1657982542189212575 1000x669

Azərbaycanda şəhid ailələrinə və qazilərə hərtərəfli qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Onların sosial problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən məqsədyönlü tədbirlər görülür.

araz.az bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, müharibənin törətdiyi fəsadlardan doğan psixoloji amillər ən ağır stres faktoru kimi qəbul edilir: “Müharibə istər qələbə, istərsə də məğlubiyyətlə bitsin – bəşəriyyətdə, cəmiyyətdə ən ağır nəticələr verən prosesdir. Müharibənin insanların sağlamlığına təsiri həddindən çox ağırdır. Belə ki, psixoloji sarsıntılar bəzən qəlpə və digər yaralardan ağır olur. Çünki əlilliyə səbəb olan qəlpə və digər yaralar fizioloji müalicə olunaraq sağalsa da, psixoloji yaralar, travmalar uzun müddət sağalmaya bilər. İnsan həyatına daha çox təsir edən məhz psixoloji zədələrdir”.

Dünyanın bir çox ölkələrində müharibələr baş verdiyini, onların iştirakçılarının belə psixoloji travmalara məruz qaldıqlarını bildirən Şair Ramaldanov qeyd edib ki, insanlar uzun müddət, bəzən də heç sağalmayan psixoloji travmalarla yaşamalı olurlar: “Böyük dövlətləri götürsək, məsələn, ABŞ-Vyetnam müharibəsinin iştirakçıları məhz bu travmalardan həddindən çox əziyyət çəkiblər. Vyetnam müharibəsindən sonra, hətta illər sonra insanlar məhz elə həmin travmanın nəticəsi olaraq intihar edir, bəzən hansısa cinayət törədir, yaxud insanlara atəş açırdılar. Səbəbini araşdıranda aydın olurdu ki, bu hal məhz müharibənin insan psixologiyasında buraxdığı travmanın nəticəsidir. Onların arasında özünə qəsd edən də az deyildi. Eləcə də Əfqanıstan müharibəsindən sonra keçmiş SSRİ-də bununla bağlı böyük reabilitasiya proqramları var idi. Amma yenə də belə halların qarşısını tam şəkildə ala bilmirdilər”.

Hərbi ekspert vurğulayıb ki, ölkəmiz də 30 il ərzində müharibənin ağrı-acısını yaşayıb. “Müharibənin ən qorxulu travması insan psixologiyasına olan təsiridir. Bu, olduqca diqqət tələb edən və cəmiyyəti düşündürən məsələdir. Dövlət Vətən müharibəsi iştirakçılarına, veteranlara böyük diqqət və qayğı göstərir. Şəhid ailələri, qazilərin sosial təminatı, problemlərinin həlli ilə bağlı mühüm işlər görür, onlara fərdi qaydada mənzil verilir, pensiya, müxtəlif ödənişlərlə təmin olunur”, – deyə hərbi ekspert qeyd edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.