WhatsApp Image 2022 04 12 at 11.13.17

“Demək olar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində, artıq, yeni Brüssel forması yaranıb”

 

WhatsApp Image 2022 04 12 at 11.15.36“Dünyanın tanınmış politoloqları tərəfindən belə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın arasında Brüsseldə keçirilən görüş, Qarabağ müharibəsindəki 44 günlük tarixi zəfərin son fəsadlarının çözülməsində və aradan qaldırılmasında hüquqi müstəviyə söykənən əsas hesab olunur. Bu da ona işarədir ki, Avropa Ermənistan — Azərbaycan müharibəsi fəsadlarının aradan qaldırılması məsələsində, artıq, Azərbaycanın perspektiv və çox zəngin bir dövlət olduğunu yaxşı başa düşür. Məhz buna görədir ki, Brüsseldə keçirilən ikinci üçtərəfli görüş zamanı, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bir daha Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə əldə edilməsi istəyini xüsusi qeyd edib. Bu məqsədlə, xarici işlər nazirlərinə bütün zəruri məsələləri özündə əks etdirən gələcək Sülh Müqaviləsini hazırlamağın tapşırılması qərara alınıb. Şübhəsiz ki, bütün aktual məsələlərin həll olunacağı hərtərəfli Ermənistan — Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində verilən tapşırıqlar, birbaşa, Brüssel görüşünün və oradakı danışıqlardan əldə olunan yüksək nəticənin əhəmiyyətinə dəlalət etməlidir.
Nəticəsi baxımından ölkəmiz üçün daha əhəmiyyətli olan bu görüşdə Azərbaycana göstərilən yüksək münasibət, həm də dövlətimizin başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Demək olar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində, artıq, yeni Brüssel forması yaranıb”.
Bu sözləri, Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov araz.az-ın əməkdaşına, Brüssel görüşünə siyasi baxış müstəvisində partiyanın münasibətini şərh edərkən deyib. Partiya rəhbəri şərhindəki bu epizoda əlavə olaraq onu da bildirib ki, respublikaçıların hər iki tərəfin regiondakı münaqişənin səhifəsini çevirə və sülh danışıqlarında konstruktiv iştirak edə biləcəklərinə ümidləri var: “İkinci üçtərəfli görüş zamanı, Avropa İttifaqı tərəflərə bu istiqamətdə hərtərəfli kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib. Bu da, nəinki Avropada, hətta dünyanın bir çox yerində artıq perspektiv və çox zəngin bir dövlət kimi qəbul edilən Azərbaycan Respublikasının və onun öz uğurlu siyasəti nəticəsində yeni Brüssel forması yaradan rəhbərinin böyük nüfuzlarının daha bir göstəricisidir”.
Bildiyiniz kimi, Şarl Mişelin Bəyanatında da, 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq, aprelin sonunadək birgə Sərhəd Komissiyasının çağırılması da qərara alınıb. Onun mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd boyu və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi olacaq. Şarl Mişel Avropa İttifaqının bu ciddi məsələ müstəvisində də yaxından məsləhət və dəstək verməyə hazır olduğunu təsdiqləyib. Partiya sədri bu ciddi məsələdəki bu vacibliyi də şərh edib: “Göründüyü kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin həmin Bəyanatında Ermənistanla Azərbaycan arasındakı ikitərəfli sərhədə açıq şəkildə istinad edilir. Birgə Sərhəd Komissiyasına gəlincə, bir daha xatırlatmaq istərdim ki, həmin Bəyanatda aprelin 6-da Brüsseldə əldə edilmiş öhdəliklərin və razılaşmaların 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olduğu açıq şəkildə qeyd edilir. Bununla belə, ümumiyyətlə hesab edirik ki, 30 ildən artıq davam edən bir münaqişənin əsasında duran bütün məsələlərin həlli üçün hərtərəfli nizamlanma lazımdır. Elə, buna görə də, partiyamız Brüsseldə keçirilən ikinci üçtərəfli görüşə və onun nəticələrinə dəstək olaraq, verilən bütün müsbət bəyanatları və qəbul edilən qərarları alqışlayır. Həm də ona görə ki, Avropa İttifaqı, təbii ki, qonşuluğunda təhlükəsizliyin, sabitliyin və firavanlığın olmasında maraqlıdır. Biz inanırıq ki, Avropa İttifaqının səyləri münaqişə zonasındakı bütün dinc əhalinin rifahı naminə, regionda davamlı sülh və təhlükəsizliyə nail olmaqda erməniləri və azərbaycanlıları dəstəkləmək üzrə istənilən digər öhdəlikləri də tamamlayacaq”.
Yeri gəlmişkən, onu da qeyd edək ki, 14 dekabr 2021-ci il tarixində keçirilən ilk üçtərəfli görüşlə, İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel görüşünün əsası qoyulub. Bu müstəvidə proseslərin davamlı olaraq inkişaf etməsi üçün, tərəflər arasında intensiv təmaslar aparılıb və telefon danışıqları keçirilib. Elə, bütün bunların nəticəsidir ki, aprelin 6-da reallaşan Brüssel görüşündə sülh razılaşmasının əsas komponenti olaraq, Azərbaycanın irəli sürdüyü beş maddədən ibarət təkliflər və bunların əsasında predmetli danışıqların aparılması nəzərdə tutulub. Bunun da əhəmiyyətli olacağını deyən partiya sədri, bu barədə öz şərhində belə izahat verib: “Atıq hamı bilir ki, bu danışıqlarda əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüssel görüşünün son nəticələri ilə əlaqədar olaraq, Dağlıq Qarabağ ifadəsi işlədilmir. Doğrudan da, Azərbaycanla Ermənistan arasında Brüsseldə baş tutan danışıqların ən vacib aspektlərindən biri, danışıqların ciddiliyi, substantiv olması və dörd saatdan çox davam etməsi, bu çərçivədə ciddi irəliləyişlərin əldə olunması, ilk növbədə, Birgə Sərhəd Komissiyasının yaradılmasının qərara alınmasıdır. Nəzərdə tutulduğu kimi, bu komissiya sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işləri sürətləndirəcək. Bu günədək Ermənistan bu işi pozurdu, amma indi bu istiqamətdə irəliləməyə hazır olduğunu bildirib.
Digər tərəfdən, hər iki tərəf gələcək Sülh Müqaviləsinin hazırlanması ilə ciddi məşğul olmaq niyyətini də bildirib. Nəzərdə tutulur ki, sülh sazişi ən əsas məsələni, sərhədlərin qarşılıqlı tanınmasını, digər bir sadə anlamda desək, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını təmin edəcək. Sözügedən bu fakt bir daha onu göstərir ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı zəfərdən sonra, bölgədə yeni reallıqlar yaranıb. Bu reallıq regionda Azərbaycanın siyasi, hərbi, iqtisadi və ticarət üstünlüyünün, eləcə də Prezident İlham Əliyevin liderlik qabiliyyətinin ifadəsidir. Artıq beynəlxalq təşkilatlar da, Avropa İttifaqının Azərbaycan Prezidenti ilə yaxın təmaslarını Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasının mühüm amil kimi görürlər. Elə, bu ciddi münaqişənin həllində Brüssel görüşünün bu uğurlu nəticələrinə görədir ki, ATƏT-in Minsk Qrupu da artıq lazımsız təsisata çevrilib.
Azərbaycan Respublikaçılar Partiyası olaraq bildiririk ki, Rusiya –Ukrayna müharibəsində Rusiya iqtisadi cəhətdən zəiflədikcə, Azərbaycan 10 noyabr Bəyənatının müddəalarının yerinə yetirilməsi istiqamətində və öz torpaqlarını geri qaytarmaq üçün, ciddi və əməli addımlarını atmalıdır. Bir daha deyirəm ki, bu ciddi məsələdə də, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, artıq, diplomatik müstəvidə Azərbaycanın qələbəsini təmin və danılmaz edib. Hazırda Ermənistanda gedən proseslər və erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə də onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdlərini iflasa uğradır. Avropa İttifaqı isə, 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və bu ciddi məsələdə yalnız öz mövqeyində yaranmış yeni reallığa əsaslanır, həm də öz dəstəyi hesabına Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaradır”.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.