экрана 2022 07 11 093825Ölkəmizdə iki gündür Qurban Bayramı qeyd olunur. Qurban Bayramının deyil də, kəsilən qurbanların əleyhinə o qədər paylaşım gördüm ki…

Öncədən deyim ki, yazdıqlarım mənim şəxsi düşüncələrimdir. Başqalarının düşüncələrini qəbul etməsəm də, loyal yanaşıram.

O adamlar bəlkə də yaşadıqları həyat boyu heç nəyi qurban etməyiblər. Qurbanın nə olduğunu bilmirlər.

Onlar sadəcə bir qoyunun kəsilməsinə etiraz edirlər. Guya qan tökülməsinə etirazdır bu. 

Bunlar o adamlardır ki, (ümumi olaraq nəzərdə tutmuram) bəlkə də onlar restoranda ən körpə quzunun kababını sifariş edənlərdir. Kababın sümüyü də xırda olsun, iki damaq arasında xırçıltısı eşidilsin, arzusunda olanlardır. Bu bayramı ələ salan, rixşənd edən çox adamlar gördüm. Bu inancla məzələnən xeyli dostlarım da var. 

Fikrimi birbaşa deyirəm. Başqasının inancını ələ salmaq alçaq bir hərəkətdir. Başqasının inancını qəbul etməyə bilərsən, sənin inancın fərqli ola bilər, hətta onu doğru inanca dəvət də edə bilərsən (baxmayaraq, mütləq həqiqət yoxdur), o adamın dini inancını tənqid də edə bilərsən, amma onu ələ salmaq pis bir hərəkətdir. Burada bu kateqoriyadan olanlarla bağlı fikirlərimə nöqtə qoyuram və deyirəm: Hətta inancsızlığın özü də inancdır… 

İndi gələk qurban məsələsinə.

Qurbanlıq təkcə boynuna qırmızı lent bağlanmış bir qoyunun, qoçun kəsilməsidirmi?

Mən bu inancı, bu fəlsəfəni tamam başqa cür qavrayıram. Düzdür, zəiflər hər zaman güclülər üçün öz həyatını qurban edib. Qoyunlar, qoçlar, dəvələr hər zaman inasan varlığından zəif hesab olunub. Məşhur deyimdəki kimi: xırda həşərat böyük həşəratdan qorxub, qoyun qurddan, gücsüz adam güclüdən, cəmi bəşər də Allahdan… 

Bu hikmət o deməkdir ki, bəşər belə yaranıb…

Amma… Qurban etmək təkcə qoyun-quzu kəsməkdirsə, 5-10 qonşunun hərəsinə bir kiloqram ət paylamaqdırsa, bu, ruhanilik deyil ki… Ədalət göstəricisi heç deyil. Allahın əmridirmi? Bu haqda heç nə deyə bilmərəm. Allah bu qədər xırda işlərlə məşğul deyil məncə…

Qurbanlıq şəxsi düşüncəmə görə tamam başqa bir anlayışdır.

Qurbanlıq bir insanın öz maraqlarını qurban verməsidir. Hikkəsini, kinini, eqosunu qurban verməsidir. Xəstə düşüncələrini qurban etməsidir. Yaşadığı bu həyatı başqalarının problemləri üzərində qurmaq istəyini qurban verməsidir. Acgözlüyü, hərisliyi empatiyaya qurban verməsidir. Bütün günü deyinmək həvəsini susqunluğa qurban etməkdir. Başqasının haqqına girmək hissini qurban etməkdir. Rüşvəti, korrupsiyanı ədalətə qurban etmək hissidir… 

Qurbanlıq qurban olmaq hissidir. Qurban etdiyin nəsnənin yerində özünün də ola biləcəyini bütün varlığınla hiss etmək gücünü özündə tapmaq duyğusudur. Qurbanlıq məncə, budur. Övlada, valideynə, ailəyə, vətənə özünü fəda etmək hissidir. 

Bunu kim hiss edir?

Kim hiss etmirsə, o başqa dünyanın adamıdır. 

Bütün hallarda hamımız qurbanıq. Sadəcə, xəbərimiz yoxdur!

Qurbanlıq, təkcə qoyun olmaq deyil…

Elnur MƏMMƏDLİ.

 

araz.az xəbər portalı.