1652730470 ilham ismayil 1 e1540187752896

 
Müharibədən sonra Ermənistanın və Rusiyanın Qarabağ ətrafında apardığı siyasəti, son bir ayda isə Ermənistanda baş verən müddətsiz etiraz aksiyalarını təhlil edəndə bu qənaətə gəlmək olar ki, Ermənistanla Azərbaycan arasında problemlərin tezliklə bitməsi mümkün görünmür. Ermənistanda baş verən hadisələrin bütün daxili və xarici spektrlərinə, Rusiyanın bölgədə apardığı geosiyasətə, Ukraynada davam edən müharibəyə nəzər salanda, açıq hiss olunur ki, gözlənilən qərarlar tez verilməyəcək və asan olmayacaq. Ukrayna müharibəsində tərəflərin bir-birinə zidd olan iki mövqeyi olduğu kimi, Azərbaycanla Ermənistan arasında  problemlərin həllinə aid baxışlarda, təkliflərdə, şərtlərdə fərqlilik ortadadır. Əlavə fərq həm də ondadır ki, Rusiya-Ukrayna müharibəsi hələ bitməyib və müharibənin necə nəticələnəcəyi bilinmədiyindən konkret sülhdən danışmaq mümkün deyil, amma Azərbaycanla Ermənistan arasında müharibə 18 aydır ki, Ermənistanın məğlubiyyəti ilə başa çatıb, müəyyən ikitərəfli və üçtərəfli razılaşmalara baxmayaraq, real sülhün ortada olmaması paradoksdur. Və bu 18 ay ərzində sülhdən uzaqlaşmaq daha çox hiss olunur, nəinki yaxınlaşmaq. İkinci Dünya müharibəsi bitən günün səhərisi kapitulyasiya aktına uduzan tərəf imza etdi, 44 günlük müharibədə məğlub olan Ermənistan hələ də iki ölkə arasında sülh müqaviləsi imzalamaqdan yayınmaqla məşğuldur.  
Bu gün Moskvada keçirilən KTMT ölkələrinin sammitində Ermənistan baş naziri N.Paşinyanın çıxışındakı elementlərə diqqət edəndə aydın görünür ki, Ermənistan yeni müharibəyə hazırlaşır və KTMT üzvlərini də perspektiv müharibəyə kökləyir. Paşinyanın 44 günlük müharibə dövründə KTMT-dən gileylənməyi, digər üzvləri qınamağı və gələcəkdə(?!) belə halların təkrar olunmamasına çağırış etməsi nədən xəbər verir? “Gələcəkdə” deyəndə, Paşinyan nəyi qəsd edir? Əlbəttə, Azərbaycanla müharibəni! Ermənistan hakimiyyəti revanşist hisslərlə yaşayır və Azərbaycanla müharibəyə hazırlaşdığını gizlətmir. Yalnız hakimiyyət deyil, müxalifət , media nümayəndələri, siyasi şərhçilər,  Ermənistan cəmiyyətinin az olmayan müəyyən kəsimi, Xankəndi separatçı rejimi də Azərbaycanla sülh müqaviləsi bağlamağı istəmir. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinə 6 maddə ilə cavab verən rəsmi İrəvan, Azərbaycanın bu şərtləri qəbul etmədiyini hələ müharibə bitən gündən elan etdiyini bilə-bilə, qəsdən “Dağlıq Qarabağın statusu” maddəsini əlavə etməklə sülh müqaviləsindən imtina etdiyini dolayısı ilə etiraf etmiş oldu. 
Müharibədə hərbi, siyasi, ideoloji, iqtisadi baxımdan darmadağın olmuş Ermənistan bu cürəti hardan alır? Ermənistan siyasi rəhbərliyi hər dəfə Moskvaya çağırılandan sonra onların ritorikasında ciddi dəyişiklik baş verir. Son Brüssel görüşündən sonra Moskvaya çağırılan Ermənistan XİN rəhbəri və Baş naziri Avropa İttifaqı qarşısında söz verdikləri siyasətdən faktiki olaraq üz döndəriblər. Minsk Qrupu həmsədrləri nümayəndələrini Cənubi Qafqaza başqa statusla göndərmələrinə baxmayaraq, rəsmi İrəvan hələ də Minsk Qrupunun vasitəçiliyindən danışır. Cənubi Osetiyanın Rusiyaya birləşmək istəyi gündəmə düşəndən bəri Ermənistan siyasi şərhçiləri, separatçı rejimin liderləri bu ideyanı Qarabağa transfer etmək üçün dəridən qabıqdan çıxırlar. “Armenian report” saytı yazır: “Və sonra Artsax üçün tarixi bir an gələcək. O an, artıq  gəlib. Cənubi Osetiya rəsmən Rusiyaya qoşulmağa səs verdikdən sonra rəsmi Stepanakert Artsaxın Rusiyanın tərkibinə daxil olmaq arzusunu elan etməlidir. Bəli, Artsaxın Rusiya ilə ümumi sərhədləri yoxdur. Amma hamımız bilirik ki, Rusiya prezidenti Vladimir Putin öz ölkəsinin sərhədlərini istədiyi zaman və istədiyi yerdə genişləndirə bilir”. Bax, elə bu cür yanaşmalara görə, Ukraynanın qələbəsini bütün bəşəriyyət arzulayır, məğlubiyyətini isə Ermənistan, Suriya, Şimali Koreya kimi ölkələr. 
Bu gün də Moskva torpağına ayağı dəyən kimi Nikol Paşinyan sülhdən başqa hər şeydən danışıb və müharibə getdiyi vaxt və müharibə bitəndən sonra bəzi KTMT üzvlərinin hərəkətləri “ Ermənistanı çox da sevindirmədi”-deyib. 
Azərbaycanın eksklav kəndlər barədə rəsmi mövqeyi isə Ermənistanda süngü ilə qarşılanıb və xüsusi tapşırıqlar üzrə səfir Edmon Manukyan bildirib ki, bu kəndlərin Azərbaycana aid olmasına dair heç bir hüquqi sənəd mövcud deyil. Bu cür həyasızlığı yalnız erməni siyasətçiləri nümayiş etdirə bilərlər. SSRİ dövrünün bütün xəritələrini açıb baxsınlar ki, həmin ərazilər ən azı hansı rəngdə göstərilib. 
Rusiyanın Cənubi Qafqaz siyasəti məlumdur və Qarabağ münaqişəsinin sonadək həll edilməməsi, hələ uzun müddət bölgədə təsirini saxlamağa hesablanıb. Ukraynada pat vəziyyətinə düşən Rusiya və Putin mürəkkəb bir dövrünü yaşayır və diqqəti daha çox Ukraynaya yönəlib. Buna görə də, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını, xüsusilə də bu istiqamətdə Avropa İttifaqının təşəbbüslərini, moderatorluğunu qısqanclıqla, bəzən isə qəzəblə qarşılayır. Hər dəfə “sülh, nəqliyyat infrastrukturlarının açılması, münasibətlərin normallaşması üçün danışıqların davam etdirilməsi” kimi növbətçi bəyanatlar verir, saxtakarcasına sülh yaranmasından yana olduğunu göstərməyə çalışır, amma reallaşmasına təzyiq göstərməklə imkan vermir.
Belə bir halda Azərbaycan proseslərin seyriçisi kimi qala bilməz. 18 ay az müddət deyil. Azərbaycan Ermənistanın sülhə mane olduğunu, sülh prosesindən imtina etdiyini faktlarla, konkret sübutlarla qeyd etməklə BMT-yə, Avropa İttifaqına, ABŞ-a, Rusiyaya ünvanlanan bəyanat verməli, bu ölkənin bölgə üçün təhlükə mənbəyi olduğunu vurğulamalı və beynəlxalq qınağa tuş etməlidir. Eyni zamanda sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, keçmiş Dağlıq Qarabağa azərbaycanlı qaçqınların geri dönməsi, nəqliyyat infrastrukturlarındakı manelərin aradan qaldırılması üçün konkret vaxt göstərməlidir. Bu şərtlərin vaxtında yerinə yetirilmədiyi halda, Azərbaycan üçün təhlükənin real olacağı səbəbini göstərib, beynəlxalq hüquqla tanınan ərazilərində antiterror əməliyyatı keçirməyin Azərbaycanın hüququ olduğunu diqqətə çatdırmalıdır. Yaxın tarix sübut edir ki, Ermənistan yalnız sərt mövqedən, sərt dildən anlayır.  
İlham İSMAYIL.

araz.az xəbər portalı.