oqtay qasimov1Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb. Görüş Türkiyənin Rizə şəhərində keçiriləcək. Dövlət başçıları Rizə-Artvin hava limanının açılış mərasimində iştirak etdikdən sonra bir araya gələcəklər.

araz.az-ın xəbərinə görə Prezidentlərin görüşü ilə bağlı fikirlərini Demokrat.az-a bölüşən politoloq Oqtay Qasımov bildirib ki, görüşdə hazırda gündəmdə olan bir neçə aktual məsələlərin müzakirəsi aparılacaq. 

“Bilirsiniz ki, Şuşa Bəyannaməsinin artıq bir ili yaxınlaşır. Bu bir ildə Azərbaycan-Türkiyə münasibətləri, inkişafı, bundan sonrakı prespektivi müzakirə olunacaq. Şübhəsiz ki, Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşdirilməsi bu görüşün əsas mövzularından olacaq. Bu, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında münasibətlərin bundan sonrakı prespektivi ilə bağlı olacaq. Bildiyimiz kimi, artıq bu günə qədər Türkiyə-Ermənistan nümayəndələri arasında 3 görüş keçirilib və bundan sonrakı dövrlərdə münasibətlərin prespektivi müzakirə obyektidir. Eyni zamanda, Brüssel görüşündən sonra Azərbaycan-Ermənistan arasında başlanılacaq danışıqlar prosesi və sərhədlərin demarkasiyası, delimitasiyası, sülh müqaviləsinin imzalanması kimi məsələlər gündəmdədir. Bu məsələlər şübhəsiz ki, görüş zamanı müzakirə olunacaq. Hesab edirəm ki, Qarabağdakı sülhməramlılar, o cümlədən orada fəaliyyət göstərən Türkiyə-Rusiya nəzarət monitorinq müşahidə mərkəzinin fəaliyyəti də müzakirə ediləcək. Azərbaycan ordusunun Türkiyə standartlarına keçirilməsi məsələlərinin hazırkı durumu da müzakirə mövzularından biri olacaq. Yəni, qısa desək təhlükəsizlik məsələləri müzakirə mövzusu olacaq”. 

Politoloqun sözlərinə görə, əsas müzakirə mövzularından biri hazırda baş verən Rusiya-Ukrayna savaşı ilə bağlıdır:

“Həm Türkiyənin, həm Azərbaycanın, həm Rusiyanın, həm də Ukraynanın kifayət qədər inkişaf etmiş münasibətləri var. Eyni zamanda, Türkiyə və Azərbaycan birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyün dəstəkləyir. Bunu hər fürsət düşdükcə, Azərbaycan-Türkiyə rəhbərləri dilə gətirirlər. Türkiyə vasitəçilik missiyasını üzərinə götürən ölkələrdən biridir. Hazırda Mariupol şəhərindəki Azovstal zavodundan mülki şəxslərin və hərbiçilərin təxliyə edilməsi məsələsi  ilə bağlı aparılan proseslərdə Türkiyə də iştirak edir. Rusiya tərəfi ilə bu məsələdə danışıqlar aparılır. O baxımdan müzakirə olunacaq məsələlərdən biri də Rusiya-Ukrayna savaşı və onun mümkün nəticələrinin region ölkələrinə, o cümlədən Azərbaycana və Türkiyəyə təsirləridir.  Ərdoğanın mayın sonuna doğru Azərbaycanda  keçiriləcək “Texnofest” sərgisindəki iştirakı müzakirə olunacaq məsələlər sırasında olacaq. Ümumiyyətlə, xüsusi gündəm maddəsinin olacağını düşünümürəm, çünki onsuz da bu məsələlər kifayət qədər zəngin gündəliyi təşkil edir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.