“Cənab Prezidentin tapşırığı ilə qəzalı və şəhərin arxitektura görünüşünə xələl gətirən köhnə tikililərin sökülməsi ilə bağlı pilot layihələr həyata keçirilməyə başladı. Cənab Prezidentin məqsədi vətəndaşların daha gözəl şəraitdə yaşaması və şəhərimizin daha da gözəlləşdirilməsi idi. Hər kəs də bilir ki, Prezident bu məsələlərə xüsusi həssaslıqla yanaşır. Pilot layihələr geniş vüsət aldı və sahibkarların da dediyi kimi onlar icra hakimiyyətlərinin “pulsuz sərəncam” verməsinə çox sevindilər. Doğurdan da ilk vaxtlar hər şey pulsuz oldu və iş adamlarına köməklik göstərildi. Bir az vaxt keçəndən sonra iş adamları hesaba otuzduruldu. Hər bloka görə 200 min manat “ödəniş”, bildiyimiz rüşvət. Bu gün pilot layihələr demək olar ki, dayanıb. “Pulsuz sərəncam”lar isə dönüb olub böyük məbləğdə rüşvət kağızları. Hər blokdan 200 min manat, və hər layihədən ən azı 20 mənzil. Bu 20 mənzil də “Baksovet”ə köçürülən 10% deyil. Heç bu 10% də, əslində əsası yoxdur. Əgər əsası varsa, niyə o istənilən 20 mənzilin adlara keçirilməsi üçün sahibkara 20 ədəd şəxsiyyət vəsiqəsi verilir və sonra da o mənzillər tez-bazar maklerlərə verilib satdırılır, yaxud sahibkarın özünə satdırırlıb pul şəklində icra hakimiyyətlərinə verilir? İki şirkətin və iki sahibkarın timsalında “pulsuz sərəncam”ların sirrini açıram, amma tükürpədici korrupsiya detallarını bura bir səbəbə görə qoya bilmirəm. Tez-tələsik izləri silib, bəzi yerlərə təzyiq edib, özlərini təmizə çıxarıb, başqalarını təhlükə altına qoymasınlar”.
araz.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.
R.Nurullayev qeyd edib ki, Ruslan Məmmədov “İnteks” MMC-nin təsisçisisidir, Nizami rayonu, Şirin Mirzəyev küçəsində “Comfort” yaşayış kompleksini tikir, qanunsuz olaraq tikintisi dayandırılır: “Hədə-qorxu gəlinir. Aidiyyatı olmayan idarələr qanunsuzluq edib kimlərinsə əlinə oynayır. Məndə kiçik detallara qədər bütün proseslər var. O detalları yazmıram, çünki bu artıq istintaq məsələsi olmalıdır və aidiyyatı üzrə təqdim edəcəm. Eyni sahibkarın Nizami rayonunda daha bir başıbəlalı tikintisi, həm də Nərimanov rayonunda tikintisi var. İkinci sahibkar Ceyhun Quliyevdir, Vesta Construction MMC-nin sahibi. O da Nizami rayonu, Şirin Mirzəyev küçəsində tikir və yuxarıda təsvir olunan biabırçı hallarla qarşılaşır. Adama qarşı ləyaqəti alçaldan hərəkətlər də edilir. Bunu kimlər etdirir, niyə və hansı əsasla? Əminəm ki, pilot layihə nəzərdə tutulduğu formatda getsəydi, indi Bakıda yüzlərlə gözəl, yaraşıqlı tikinti, on minlərlə iş yeri və on minlərlə vətəndaş da daha rahat mənzilə sahib olardı. Şəhərin qəzalı və yaraşıqsız binalarının yerində gözəl binaların tikilməsinə və vətəndaşların həyat şəraitininyaxşılaşmasına xidmət edən ən gözəl təşəbbüslərdən biri olan pilot layihələri kimlər korrupsiya bataqlığına çevirdi? Bu məsələ üzərində ciddi şəkildə işləməkdəyəm, mətbuat nümayəndələrini də pilot layihələr barədə araşdırmalar aparmağa və konkret faktları cəmiyyətə təqdim etməyə səsləyirəm. Bütün tikilən layihələrlə bağlı araşdırma aparmaq, faktları toplamaq və ictimaiyyətin müzakirəsinə vermək üçün hər kəsdən kömək gözləyirəm. Bir məsələni də qeyd etmək istəyirəm. Çünki, dünənki çıxışım İqtisadiyyat nazirliyinin də qurumlarının üzərinə kölgə sala bilər. Hər gün onlarla iş adamı ilə söhbət edirəm və Vergi xidmətindən narazılıq eşitmirəm. Sadəcə, vaxtında vergini ödə, illərlə vergi məmurunun üzünü belə görüb tanımayacaqsan. Narazılıq edən olsa da, vergi yükünün çoxluğundan edir, bu isə tam başqa məsələdir. Əsas odur ki, Vergi sistemində ciddi şəffaflıq yaranıb. Buna görə çox şadam”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.