Son dövrlər həm vətəndaşlar tərəfindən araz.az-a ünvanlanan şikayət xarakterli bir çox müraciətlərdən, həm media vasitələrində əksini tapan çoxsaylı konkret şikayətlərdən, həm də jurnalist araşdırmalarından tam aydın olur ki, ölkəmizdə, dövlət proqramına uyğun müəyyənləşdirilən sosial yardımlardan qanunsuz məhrum edilən narazı aztəminatlı ailələrimiz az deyil. Ekspertlərin mətbuatda yayılan fikirlərinə görə, əslində, sosial yardım belə ailələrə verilməlidir. Həqiqətən onların buna ehtiyacları var və ortadakı çoxsaylı narazı kütlə də, elə, belə ailələrin üzvləridir. Bir sözlə, onlara dövlət proqramına uyğun belə yardımların vaxtında verilməməsi, ekspertlər tərəfindən də doğru olaraq qəbul edilmir.
Ucar şəhəri, Şah İsmayıl küçəsi, ev, 72 ünvanında yaşayan Gülayə Akif qızı Əmrahovanın mətbuat vasitəsi ilə, bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adına ünvanladığı Müraciəti də, yuxarıda qeyd etdiyimiz mövzu xarakterlidir. Müraciətinin surətini araz.az-ın redaksiyasına da göndərən şikayətçi xanımın iddiasına görə, ailəsinin aztəminatlı olması reallıqdan doğan bir həqiqətdir. Lakin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, aidiyyatı dövlət qurumlarındakı səlahiyyət sahiblərinin təqsirləri və bağışlanmaz günahları ucbatından, çətinliklər içərisində günlər keçirən ailəsi indiyədək sosial yardım ala bilmir.
Gülayə Əmrahova öz Müraciətində xüsusi olaraq onu vurğulayır ki, aztəminatlı ailə başçısı olaraq, sosial yardım almaq üçün, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə elektron qaydada müraciətlər göndərib. Müraciətləri dövlət sosial yardımı üzrə müasir və şəffaf yardım sisteminə çevrilən VEMTAS tərəfindən rəsmi qaydada baxılması üçün qəbul olunub və birinci mərhələni uğurla keçib də; Yəni, qanunvericiliyə uyğun olaraq, sistemə ötürdüyü məlumatları sistem tərəfindən yoxlanılıb və uyğunsuzluq tapılmayıb. Di gəl ki, vəzifə sahibləri bu yardımı belə bu kasıb ailəyə çox görüblər.
Şikayətçi xanım olduqca narazı tərzdə xüsusi olaraq onu da bildirir ki, artıq ora-bura yazmaqdan, get-gəldən bezib və əli hər yerdən üzülüb. Ümidi yalnız Azərbaycan dövlətinin birinci xanımına, bir də, ölkə mətbuatına qalıb. Məhz buna görə, bu Müraciətini də, mətbuat vasitəsi ilə, Mehriban xanımın adına ünvanlayıb.
“Çox hörmətli Mehriban xanım!
Məcburiyyətdən, indi də, mətbuat vasitəsi ilə Sizə müraciət edərək, xahiş edirəm ki, məni, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə və onun müavini Hidayət Abdullayevlə birlikdə, şəxsən özünüz qəbul edəsiniz! Çünki elə həmin qəbul zamanı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri tərəfindən mənə qarşı törədilən qanunsuzluqlar barəsində olan sübutlarımı, nazirin və onun müavininin yanında, şəxsən Sizin özünüzə təqdim etməyi qərara almışam. Bir də ki, mövcud qanunlarımızdan qorxmayan belə harın və səhlənkar məmurların törətdikləri qanunsuz əməllər barədə, başqa cür Sizə məlumat çatdırmaq mümkünsüzdür!” — deyə, şikayətçi xanım bu sözlərlə başladığı Müraciətində, daha sonra, dövlət qurumlarında başına gətirilənlər barəsində yazır: “Əvvəlcədən də qeyd etdiyim kimi, müraciətlərimi rəsmi qaydada baxılması üçün qəbul edən VEMTAS, qanunvericiliyə uyğun olaraq, ailəmizin sosial yardım almağa haqqının çatdığını təsdiq edib. Lakin buna, konkret desək, yoxlanılarkən birinci mərhələni uğurla keçən sənədlərimizin ikinci mərhələdə, yəni ailəmizin maddi-məişət şəraitinin yoxlanılması zamanı, nazirliyin əməkdaşları tərəfindən qəbul edilən əndrabadi bir Qərarla dərin təəssüf hissləri doğuran ağlasığmaz imtinalar verilib. Bu imtinaların əsas səbəbi kimi isə, yalnız o göstərilib ki, guya, «ailə üzvləri düzgün göstərilməyib». Halbuki, hal-hazırda ailəmiz, iki övladım və özümlə birlikdə, üç nəfərdən ibarətdir. Bu, Ucar notariusundan mənə verilən vahid formada da göstərilib və təsdiq olunub. Həmin formanı da, bu Müraciətimə əlavə edirəm.
Yeri gəlmişkən, onu da qeyd edim ki, həyat yoldaşım bir necə ildir dünyasını dəyişib. Böyük oğlum hal-hazırda müddətli hərbi xidmətdədir. Digər oğlum isə, doqquz illik natamam orta məktəbi qurtarıb. Hal-hazırda Göyçay şəhərində ilk peşə ixtisas təhsili alır — şagirddir. Üçünçü övladım — qızım orta məktəb şagirdidir. Hal-hazırda iki övladımla birlikdə yaşayırıq.
Yuxarıda qeyd etdiyim kimi, böyük oğlum həqiqi hərbi xidmətdə olduğu üçün, qanunvericiliyə əsasən, ailə üzvü sayılmır. Amma nazirliyin əməkdaşları maddi məişət yoxlanılmasına gələn zaman dedilər ki, hərbi xidmətdə olan oğlumun da adı ailə tərkibinə salınmalıdır.
Bu ilin may ayının 27-də, nazir müavini Hidayət Abdullayev Ucar şəhərində vətəndaşların qəbulunu keçirərkən, mən də həmin qəbulda olmuşam. Ailəmə sosial yardımın verilməsinə problem yaradan həmin məsələni onun özünə də çatdıraraq, demişəm ki, hərbi xidmətə gedən zaman, oğlum, bütün sənədlərini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinə təhvil verib. Oğlumun şəxsiyyət vəsiqəsini isə, Etibarnamə olmadan bizə verməzlər və heç bunu istəməyə də, bizim haqqımız çatmır. Şəxsiyyət vəsiqəsi olmadan, sosial yardım üçün verilən ərizə formasına hərbi xidmətdə olan oğlumun adını salmaq mümkün deyil. Qəbul zamanı nazir müavini mənim iradlarımla tam razılaşdı və Dövlət Sosial Müdafiə Fondunun Göyçay Rayon Şöbəsinin Cəbrayıl adlı əməkdaşına ciddi şəkildə tapşırdı ki, mənim sosial yardım üçün müraciətimə belə əsassız imtinalar verilməsin. Cəbrayıl müəllim də, Hidayət müəllimə söz verdi ki, bu dəfə mənim ailəmin maddi-məişət yoxlanılmasını şəxsən özü keçirəcək və ciddi bir səbəb olmasa, ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlı əsassız imtina da, Qərardan çıxarılacaq.
Həmin qəbuldan bir neçə gün sonra, şəxsən Cəbrayıl müəllimin özü mənim ailəmin maddi-məişət şəraitinin yoxlanılmasını həyata keçirdi və dedi ki, başqa əsaslı səbəb olmasa, imtina verilməyəcək. Lakin bu yaxınlarda yenidən mənə imtina gəlib. Yenə də, imtinada «ailə tərkibinin düzgün göstərilməməsi» əsas səbəb kimi göstərilib.
Bu imtinanı gördükdən sonra, mən Cəbrayıl müəllimlə telefonla əlaqə saxladım və təkrar mənə əsassız imtina verildiyini dedim. O, əvvəlcə mənə dedi ki, oğlumun xidmət etdiyi hərbi hissədən arayış gətirməliyəm. Mən onun bu sözünə etiraz edərək, bildirdim ki, oğlum Qarabağda hərbi xidmətdədir. Məni kimdir ora buraxan?! Bundan sonra, Cəbrayıl müəllim sözünü dəyişərək dedi ki, mən notariusa deməliyəm və notarius da, ərizə formasına oğlumun hərbi xidmətdə olmasını qeyd etməlidir. Cəbrayıl müəllimə bir daha dedim ki, oğlumun heç bir sənədi məndə yoxdur. Şəxsiyyət vəsiqəsi olmadan, notarius onu necə qeyd edə bilər?! Mənim bu sualıma Cəbrayıl müəllim belə cavab verdi: «O, sizin probleminizdir, necə istəyirsiniz, elə də edin».
Çox hörmətli Mehriban xanım, mən dəfələrlə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə teleqarm göndərərək, məni qəbul etməsini xahiş etmişəm. Bu teleqramlar, necə deyərlər, “daşın üstünə də getsəydi, daş dil açıb mənimlə danışardı!”. Lakin Sahil Babayev mənim bu teleqramlarımın heç birinə çavab verməyib. Axı, dövlətimizin öz vətəndaşı üçün ayırdığı sosial yardım aztəminatlı ailələrə verilməsi üçündür, xalqa zülm etmək üçün deyil! Ona görə də, Sizdən, dönə-dönə onu xahiş edirəm ki, məni nazir Sahil Babayevlə və onun müavini Hidayət Abdullayevlə şəxsən qəbul edə, bu məsələnin yoluna qoyulmasına ciddi tapşırıq verəsiniz! Kömək üçün, Sizə, qabaqcadan öz minnətdarlığımı da çatdırıram!”.
Doğrudan da, kasıb və imkansız bir ailəyə qarşı belə bir haqsızlıq, sözün həqiqi mənasında, qəbuledilməzdir. Açıq-aydın göründüyü kimi, dövlətimizin ayrdığı sosial yardımı almaq üçün, aidiyyatı qurumlara müraciət edən bu ailənin xeyli müddətdir sosial yardım ala bilməməsinin səbəbi, nazirlik əməkdaşlarının tərəfindən yoxlamalar aparılarkən, səhlənkarlığa yol verilməsidir. Bunu da ona görə edirlər ki, üç ay bitəndən sonra, yenidən sənəd toplanılması üçün vaxt uzadılsın. Bu iddianı da, vətəndaş xanım öz şikayətinə
qeyd edib.
Sonda, araz.az bir xəbər portalı olaraq, bir daha bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafi Fondunun qanunlarımız çərçivəsinə sığmayan belə bəhanələri ictimai narazılıqların durmadan artmasının başlıca səbəbidir. Axı, dövlət yardımını almağa, hər bir ailə üzvü üçün, ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Lakin buna haqqı çatan ailələr bundan məhrum edilirlər. Bu isə, belə ailələrin çətin durumda qalmasının və hədsiz çətinliklər içində nə edəcəyini bilməməsinin başlıca səbəbidir. Bu yazıdan da göründüyü kimi, valideyn olaraq tək qalan bu ananı da, artıq, başqa bir təlaş bürüyüb. O, övladlarının gündəlik yaşayış ehtiyaclarını belə ödəməyə çalışsa da, buna nail ola bilmir. Üstəlik, hər gün daha bir dərdə düşür və bu, valideyn ananı olduqca sarsıdır.
Bu ailə, doğrudan da, aztəminatlıdır. Sosial yardıma ehtiyacı olan bir ailə kimi, dövlət proqramına uyğun olaraq, yardıma ehtiyacı var. Ehtiyacı və iqtisadi cəhətdən təminatı az olan, ailə başçısını itirən bu ailəyə sosial yardım ayrılmalıdır ki, valideyn olaraq tək qalan ana, övladlarının heç olmasa gündəlik ehtiyaclarını ödəyə bilsin. Əks hal olduğu üçün, valideyn də, uşaqlar da çətin durumda qalıblar.
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.