“Azərbaycanda bayramlar həddindən artıq çoxdur. Bayramların sayına görə Azərbaycan dünyada ikinci yerdədir. Təbii ki, orta statistik göstəricilərə əsasən, bayram günləri digər ölkələrdə olduğundan 7-8 gün çoxdur. Hesab edirəm ki, bayram günlərinin sayı mütləq azaldılmalıdır, çünki çoxluğu ölkə iqtisadiyyatına ciddi zərbə vurur, ümumdaxili məhsulun 2-3 faiz azalmasına səbəb olur. Ləğv olunacaq bayramlar içərisində isə 9 May – Qələbə Günü də ola bilər. Fikrimcə, gələcəkdə belə addım mütləq atılmalıdır”.
araz.az-ın xəbərinə görə, bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
Partiya sədri bildirib ki, Qələbə bayramında qeyri-iş gününün olmasına ehtiyac yoxdur: “Sözsüz ki, bu addım indiki halda atıla bilməz. Nəzərə almaq lazımdır ki, Rusiya bu məsələyə çox həssas yanaşır. Təəssüf ki, Azərbaycanın problemlərinin həllində Rusiyanın rolu kifayət qədər çoxdur. Ona görə də 9 May tarixinin indiki halda bayram kimi qeyd olunmaması ermənilərin əlinə fürsət verər ki, Azərbaycanı günahlandırsınlar. Unutmaq olmaz ki, onlar hətta Məhəmməd Əmin Rəsulzadəni belə faşitslərlə əməkdaşlığda ittiham etməyə cəhd göstərirlər. Odur ki, bayram günləri ilə bağlı nizam yaradılmalıdır. Biz ilin 21 gününü bayram etməklə yalnız Şri-Lankadan geri qalırıq. Avropa ölkələri isə ildə ortalama 13 gün bayram edir. Digər tərəfdən, Azərbaycanda bayram qeyd etmək mədəniyyəti formalaşmayıb. Ölkədə tələblərə cavab verəcək sayda turizm obyektləri olmadığına və qiymətlərin yüksəkliyinə görə bayram günləri əksər vətəndaşlar üçün işgəncəyə çevrilir, beləcə vətəndaşlar günlərlə evdə oturmağa məcbur olurlar. Yəni, bayram günlərində vətəndaşların rahat istirahət edə bilməsi üçün şərait yaradılmalıdır. Azərbaycan ailələrinin bayram günlərində səfərlərə getmək üçün imkanı olmalıdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.