Çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyət olaraq,
Ümummilli Liderimiz, hər kəsin qəlbində əbədi yaşayacaq
“Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Çətin olsa belə, bu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə də qismət oldu. Bir də ki, belə bir xoşbəxtlik, yalnız və yalnız onun kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bu səbəbdən, xalqımız çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan bu nadir şəxsiyyətin doğum gününü belə, ən əlamətdar tarixi gün olaraq, başqa bir əhval-ruhiyyədə qeyd edir. Ümumiyyətlə, indi hər bir azərbaycanlı, müstəqilliyi getdikcə daha da möhkəmlənərək, dönməz olan Azərbaycan Respublikasında yaşadığı üçün, özünü xoşbəxt sayır və bu xoşbəxtliyi ona bəxş edən Dahi Öndərin ruhu qarşısında həmişə baş əyir. Qətiyyətlə dönə-dönə onu da deyir ki, müstəqil və qüdrətli Azərbaycan dövləti Ümummilli Liderin bizlərə mirasıdır!”.
Bu xoş və dolğun kəlmələri, may ayının 10-da Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün tamam olması ilə bağlı araz.az-a verdiyi açıqlamasında, Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov dedi. Partiya rəhbəri öz açıqlamasında xüsusi olaraq onu vurğuladı ki, artıq, bu ilin onun üçün ən əziz günü də gəlib çatdı:
“Hər ilin may ayının 10-unu ən əziz gün kimi qeyd edirəm. Çünki mayın 10-da, müstəqilliyini yenicə qazanmış Azərbaycanımızı müxtəlif bəlalardan və təhlükələrdən qurtaran Dahi Rəhbər Heydər Əliyev dünyaya gəlib. Bu dahi, doğrudan da, əvəzolunmaz insan olaraq, yaddaşlarda, xatirələrdə əbədi iz qoyub. Ümumiyyətlə, tarixdə çox dahilər, ümummilli liderlər olub. Amma Heydər Əliyev tam fərqli Dahi Şəxsiyyətdir. O, məhv olmaqda olan Azərbaycanımızı xilas etməklə bərabər, hakimiyyətə gəldiyi ilk gündən elə bir siyasi kurs müəyyən etdi ki, müstəqilliyini yenicə qazanmış respublikamız, cəmi 10 ildən sonra, Avropa Şurasının üzvü də oldu və regionun lider ölkəsinə çevrildi. Həmin çətin dövrdə ölkənin əksər vacib problemlərinin belə həlli yolları tapıldı. Bunları Müdrik Rəhbərdən başqa kimsə edə bilməzdi. İndi bunu hamı deyir ki, müstəqil, qüdrətli Azərbaycan dövləti Heydər Əliyevin bizlərə mirasıdır. Məhz buna görə də, hər bir soydaşımız, harada yaşamasından asılı olmayaraq, Ümumilli Liderin ruhu qarşısında daim baş əyir.
Heydər Əliyev artıq 19 ildir aramızda yoxdur. Əlbəttə, bu, az vaxt deyil. Amma Heydər Əliyev fenomeni hər zaman bizimlə olduğu üçün, bizlərə bu zaman kəsiyi çox qısa bir müddət təsiri bağışlayır. Müstəqil Azərbaycan yaşadıqca, bu, həmişə, elə, belə də olacaq.
Bir sözlə, 12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, Umummilli Liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gün kimi tarixə düşsə də, onun fiziki yoxluğundan illər, qərinələr ötəcəyinə baxmayaraq, Azərbaycan xalqı öz Müdrik Xilaskarını heç zaman unutmayacaq, daim onu ehtiramla yad edərək, qəlbində əbədi yaşadacaq. Gələcəyə hesablanan bu mükəmməl proqnozun daha bir sübutu odur ki, tək 12 dekabr günündə deyil, adi vaxtlarda da, insanlar Fəxri Xiyabana gedərək, Ulu Öndərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Bu dahinin əbədiləşən ömür yolunu düşünəndə isə, bir daha belə qənaətə gəlirlər ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən belə Əvəzolunmaz və Müdrik Rəhbər, Dahi Şəxsiyyət heç zaman unudula bilməz!”.
Partiya sədri açıqlamasında onu da qeyd etdi ki, Müdrik Rəhbərin Vətən və xalq qarşısında xidmətləri misilsizdir. Siyasi irsi və keçdiyi şərəfli yol da, onun Əbədiyaşar Lider adını qazandığını bir daha təsdiqləyir:
“Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də, azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsinin reallığa çevrilməsi olub!Məhz buna görə də, Azərbaycan xalqı xoşbəxtdir. Həm də xoşbəxtdir ona görə ki, bu gün Heydar Əliyev siyasi kursunu onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənabları uğurla davam etdirir. Biz də bu kursa sədaqətlə xidmət etmişik və bu sadiqlik, sonadək, elə, belə də olacaq.
Taleyimiz öz əlimizdə olduğundan, biz bu nailiyyətlərə çata bilmişik. Müstəqilliyin üstünlükləri bundan ibarətdir. Konkret desək, Azərbaycan xalqı öz taleyinin sahibidir və ölkəmiz heç vaxt tarixdə bu qədər güclü, müstəqilliyi bu qədər möhkəm olmayıb. Çünki Ümummilli Liderin siyasi kursunun uğurlu və layiqli davamçısı İlham Əliyev də, hakimiyyət kürsüsündə oturandan indiyədək ona çalışıb ki, ölkəmiz daim inkişaf etsin — müstəqilliyimizi möhkəm, əbədi və dönməz edək!
Mən də, Ulu Öndər Heydər Əliyevin fanatı, onun yürütdüyü siyasi kursun səmimi dəstəkçisi olan bir siyasi partiya rəhbəriyəm. Bir partiya lideri olaraq, hər yerdə, hər zaman gündəlik həyat və fəaliyyətimə, necə deyərlər, bir növ, Dahi Öndərdən qavradığım siyasi tərbiyə kriteriyalarını qatmağa çalışıram. Məhz buna görədir ki, bizim partiyanın yarandığı gündən indiyədək ənənəvi bir kursu var: Heydər Əliyevin siyasi kursuna sədaqət! Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kursu çox uğurla davam etdirdiyi, həm daxili, həm də xarici siyasətimizdə sanki zərgər dəqiqliyi olduğu üçün, bu sədaqətimiz həmişəlik olacaq.
Bəli, mənimlə bərabər, partiyamızın çoxsaylı bütün üzvləri də, bu möhtəşəm siyasi kursa sadiqik. Həmçinin möhtərəm Prezidentimizin gördüyü işlərə kölgə salmağa çalışanlarla, ona, dövlətimizə, xalqımıza xəyanət edənlərlə də barışmaz mövqedə dayanmışıq. Bizim qəti mövqeyimiz həm də budur ki, Azərbaycan Respublikaçılar Partiyası İlham Əliyevin uğrunda nə bacarırsa edəcək, lazım gəlsə, bu yolda canımızı belə əsirgəməyəcəyik. Çünki bu yol Azərbaycanın xilas yoludur və Ümummilli Liderimiz tərəfindən bu yolumuzda “yaşıl işıq” yandırılıb. Ağlı başında olan, düşünən, bir addım önünü görən, siyasi təhlili bacaran və dünyada gedən prosesləri müşahidə edib, doğru nəticə çıxarmaq qabiliyyəti olan hər kəs anlayır ki, ölkəmizdəki hazırkı sabitliyin, əmin-amanlığın, inkişafın qarantı, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevdir.
Bu siyasi kursa, bu sabitliyə dəstək olmamaq, mən deyərdim ki, dövlətimizə, dövlətçiliyimizə qarşı açıq-aşkar xəyanətdir. Bu siyasətə qarşı kimlər çıxacaqsa, qarşılarında, həm də bizi — Azərbaycan Respublikaçılar Partiyasının çoxsaylı üzvlərini görəcəklər. Çünki biz dövlətimizin güclənməsini istəyirik və bu yolda, daim Ümummilli Liderimizin layiqli davamçısı İlham Əliyevin yanındayıq və əlimizdən gələn bütün məsələləri can-başla həyata keçirəcəyik!.
Heydər Əliyev haqqında hələ əsrlər boyu danışılacaq. Siz də yaxşı bilirsiniz ki, bu Dahi Şəxsiyyət Azərbaycanın tarixinə əbədi yazılmaqla bərabər, həm də özü tariximizin mühüm səhifələrini yazıb. Onun haqqında yüzlərlə kitab, məqalə yazılsa da, bunlar Heydər Əliyevin kim olduğunu açıb, ortaya qoya bilməz. Çünki, o, doğurdan da geniş qəlbə, mükəmməl xarakterə malik Dahi Şəxsiyyət idi. Bu keyfiyyətləri sözlə, fikirlə ifadə etmək də mümkün deyil. Danılmaz bir həqiqətdir ki, o, qüdrətli Azərbaycanımıza çox şeyləri yadigar qoyub, getdi. Bir daha deməyə borcluyam ki, elə, müstəqil, qüdrətli Azərbaycanın özü Heydər Əliyevin bizlərə mirasıdır. Bunu kimsə dana bilməz ki, 1992-93-cü illərdə Azərbaycanın yenicə bərpa olunmuş dövlət müstəqilliyi təhlükə altına düşmüşdü. Onda, faktiki olaraq, xarici qüvvələr daxili düşmənlərimizin vasitəsi ilə, Azərbaycanı əbədi işğal etməyə hazırlaşırdılar və bu istiqamətdə bir çox addımlar da atmışdılar. Atılan bu addımların ağır nəticələri göz önündə idi o zamanlar. Azərbaycanın tamamilə işğal planı hazırlanmışdı. Bunun qarşısını almaq o zamankı hakimiyyətin imkanları xaricində idi. Hakimiyyətdəkilərin özləri də anlayırdılar ki, düşdüyü bu bəladan Azərbaycanı ancaq Heydər Əliyev çıxara bilər. Həmin vaxt Heydər Əliyevin Bakıya gəlməsi, ölkəyə rəhbərlik etməsi üçün, cani-dildən çalışanlar çox idi. Onlardan biri də, mən olmuşam.
Onda, biz, Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün, canımızdan da keçməyə hazır idik. Çünki bu bizim tale məsələmiz idi. Başa düşürdük ki, dövlətimizi ancaq o xilas edə bilər. Heydər Əliyev gəldi, qısa bir müddətdə yox olmaq təhlükəsi ilə qarşılaşan Azərbaycanı düşdüyü vəziyyətdən çıxardı, müstəqilliyimizi, dövlətimizi göz bəbəyi kimi qorudu və onu qüdrətli bir dövlətə çevirib, Azərbaycan xalqına miras qoydu”.
Partiya rəhbəri açıqlamasındakı bu epizoda əlavə olaraq onu da bildirdi ki, siyasi liderlərin istedadları ekstremal vəziyyətlərdə daha çox üzə çıxır. Onun dediklərinə görə, bu vacib lider keyfiyyətləri və xüsusiyyətləri isə, həm Dahi Öndərin özünün, həm də onun layiqli davamçısı İlham Əliyev cənablarının ekstremal siyasi situasiyalar zamanı atdıqları qəti addımlar zamanı həmişə daha aydın görünüb: “Elə, 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm, şərəfli və böyük Qələbənin kökündəki “Prezident! – Xalq! – Ordu!” Birliyinin daha sarsılmaz olmasında da, əsas mənəvi güc, Ulu Öndər ruhuyla bərabər, bu iki böyük insanın liderlik keyfiyyətlərindən və xüsusiyyətlərindən gəldi. Bu ruh bizi, hətta əcdadlarımızın minillər boyu yaratdığı bütün milli mənəvi dəyərlərə sahib çıxmağa da sövq edir. Budur Ulu Öndər dühasının, zəkasının, siyasətinin, təcrübəsinin daha bir bariz nümunəsi. Elə, bu nümunə ilə də, onun layiqli davamçısı dövlət müstəqilliyimizin bir daha əbədi olduğunu ortaya qoyur.
Tarix bir daha göstərdi ki, qarşıya qoyulan vəzifələrə nail olmaq üçün yorulmadan çalışan, siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən Ulu Öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Elə, bu məktəblə –– Ulu Öndər dühası, zəkası, siyasəti və təcrübəsi ilə də, dövlətimizin müstəqilliyi əbədiliyə yol götürdü. Azərbaycandakı bütün prosesləri xalqın istəyinə uyğun istiqamətləndirmək Ulu Öndərin əsas mövqeyinə çevrildi.
Siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən Ulu Öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, müqayisəyəgəlməz örnək xidmətləri məhz bu liderlik keyfiyyətlərinə görə danılmazdır. Müstəqil, tarazlı, cəsarətli siyasət yeridərək, özünün qeyd etdiyi kimi, ömrünü Azərbaycan xalqının gələcəyinə həsr etdi. İlk addım kimi, Azərbaycanda sabitlik, nizami Milli Ordu yaradan, müstəqilliyin əbədiliyini təmin edən, daxili çəkişmələrə, hakmiyyət uğrunda mübarizələrə son qoyan Heydər Əliyev, ərazi bütövlüyümüzün təminatı üçün də, misilsiz xidmətlər göstərdi. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli-mənəvi dəyərlərin qorunması da Ulu Öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması da, Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir. Bu yerdə onu da qeyd etməyi vacib bilirəm ki, həyatının mənasını Azərbaycanın iqtisadi və intellektual potensialının yüksəlməsinə, xalqının xoşbəxt və firavan yaşamasına yönəldən Ulu Öndər tarixi şəxsiyyət kimi tək əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol tapa bilirdi.
O çətin illərdə də, Ulu Öndər qətiyyəti, cəsarəti onun öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərdi. Beləcə, bir daha sübut etdi ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür. Dövlətimizin daha da inkişaf etməsi, onun naşı əllərə düşməməsi üçün, xəstə yatan vaxtlarında da xalqımızı, dövlətimizi düşündü. Onun, 2003-cü ilin prezident seçkiləri ərəfəsində, səhhəti ilə əlaqədar, namizədliyini İlham Əliyevin xeyrinə geri götürməsi də, Heydər Əliyevin dahiliyindən, həyatının son günlərində də dövləti düşünməsindən xəbər verirdi. Çünki Heydər Əliyev siyasətini layiqli şəkildə ancaq İlham Əliyev davam etdirə, dövlətimizi inkişafla regionun lider ölkəsinə çevirə bilərdi. Bu, elə, düşünülən kimi də oldu; Bu gün Azərbaycanın siyasi mənzərəsi stabildirsə, dinamik inkişaf bütün sahələrdə hiss olunursa, bu, Ulu Öndərin layiqli davamçısının gərgin zəhmətinin bəhrəsidir.
İndi Heydər Əliyevlə bağlı yadımızda çox şey qalıb. Çünki, o, elə bir insan idi ki, onun hər bir addımı, sözü bizlərin yaddaşlarında həkk olunub. Onun çıxışları, keçirdiyi müşavirələr, məmurları danlaması, onlardan hesabat tələb etməsi, fəaliyyətlərini tənqid etməsi, mətbuat işçiləri ilə təmasları, xalq içərisində olarkən səmimi hərəkətləri bir lent kimi hər gün gözünüzü önündə canlanır. Ümumiyyətlə, bir daha qeyd etmək istəyirəm ki, mən, Heydər Əliyevin fanatı olmuşam deyə, indinin özündə də elə bilirəm ki, o, bizim aramızdadır, hər an biz onun qulluğunda durmalıyıq. Elə, bunun üçün də, həmişə hazır vəziyyətdəyəm!
Azərbaycan xalqının Ümummilli Lideri, Müdrik Rəhbəri olaraq yaddaşlarımızda iz salaraq, tariximizdə əbədiləşən Dahi Şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq! Böyük Allahdan Dahi Öndərə bir daha rəhmət diləyirəm! Qəbri nurla dolsun, ruhu şad, məkanı cənnət olsun!”.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.