WhatsApp Image 2022 07 31 at 00.02.50

ŞAHBAZ ŞAHBAZOV:
“Möhtərəm Prezident! Ədalətin zəfər çalmasında bizə köməklik göstərin!”

“Bakı Kommersiya Məhkəməsinin son vaxtlar qəbul etdiyi “Müvəqqəti Təminat Tədbiri Barədə” qərardadlarından da aydın görünür ki, bu məhkəmənin hakimləri sahibkar fəaliyyətinə maneələri aradan qaldırmaqdansa, bunun əksinə getməkdən, hətta böyük bir müəssisənin fəaliyyətinin dayandırılmasına səbəb olacaq qərardadlar çıxarmaqdan belə çəkinmirlər”.

araz.az xəbər verir ki, bunu, Prezident İlham Əliyevə Müraciətində, ölkəmizdə həkim və iş adamı, Riyad” Şirkətlər Qrupunun qurucularından biri kimi yaxşı tanınan, professor Şahbaz Qara oğlu Şahbazov xüsusi vurğulayıb. Hal-hazırda qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən müraciət müəllifi başına gətirilənlərlə və üzləşdiyi qanunsuzluqlarla bağlı, ölkə başçısından kömək istəyib. Professorun birbaşa İlham Əliyev cənablarına ünvanladığı həmin Müraciətini cüzi ixtisarla araz.az oxucularına da təqdim edir:

“Mohtərəm Prezident!

Bu Müraciətimdə məhkəmələrin əli ilə sahibkarlığın necə məhv edilməsini təsvir etməyə çalışacam. Bunu özüm görəndən sonra, bu sahədə durumun nə qədər acınacaqlı olmasının şahidi oluram. Məhz bu səbəbdən də, Sizdən bir daha kömək istəyirəm.

Cənab Prezident, Sizin, “Məhkəmə-hüquq Sistemində İslahatların Dərinləşdirilməsi haqqında” 3 aprel, 2019-cu il tarixli 604 saylı Fərmanınızda sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədi, vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyətiylə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış bir məhkəmənin yaradılması nəzərdə tutulmuşdu. Lakin Bakı Kommersiya Məhkəməsinin son vaxtlar qəbul etdiyi “Müvəqqəti Təminat Tədbiri Barədə” qərardadlarından da aydın görünür ki, bu məhkəmənin hakimləri sahibkar fəaliyyətinə maneələri aradan qaldırmaqdansa, bunun əksinə getməkdən, hətta böyük bir müəssisənin fəaliyyətinin dayandırılmasına səbəb olacaq qərardadlar çıxarmaqdan belə çəkinmirlər. Doğrudan da, məhkəmənin hakimləri Pirverdiyev Zaur Rafiq oğlunun və Əliyeva Aytən Heydər qızının qəbul etdiyi “Müvəqqəti Təminat Tədbiri Barədə” qərardadlarında, yuxarıda dediklərim açıq-aydın öz əksini tapır. Hakim Əliyeva Aytən Heydər qıznın qəbul etdiyi Qərardadla, “Azinteroil” MMC-nin (VÖEN 1400152671) adından bütün hüquqi nəticə yarada biləcək hərəkətlərin edilməsinin, o cümlədən, bütün növ sənədlərin, müqavilələrin, etibarnamələrin hazırlanması, imzalanması, təqdim edilməsi və istifadə olunması, vergi, maliyyə və bank əməliyyatlarının aparılması, “Azinteroil” MMC-nin istifadəçi kodu, parolu və şifrəsindən, pin kodundan, “Asanİmza”sından və möhürdən istifadə olunması cavabdehlər Əliyeva Solmaz Əlifağa qızına, Şahbazov Şahbaz Qara oğluna, Ağalarov Orxan Ehtibar oğluna, Şahbazov Yaqub Qara oğluna, şirkətin direktoru Əzizov Şahnəzər Abbas oğluna, “Azinteroil” MMC-yə və digər şəxslərə qadağan edilmişdir.

Təsəvvür edin, Əzizov Şahnəzər Abbas oğlu, MMC-nin 75 faiz payına sahib olan biz təsisçilər — Əliyev İlqar
Aqil oğlu və Şahbazov Şahbaz Qara oğlu tərəfindən qanuni əsaslarla direktor təyin edilmiş və vergilər xidmətində reyestr xidmətindən qeydiyyatdan keçirilmişdir. Əksinə, əvvəlki direktor Heydər İbrahimov isə, ötən 10 il ərzində MMC-nin maliyyə-uçot hesabatları barədə bizə məlumatlar verməmişdir. O, İlham Məmmədovun sözü ilə, MMC-nin hüquqi sənədlərini və möhürünü yeni direktor Şəhnəzər Əzizova verməkdən boyun qaçırır. Əvvəlki direktor Heydər İbrahimov 25 faiz pay sahibi olan təsisçi İlham Məmmədovun əmri və birbaşa təsiri altında şirkətin əmlaklarını və əmlaklarından gələn gəlirlərini mənimsəyir, şirkətdə maliyyə auditi aparılmasına imkan vermirlər. Bütün bunlara baxmayaraq, hakim Əliyeva Aytən Heydər qızı, “Riyad” Şirkətlər Qrupuna məxsus bu MMC-nin bütün hərəkətlərinə blok qoyur.

Buradan isə, belə bir sual ortaya çıxır: “Bəs, hakim bu Qərardadı qəbul edərkən, fikirləşməyib ki, hazırda fəaliyyət göstərən MMC-nin 100-dən artıq işçisinin əməkhaqları necə ödənəcək, maliyyə-uçot hesabatları necə aparılacaq, vergilər və digər məcburi ödənişlər necə ödənəcək. Biz, bu MMC ilə, bir çox xarici investorlar arasında müqavilə bağlanılmasına, ölkəmizə yeni xarici investorların cəlb edilməsinə çalışırıq. Əfsuslar olsun ki, məhkəmənin bu Qərardadını görən hər bir investor, buraya yatırım etməkdən nədir, hətta bizim ölkəyə gəlməkdən belə çəkinir”.

Bir daha qeyd edirik ki, Müraciətinin
sonunda professor Şahbaz Şahbazov Prezident İlham Əliyevdən xahişlə kömək istəyib: “Cox xahiş edirəm ki, İlham Məmmədovun bağışlanmaz günah və təqsirləri ucbatından, bizim məhkəmələrdə olan bütün işləri öz nəzarətinizə götürəsiniz! Bu, doğrudan da, çox prestijli “Riyad” Şirkətlər Qrupunun və onun tərkibindəki bütün böyük müəssisələrin adına ləkə və biabırçılıqdır. Məhkəmələrdə İlham Məmmədovun sifarişlərinin yox, ədalətin zəfər çalmasında bizə köməklik göstərməyinizi Sizdən dönə-dönə xahiş edirəm. Göstərəcəyiniz köməyə görə, Sizə, qabaqcadan minnətdarliğımızı da çatdırıram”.

WhatsApp Image 2022 07 30 at 23.40.08

Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.