batan erməni general Norat – Ter Qriqoryants bildirib. O, Pastinfo-ya müsahibəsində bir sıra sərsəm fikirləri ilə gündəmə gəlib.
Ter Qriqoryants qeyd edib ki, əgər Baş Qərargah faktiki yoxdursa, deməli, müharibə şəraitində yeganə qərar verən şəxs ölkənin Ali Baş Komandanı, yəni Baş Nazir olur:
“Bəs o baş nazir nə edir? Məncə, o, mümkün olan və olmayan hər şeyi edir ki, düşmən birbaşa Ermənistan Respublikasının sərhədlərinə hücum etsin. Bu, əslində, hərbi cinayətdən başqa, həm də dövlətə xəyanətdir, həmin hakimiyyətin Ermənistana, erməni xalqına qarşı həyata keçirdiyi düşmənçilikdir”.
General vurğulayıb ki, “Biz onlara səmərəli ordu buraxdıq. Amma indi nə baş verir? Bayraktarlar Qarabağ səmasında dövrə vurarkən ölkənin Ali Baş Komandanı tərəfindən hansı addımlar atılır? Siz bilirsinizmi, artıq qurbanlarımız var”.
Norat – Ter Qriqoryants müsahibəsində daha sonra deyib: “Türklər heç bir ciddi müqavimət göstərmədən erməniləri qovub bütöv bir kəndi boşaldırlar. Vəziyyət belə davam edərsə, Azərbaycan mütləq Ermənistan sərhədlərində eyni əməlləri həyata keçirəcək. Mən heç Geqarkuniki, Araratı, Süniki demirəm. Türkiyə və Azərbaycan can atır ki, erməniləri bu bölgədən tamamilə qovsun.
Ermənistan hakimiyyəti məkrli, satqın davranışları ilə düşmənə yalnız kömək edir. Bunun konkret olaraq belə olmadığına məni kim inandıra bilər? Axı 44 günlük müharibənin ilk günlərindən dərhal öz peşəkar köməyimi təklif etdim, lakin onların əvvəlcədən planlaşdırdıqları planları pozacağımdan qorxduqları üçün rədd edildim. Bax, söhbət bundan gedir. Döyüş yoldaşlarım İrəvandan mənə davamlı olaraq zəng edirlər. Amma təəssüf ki, heç nə edə bilmirəm, heç nə… Bu, ağrılı faciədir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.