Zaur Quliyev: “Azərbaycanda dövlətin təhlükəsizliyini təhdid edə biləcək heç bir cinayətkar qruplaşma, dəstə mövcüd deyil”
Bir qrup ictimai fəal mayın 14-də Bakının Fəvvarələr meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib.
Aksiyanın məqsədi “ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə” etiraz etməkdir.
Qeyd edək ki, aksiyanın Təşkilat Komitəsinə 24 nəfər ictimai, vətəndaş cəmiyyəti fəalı daxildir.
Təşkilat Komitəsi adından yayılan bəyanatda deyilir: “Hesab edirik ki, bu cinayətlər son deyil və cəmiyyət olaraq etiraz etməsək daha ağır cinayətlər, o cümlədən, siyasi qətllər baş verəcək”.
Aksiyanın “kriminal dövlətdə yaşamaq istəmirik” şuarı ilə keçiriləcəyi bəyan olunur. Hansısa fəala qarşı törədilən kiçik bir cinayətə görə ölkənin adını kriminal kimi hallandırmaq, bu şuarla aksiya keçirmək nə dərəcədə doğrudur?
Hüquqşunas Zaur Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda və dünyada çoxlu sayda cinayətlər törədilir: “ Belə cinayətlərdən zərərçəkənlərin sırasında müxtəlif peşə sahibləri, fərqli millətlərin nümayəndələri və istənilən yaş qrupuna aid insanlar var. Kimsə cinayətin qurbanı olmaqdan sığortalanmayıb. Cinayətlərin heç də hamısı isti izlərlə açılmır. Bəzən bunun üçün zaman tələb olunur. Azərbaycanda hansısa tanınan şəxsə qarşı cinayətin törədilməsində siyasi motiv axtarmaq qərəzli məqsəddən xəbər verir. Müşahidələr göstərir ki, xanım jurnalistə qarşı tötədilən cinayət polis rəhbərliyinin burbaşa nəzarətindədir. Bu istiqamətdə zəruri istintaq hərəkətləri aparılır. Hiss edilir ki, xaricə bağlı olan hansısa qüvvələr bu məsələdən sui-istifadə etməyə çalışır. Analizlərimiz göstərir ki, Azərbaycana qarşı qərəzli olan bəzi beynəlxalq təşkilatlar ölkəmizlə bağlı təcili qrantların maliyyələşdirilməsini elan ediblər. Bu qrantlar isə, qeyd edildiyi kimi, etirazların təşkili üçün verilir. Bu yöndə etirazların təşkili isə ölkədəki bəzi dairələrin nümayəndələrinin “vəzifə” borcu sayılır. Onlara verilmiş tapşırığa əsasən ölkədəki bir sıra ictimai fəallar, dağıdıcılar, radikallar planlar qurur, öncədən bir neçə ictimai fəalın “mənə hücum olundu” deməsi isə bu planların tərkib hissəsidir. Ətraflarında daha çox etirazçılar toplamaqdan ötrü dövlət qurumlarını hədəfə alır, özlərinin quraşdırdıqları böhtan və iftiralarla onların nüfuzuna, imicinə xələl gətirirlər.
Sirr deyil ki, Azərbaycanda dövlətin təhlükəsizliyini təhdid edə biləcək heç bir cinayətkar qruplaşma, dəstə mövcüd deyil.
Bəzi ictimai fəallar tərəfindən qrant almaq, qrantın məbləğinin artırılması və yaxud qranta həqiqətən layiq olduqlarını sübut etmək üçün Azərbaycanda ictimai asayışı pozmaq, icazəsiz aksiyalar təşkil etmək cəhdləri yolverilməzdir, qanunla da bu qadağandır. Birmənalı şəkildə söyləmək olar ki, Azərbaycan dövləti demokratik dəyərlərə sadiq dövlətdir, insan hüquqları (vətəndaşların hüquqları) çox həssaslıqla dövlət tərəfindən qorunur”.
Məhəmmədəli QƏRİBLİ.
araz.az xəbər portalı.