turalabbasli77

“Partiya olaraq heç vaxt elə mövqeyimiz olmayıb ki, hər hansısa məsələni qaldırdıq, tənqid etdik və buna görə də bizi eşidib, həll etdilər. Bizim, şəxsən mənim belə bir iddiam olmayıb. Səfər Mehdiyev haqqında ən çox tənqid edənlərdən biri biz olduğumuz üçün insanlarda belə bir rəy yarana bilər. Tənqidi şəxsimizə və özümüzün təəssüratına görə etmirik. Bir çox vaxtlarda bu tənqidlər sosial sifariş şəklində gəlir və bu sifarişi icra edir, insanlardan gələn narazılıqları ifadə edirik. Narazılıqlar ədalətli olduğu üçün onlar əvvəl-axır öz təsdiqini tapır. Bəzi adamların rüşvətxor və korrupsioner olmaları təsdiqini tapanda onlar vəzifədən azad edilirlər. Sahil Babayevi şəxsən tanımıram, görməmişəm. Bizim nə asılacağımız, nə də keçəcəyimiz var və tənqid edirik deyə onu vəzifədən uzaqlaşdıracaqlar kimi bir iddiamız da yoxdur. Bu dəqiqə Azərbaycan əhalisinin əksəriyyəti Sahil Babayevdən narazıdır. Əgər o vəzifədən uzaqlaşdırılacaqsa, bu, mənim dediyimə, ya da kiminsə dediyinə görə olmayacaq, əhalinin narazı olduğuna görə olacaq. Bir çox hallarda belə məsələləri kimin qaldırması önəmli deyil. Əsas odur ki, narazılıq yaradan hallar aradan qaldırılsın. İstər bunu müxalifətdən kimsə desin, istərsə də iqtidarda…”

araz.az  Pravda.az-a istinadən bildirir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Partiya sədri bildirib ki, əhalini, insanları, xalqı, cəmiyyəti narahat edən proseslər və neqativ hallar aradan qaldırılmalıdır: “Müxalifət olaraq işimiz tənqid etməkdir. Müxalifətin işi hakimiyyətin çatışmazlıqlarını ictimailəşdirmək, gündəmə gətirməkdir. Ancaq yenə də qeyd edim ki, bizim elə bir iddiamız yoxdur ki, kimisə tənqid etdik və buna görə də onu işdən çıxardılar. Ona qalsa Səfər Mehdiyevi bir ildən çoxdur, tənqid edirik, ancaq o, hələ indi çıxarılır. Sahil Babayevi isə, ümumiyyətlə, təyin olunandan tənqid edirik, amma o hələ də vəzifədədir. Mən bunu qətiyyən tənqidimizə bağlamıram. Hakimiyyət, Prezident onu ora təyin edəndə məndən fikrimi almamışdısa, azad edəndə də məndən fikir alası deyil ki… Bu hakimiyyətin qərarı və Prezidentin hüququdur. Biz, sadəcə olaraq, harada neqativ hal görsək, tənqid edirik və edəcəyik də…”

araz.az xəbər portalı.

araz.az xəbər portalı.