Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.
Azadlığa çıxanlar siyahısında ömürlük məhbus Şəmsi Səmədzadə də var.
Bəs Prezidentin əfv etdiyi ömürlük məhkum Şəmsi Səmədzadə nə edibmiş?
Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. İndiki Göygol rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin yolu hələ Zakir Qaralov Gəncənin prokuroru olduğu zaman kəsişib.
Ancaq sonradan Zakir Qaralovun Baş Prokur təyin edilməsi Şəmsinin həyatını alt-üst edib. Ona qarşı CM-nin bir neçə maddəsi ilə cinayət işi açılıb və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Həmin dövrdə Şəmsi Səmədzadənin vəkili olmuş Namizəd Səfərov deyir ki, hətta iş adamı ona elan olunan ittihamlardakı cinayəti törətsəydi belə ona 12 ildən artıq cəza düşmürdü: “Ölkədə hər kəs bilir ki, bu şəxs Zakir Qaralovun şəxsi iradəsinin nəticəsində ömürlükdədir”./Oxu.az
P.S. Vaxtilə bu və digər iş adamlarının Zakir Qaralov tərəfindən şərlənərək həbs edilməsi, yüzlərlə ağır cinayətlərin ört-basdır edilməsi barədə “Hakimiyyət” qəzetində yazdıqlarıma görə sonda məni də həbsdə çürütmək üçün əlindən gələni edirdi. Zakir Qaralovu istintaqa cəlb edib onun bu insanları kimin sifarişi əsasında şərləyərək həyatlarını məhv etdiyini soruşmaq çox vacibdir. Dövlət əgər bunu etməzsə, artıq dövlətin bu işin arxasında çıxacağı anlamı da yarana bilər.
Füzuli ƏFQANOĞLU.
araz.az xəbər portalı.