Məlum olduğu kimi, bu ilin fevral ayının 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev vəsifəsindən istefa verib. Lakin AMEA-nın rəsmi saytında yer alan məlumatlara görə, sabiq prezident hazırda Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının sədri vəzifəsini icra edir. Bundan başqa, onun həyat yoldaşı professor Qalina Mehdiyeva Yuryevna hazırda AMEA İdarəetmə Sistemləri İnstitutunun nəzdində yaradılan Kompüter Elmləri İxtisası Dissertasiya Şurasının sədri vəzifəsini icra edir. Mehdiyevin qızı Kamilə Əliyeva isə atasının sədrlik etdiyi Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Psixologiya və sosiologiya üzrə elmi şurasının üzvüdür.
araz.az xəbər verir ki, AMEA-nın mətbuat katibi Azadə Balayeva mediaya açıqlamasında bildirib ki, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibinin müəyyənləşdirilməsi, hər hansı dəyişikliyin edilməsi birbaşa Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir: “Elmi Tədqiqatların Əlaqələndirmə Şurası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli qərarı ilə yaradılıb. Həmin qərarda sabiq Baş nazir Artur Rasizadənin imzası var. Bu sənəddə Şuranın tərkibi də öz əksini tapıb. Həmin vaxt sədr AMEA-nın sabiq prezidenti Akif Əlizadə olub. Müavini isə vitse-prezident İbrahim Quliyev təsdiqlənib. Nazirlər Kabinetinin 2020-ci ilin yanvar tarixli qərarında isə Şuranın tərkibində dəyişiklik edilib. Baş nazir Əli Əsədovun imzası ilə verilən qərara əsasən, Şuranın sədri Ramiz Mehdiyev, sədr müavini isə akademik Dilqəm Tağıyev olub. İndiyə kimi dəyişiklik edilməyibsə, bu, Nazirlər Kabinetinin qərarıdır. Məsələnin AMEA-ya heç bir aidiyyəti yoxdur. Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva Yuryevna və qızı Kamilə Əliyeva yəqin ki, işlərinin başındadırlar. Adi işçilərdir, onu biz niyə araşdıraq?”
Azadə Balayeva AMEA-ya yeni prezidentin nə vaxt seçiləcəyi sualına isə belə cavab verib: “Yeni prezident seçilməsi ilə bağlı hələ ki, bir qərar yoxdur. Vəzifəni Arif Həşimov icra edir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.