Bakıda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə təqsirləndirilən Şahid Şahin oğlu Bayramovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
araz.az Pravda.az-a istinadən bildirir ki, topalanan iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi Aynurə Sadıqovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası avqustun 3-nə təyin edilib.
İş üzrə Daxili İşlər Nazirliyi zərərçəkmiş qismində tanınır.
Qeyd: 2021-ci ilin avqustunda karantin rejiminin pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyindən Baş Prokurorluğa daxil olan məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı müəyyən edilib ki, ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sərbəst hərəkət etməyə məhdudiyyət qoyulduğu dövrdə vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçən Şahid Şahin oğlu Bayramov vəzifəli şəxs kimi öz səlahiyyətlərindən sui-istifadə edərək 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları ərzində Bakı şəhəri və onun ətraf rayonları ərazisində sərbəst hərəkət etmələrini təmin etmək məqsədilə 90 nəfərdən artıq şəxsin şəxsi məlumatlarını Dövlət Əmək Müfəttişliyinin “Əmək Müqaviləsi Bildirişi” altsisteminə daxil edib, bununla da karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaradıb, nəticədə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanıb, istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.