aslan12“2013-cü ildən apardığım 9 illik mübarizədən sonra pozulmuş haqqımın bərpasına nail oldum. Dünən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin 8 aprel 2022-ci il tarixli Vəkillər Kollegiyasının üzvlüyünə bərpa edilməyimlə bağlı iclas protokolundan çıxarışı və vəkillik vəsiqəsini təqdim etdi”.

araz.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.

“Səbail rayon məhkəməsinin hakimi (mən vəkillikdən xaric edildikdən sonra  Bakı Apellyasiya məhkəməsinin hakimi oldu) Elnur Həsənovun böhtanına əsasən N.Nərimanov rayon məhkəməsinin 10 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə vəkillikdən xaric edildim. 17 mart 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan məhkəmələrinin haqqımda çıxarılmış bütün qərarlarını qanunsuz saydı. Təxminən 1 il yarımdan sonra, 8 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmə bütün məhkəmə qərarlarını ləğv etdi. 2 mart 2022-ci il tarixdə Bakı Apellyasiya məhkəməsi  vəkillikdən xaric edilməyimlə bağlı məhkəmə qərarını ləğv etdi. Ali məhkəmə və Bakı Apellyasiya məhkəməsinin qərarlarından narazılığım, haqqımda yalan ifadələr vermiş “hakimlər”, “ədliyyə işçiləri” barədə gələcəkdə də belə haqsızlıqların baş verməməsi, üzə durmaqla, yalan ifadə verməklə çörək qazanmağın təkrarlanmaması üçün daha ətraflı sonralar yazacam. Hələlik isə onu bildirirəm ki, gələcəkdə vəkillik strukturunda, yaxud başqa sahələrdə heç vaxt hansısa vəzifədə olmayacam. Bununla belə, bacardığım qədər vəkillik institutunun nüfuzun yüksəlməsində əlimdən gələni edəcəm. Əminəm ki, hüquqi dövlət, ədalətli məhkəmə birinci növbədə müstəqil və cəmiyyətdə nüfuzu olan vəkillikdən asılıdır. Onu da bilirəm ki, bu gün vəkillik institutunun nüfuzunun yüksək olmasında nə hüquq mühafizə orqanları, nə də məhkəmə hakimiyyəti maraqlı deyillər. Vəkillik institutunun nüfuzunun yüksəlməsi hüquq mühafizə orqanlarının vəzifələrindən sui-istifadə hallarının, rüşvətxorluğun qarşısında bir nömrəli səddir. Bununla belə, vəkillikdə gördüyüm nöqsanları da görməzliyə vuran deyiləm” – A.İsmayılov qeyd edib.

 

araz.az xəbər portalı.