Akif Nağı: “Biz heç nədən çəkinmədən bu danışıqlardan imtina etməliyik”
Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Ermənistanın Azərbaycana sülh sazişi üzrə danışıqlara başlamaq üçün təklif olunan 6 bəndi açıqlayıb.
1. Birinci bənddə qeyd olunur ki, “martın 11-də biz Azərbaycandan müqavilə ilə bağlı təklif almışıq, ona cavab veririk”.
2. Ermənistan Respublikasının Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur.
3. Ermənistan tərəfi üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, həmçinin Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir.
4. Ermənistan tərəfi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin, Rusiya Federasiyası Prezidentinin 2020-ci il 9 noyabr, 2021-ci il yanvar 11 yanvar, o cümlədən 2021-ci ilin 26 noyabr tarixli (müharibə əsirlərinin qaytarılması, yolların açılması) bəyanatlarda göstərilən öhdəliklərin yerinə yetirilməsini vacib hesab edir.
5. Ermənistan tərəfi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır.
6. Müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib.
Göründüyü kimi, Ermənistan əslində Azərbaycanın sülh təkliflərindən yayınmaq xəttini tutub. Yenə də “ölü” olan Minsk qrupundan, Qarabağdakı ermənilərin təhlükəsizliyi və statusundan danışır. Üzərinə götürdüyü vacib öhdəlikləri nə zaman yerinə yetirəcəyinə dair məsələyə heç bir aydınlıq gətirmir. Ermənistanın bu qeyri-konstruktiv mövqeyindən hansı nəticəni çıxara bilərik?
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, böyük ehtimalla, ermənilərin bu cür sabotajına görə sülh danışıqları baş tutmayacaq: “Görünən budur ki, indiki şəraitdə onların bizimlə hər hansı sülh müqaviləsi bağlamaq fikirləri yoxdur. Hiss edilir ki, onların bir məqsədi var, vaxt uzatmaq. Sözdə deyirlər ki, güya Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edirlər. Ancaq bir dənə də təklif sayını artıraq bizə 6 təklif göndərirlər. Həmin prinsiplərdə də deyirlər ki, Azərbaycana qarşı heç bir ərazi iddiaları yoxdur. Bütün bunlar vaxtı maksimum uzatmağa xidmət edir. Biz onların status, Qarabağdakı erməni əhalisinin təhlükəsizliyi ilə bağlı bütün təkliflərini rədd edirik. Oradakı ermənilərə niyə təhlükəsizliklə bağlı xüsusi status verilməlidir? Azərbaycanın bütün ərazilərində yaşayan vətəndaşları dövlətin qayğısı və nəzarətilə təmin olunur. Biz bu hüquqları erməni vətəndaşlarımıza da şamil edəcəyik. İndi də 1966-cı ildə BMT-nin qəbul etdiyi, lakin 1976-cı qüvvəyə minən “siyasi və mülki hüquqlar Paktı” adlı sənədə istinad edirlər. Bununla xalqların öz müqəddəratını təyin etmə məsələsinə toxunmaq istəyirlər. Xüsusilə də Minsk qrupu həmsədrlərinin fəaliyyətini diriltməyə çalışırlar. Bir sözlə, danışıqlardan kənara çıxmağa cəhd edirlər. Sabah Moskvada da bir görüş olacaq. Onun da heç bir əhəmiyyəti yoxdur. Azərbaycan regionda lider ölkədir, Türkiyə kimi müttəfiqi var. Biz heç nədən çəkinmədən bu danışıqlardan imtina etməliyik”.
Məhəmmədəli QƏRİBLİ.
araz.az xəbər portalı.