“1989-cu ildən başlayaraq hər ilin mayında Şuşa şəhərində keçirilən “Xarıbülbül” Musiqi Festivalı Azərbaycanın mədəni həyatında mühüm hadisələrdən biri olmuşdur. Bu festivalda nəinki keçmiş SSRİ respublikalarından, hətta bir çox xarici ölkələrdən nümayəndələr iştirak etdiyindən festival beynəlxalq status daşıyırdı. Lakin təəssüf ki, 1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan ordusu tərəfindən işğalından sonra bu festivalın keçirilməsi dayandırıldı”.
araz.az SİA-ya istinadən xəbər verir ki, bu sözləri millət vəkili Əziz Ələkbərli bildirib.
Onun sözlərinə görə, 2020-ci il noyabrın 8-də qəhrəman Azərbaycan ordusu tərəfindən Şuşa şəhərinin 28 illik işğaldan azad edilməsindən sonra bu şəhərin nəinki tarixi siması, həm də milli-mədəni statusu özünə qayıtmağa başladı: “Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2021-ci ilin yanvarında Azərbaycanın mədəniyyət naziri Anar Kərimovu qəbul edərkən ilk tapşırığı Şuşa şəhəri barədə, Şuşanın tarixi simasını özünə qaytarmaq və Şuşada Xarıbülbül festivalının bərpası barədə oldu. Cənab Prezidentin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtı elan edilərkən Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalının bərpasına da start verildi. Və artıq 2021-ci il mayın 12-i və 13-də biz azad Şuşada “Xarıbülbül” festivalının yenidən keçirildiyinin şahidi olduq. Bu, adi festival deyildi, bu, möhtəşəm Zəfərimizin təntənəsi idi. Bu, 28 il işğal altında qalmış Qarabağımızın, Şuşamızın və hər ikisinin azadlıq rəmzi olan Xarı bülbülün Zəfər festivalı idi. Bu gün Şuşa təkcə Qarabağın yox, təkcə Azərbaycanın yox, bütün Türk dünyasının mədəniyyət məkəzidir. Türk dünyasını bir-birindən ayıran Qordi düyünü məhz Şuşa Zəfəri ilə çözüldü və qarşımızda yeni perspektivlər açıldı. Ona görə də hər ilin mayında burada keçiriləcək musiqi festivalı bizim üçün adi festival yox, hər dəfə bizi yeni-yeni Zəfərlərə səsləyən bir çağırışdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.