“Azərbaycanın müstəqilliyinin ilk illərində Rusiya ilə gərgin münasibətləri ümummilli lider Heydər Əliyevin sayəsində normallaşdı. Bəzi hallarda ziddiyyətlər olsa da, ümumilikdə münasibətlərimiz qarşılıqlı hörmət əsasında inkişaf edib. Burada Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin şəxsi münasibətləri də xüsusi rol oynayır. Ən çətin anlarda şəxsi münasibətlər sözünü deyib. Fevralın 22-də Rusiya ilə Azərbaycan arasında imzalanan Moskva bəyannaməsi indiyə qədərki münasibətlərin zirvəsi idi. Faktiki Rusiya və Azərbaycan müttəfiqdir. Təəssüf ki, Rusiyanın xarici siyasətində anlaşılmalıq var. Rusiya Müdafiə Nazirliyinin martın 26-da yaydığı açıqlama təəssüf hissi doğurur, bu, müttəfiqlik münasibətlərinə ziddir”.
araz.az bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
V.İskəndərov qeyd edib ki, Azərbaycan suveren ərazilərində dislokasiya yerlərini dəqiqləşdirir, bu, 2020-ci ildə imzalanan üçtərəfli bəyanata tam uyğundur: “Rusiya üçtərəfli bəyanatın bəndlərini ya unudub, ya da görməzdən gəlir. Güc tətbiq edilmədən proses həyata keçirilir, buna hörmətlə yanaşılmalıdır. Hörmətli Rusiya Müdafiə Nazirliyi, imza atdığınız bəyanata əməl edin. Azərbaycan həmişə olduğu kimi, bu gün də sözünə, əməlinə, imzasına sadiqdir. Prezident İlham Əliyev ləyaqətlə siyasət həyata keçirən nadir siyasətçilərdən biridir. Azərbaycan sülhə, sabitliyə daim töhfə verir, qonşu dövlətlər də bu prinsiplərdən çıxış etməlidirlər. Ümid edirik ki, Prezident Vladimir Putin müdaxilə edəcək, Rusiya Müdafiə Nazirliyi səhvini düzəldəcək, növbəti bəyanatlarda daha diqqətli olacaqlar”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.