qoyun1Elçin Qurbanov: “Xüsusilə də Azərbaycan ərazisindən başqa ölkələrə qoyun və mal ətinin ixracının qarşısını almaq və ya məhdudlaşmasını nəzərdə tutan qadağaları nəzərdən keçirməlidir”

Son aylar ölkədə satılan qoyun və mal ətinin qiymətində bahalaşma müşahidə olunur. Hazırda Bakıda mal əti 12, qoyun əti 13 manat, quzu əti 14-15 manata təklif edilir.

Azərbaycanda ətin – konkret olaraq qoyun ətinin bahalaşmasına “ərəb faktoru”nun da təsir etdiyi bildirilir. Bəzi məlumatlara görə, son vaxtlar Azərbaycana tez-tez səfər edən zəngin ərəb şeyxləri və şahzadələri burada yedikləri qoyun ətini ölkələrindəki ətlə müqayisə edərək belə qənaətə gəliblər ki, Azərbaycanda ət daha dadlıdır. Bundan sonra onların Azərbaycandan ərəb ölkələrinə qoyun ixrac etmək qərarına gəldikləri bildirilir.

Qeyri-rəsmi məlumatlara görə, ərəblərin Azərbaycanda qoyun alış-verişi işinə girişməsi ətin qiymətinə təsirsiz ötüşməyib.

Qeyd edək ki, mətbuatda ətin bahalaşması bu il yonca əkin sahələrinin azalması ilə əlaqələndirilir.

Bəzi ekspertlər hesab edir ki, ərəblərin bizdən fərqli olaraq alıcılıq qabiliyyəti yüksəkdir.

Bizdə alıcılıq qabiliyyəti və ət istehlakçılarının sayı get-gedə azalır. Bu da əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsilə bağlıdır. Əgər bizdə alıcılıq qabiliyyəti yüksək olarsa, ət çatışmazlığı o dəqiqə özün büruzə verər. Ətin qiyməti kəskin şəkildə artar. Ona görə də ət yüksək dəyər verilən ölkəyə gedir.

Bu prosesə dövlətin müdaxiləsi vacibdirmi?

İqtisadçı ekspert Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələ qanunvericiliklə tənzimlənir: “Gömrük Tarifi Haqqında Qanun, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarının təmzimlənməsi” qaydalarına uyğun şəkildə həyata keçirilir. Həmin qaydalarda iki əlavə nəzərdə tutulub. Çox təəssüflər olsun ki, həmin əlavələrdə ət məhsullarının ölkədən xaricə çıxarılması ilə bağlı heç bir qadağa nəzərdə  tutulmur. Qanunvericilikdə nəzərdə tutulan idxal-ixrac əməliyyatlarına görə rüsümlar gömrük tariflərinə əsaslanır. Azərbaycan Respublikasında təkrar emal olunan  malların ixracında isə vətəndaşlar sərbəstdir. Yeni tariflərin və rüsumların müəyyənləşməsi ilə bağlı səlahiyyətlər birbaşa Nazirlər Kabinetinin qərarları əsasında tənzimlənir. Bu məsələ ilə bağlı da həmin qurumun müvafiq qərarları əsasında hər hansı qadağalar tətbiq edilə bilər. Burada mövsumi xarkterli məhdidiyyətlərin  də özündə əks etdirilməsi mümkündür. Hesab edirəm ki, Nazirlər Kabineti yerli istehsalın vəziyyətini və əhalinin tələbini nəzərə alaraq bu məsələ ilə bağlı qadağalar tətbiq edə bilər. Xüsusilə də Azərbaycan ərazisindən başqa ölkələrə qoyun və mal ətinin ixracının qarşısını almaq və ya məhdudlaşmasını nəzərdə tutan qadağaları nəzərdən keçirməlidir. Bununla biz daxili bazarı müəyyən risqlərdən qoruya bilərik”.

Məhəmmədəli QƏRİBLİ.

araz.az xəbər portalı.