metbuat 930x530

Çevrənizdən, yaxınlarınızdan duymamış olmarsınız ki, hansısa hökumət strukturunda haqqı tapdanan, məhkəmə salonlarında ədaləti tapa bilməyənlər “Mətbuata çıxacam” ifadəsini uca səslə ifadə etsin.

Bəli, bu, gələcəyinə ümidini itirdiyimiz mediaya vətəndaşımızın güvəncidir.

Ömrünün 147-ci ilinə qədər Azərbaycan mediası üçün yüksəliş və enişli illər olub.

Xüsusilə, ikinci müstəqilliyimizdən sonra ölkənin ən ünlü qələm sahiblərinin yolu həbsxanalardan keçib.

Azad sözə görə həbslərə, təqiblərə, susdurmalara rəğmən Azərbaycan mediası bu gün ayaqda qala bilib.

Bəlkə də çoxları hesab edir ki, artıq Azərbaycanda azad media adına bir şey qalmayıb.

Amma bir az fərqinə varanda fəaliyyətini həqiqi mənada demokratik dövlət quruculuğu yönündə quran, ifadə azadlığına xidmət edən mətbuat orqanlarını, jurnalistlərimizi görə bilirik. Sayı azdır, bəlkə də barmaqla sayıla biləcək qədər azdır.

Amma ölkədəki azad söz mühitində bu azlığın önəmli rolu var. Bu gün  hökumətin qüsurlarını dilə gətirə biliriksə,  insan haqları problemlərini, məhkəmə-hüquq sisteminin mövcud durumunu olduğu kimi ifadə edə biliriksə, demək yaşayırıq və çalışmağa dəyər.

Məhz medianın bəzi səs-küylü olaylara  qarışmasının səbəbidir ki, ölkə başçısından tutmuş, nazirlərə qədər reaksiyalar olub və ədalətli nəticə  əldə olunub.

Belə nümunələr çoxdur.

Zamanlar olub ki, mən də ümidsizliyə qapılanlardan olmuşam.

Amma ölkəmizin seçdiyi yolun (Hər halda Konstitusiyada belədir) demokratik dövlət quruculuğu prinsiplərinə söykəndiyini nəzərə alanda, azad medianın da uğurlu gələcəyinə ümid etmək olar.

Açıq etiraf edək ki, hazırda Azərbaycanda müstəqil medianın faəliyyəti üçün ciddi təminat yoxdur. Buna həm real şəraitə, həm də qanunvericilik bazaya istinadən söyləmək olar.

Ölkə mediası faktiki asılılıq vəziyyətində fəaliyyət göstərir, reklam bazarı  yoxdur.

Yeni qəbul olunan mübahisəli media qanunu da medianın faəliyyətinə nəzarət funksiyasını həyata keçirir.

Ancaq Azərbaycanın bir reallığı var. Bu, internetdir.

Bunu ölkə rəhbəri də dəfələrlə bəyan edib ki, ölkənin bütün hüdudlarında internet varsa, ifadə azadlığının qadağan olunmasından söhbət gedə bilməz. Müəyyən mənada razılaşmaq olar. Amma burada vacib bir məqam var. Əgər vətəndaş onsuz da informasiya blokadasında  qalmırsa, o zaman ölkə daxilində mediaya müstəqillik verməmək nə deməkdir?

Əgər vətəndaş pozulan hüququnu ölkə daxilindəki media quruluşları vasitəsi ilə ictimailəşdirə bilmirsə və gedib söyüş tribunalarına çıxırsa, bu, yanlış siyasətdir. Həm də hökumətin özü üçün ziyanlıdır. Ölkədə yerli medianın azad fəaliyyətini qadağan eləməklə, özünə düşmən hesab etdiyi mühacir medianın auditoriyasını genişləndirmiş olur.

Bundan başqa Azərbaycan dünyada mətbuat azadlığına görə Cənubi Qafqaz ölkələrində ən sonuncu yerdə gəlir. Bu gün ölkəmiz  dünyanın ən nüfuzlu təşkilatlarının tənqid hədəfindədir.

Onlar arasında dövlətlərarası təşkilatlar olan Avropa Şurası, ATƏT, Avropa İttifaqı, BMT və sair qurumlar var.

44 günlük Vətən savaşında Azərbaycan bir zamanlar inkarçı və düşmən mövqeyi sərgilədiyi Amnesty İnternational və Human Rights Watch  təşkilatına müraciət etdi və bu təşkilatlardan obyektiv bəyanatlar eşitdi.

Adıçəkilən qurumların ermənilərin Gəncə və Bərdədəki dinc əhaliyə qarşı raket hücumundan sonrakı açıqlamalarını unutmadıq.

Ona görə hökumət inkarçı mövqedən çəkinməli beynəlxalq qurumlarla əməkdaşlığa meyl göstərməlidir.

Dövlətin qarşısında birinci vəzifə media üçün reklam bazarının olmasıdır.

Bu gün təəssüflə demək olar ki, Azərbaycanda  “Press-reliz” yazan media yaranmaqdadır. Ödənişli əsasla informasiyalarını yazdığı nazirliyi tənqid artıq həmin media orqanının ağlından keçmir.

Ona görə də mətbuata özünü maliyyələşdirmə imkanı verilməlidir ki, bu tendensiya  aradan qalxsın.

Dövlətin təqdir ediləsi faəliyyətinə də toxunmaq yerinə düşər. Söhbət reket mediaya qarşı mübarizədən gedir. Mətbuat adına ləkə gətirən, reketçilik fəaliyyəti ilə cəmiyyəti çaşdırmağa çalışanlar axıradək ifşa olunmalıdır.

Pərviz HƏŞİMLİ.

araz.az xəbər portalı.