“1941-1945-ci illər müharibəsində qazanılmış qələbəni təkcə Rusiyanın adına yazmaq olmaz. Fikrimcə, Rusiyada yaşayan sağlam düşüncəli insanlar da başa düşürlər ki, faşizm üzərində qazanılmış bu qələbə bütün SSRİ xalqlarının qələbəsidir. 9 May qələbəsi Sovet İttifaqı ərazisində yaşayan və orduda vuruşan, həlak olan, əməyi keçən hər kəsin qələbəsidir. Unutmaq olmaz ki, Azərbaycan həmin müharibədə 300 min şəhid verib. Döyüşə yollanan 600 minə yaxın azərbaycanlıdan yarısı geri qayıtmayıb”.
araz.az Pravda.az-a istinadən bildirir ki, bunu politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.
Politoloq qeyd edib ki, bu qələbənin yalnız Rusiyaya məxsus olması düşüncəsi çox primitivdir: “Azərbaycan Almaniya faşizminə qarşı mübarizədə çoxlu itki verib, böyük əmək sərf edib. Elə təkcə neftin 80 faizini Bakı təmin edib. Yəni, Azərbaycanın 1941-45 müharibəsindəki əməyini diqqətdən kənarda qoymaq olmaz. Xalqımız alman faşizmi əleyhinə mübarizəyə qoşularaq qələbə qazanıb. Burada bizim, eləcə də digər SSRİ xalqlarının payı kifayət qədər çoxdur. Onu da qeyd etmək lazımdır ki, 9 May gününün iş və ya qeyri-iş günü olmasının fərqi yoxdur. Əsas odur ki, Rusiya qələbəni məhz Azərbaycanın köməyi və vasitəsilə qazanıb. Ona görə də bizim əziyyətimizi gözdən salmaq düzgün deyil”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.