“Səhvi təshih etməmək daha bir səhvdir.” (Konfosiyos)
“Kitabi-Dədəm Qorqud” yazılı dastan abidəsinin Drezden nüsxəsinin kitabət tarixi ilə bağlı Firuz Rifahi tərəfindən belə bir iddia irəli sürülmüşdür ki, bu nüsxənin üzü hicri tarixlə 466-cı ildə köçürülmüşdür [1]. Bununla razılaşmadığım üçün Bakıda dərc olunan “Təzadlar” qəzetində öz tənqidi mülahizəmi “Yanlış tapıntı” başlığı ilə çap etdirdim [2]. “Kitabi-Dədəm Qorqud”un həmin nüsxəsində gedən “İstanbul” sözünə istinad edərək yazmışdım: “Əgər bu kitabın üzünün köçürülmə tarixi h.466-da olmuş olsaydı, İstanbulun o dövrdəki adı “Konstantinopol” və yaxud “Kostantiniyə” yazılardı. “İstanbul” sözü Kostantiniyənin fəthindən sonra (m.1453) meydana çıxmışdır”.
Həmin bir neçə sətirlik yazının qəzetdə dərcindən bir neçə ay sonra bir daha bu xüsusda tədqiqatı davam etdirmək məqsədilə İbni Bibinin Rum Səlcuqilərinin tarixinə həsr etdiyi qiymətli əsərin faksimilesini Berlin Dövlət Kitabxanasından əldə etdim. İbni Bibi h.679/m.1381-ci ildə əsərin yazılıb tamamladığı tarixini daşıyan “الا وامرالعلایه فی الامورالعلایه” kitabını III Qiyasəddin Keyxosrov kitabxanası üçün təlif etmişdir. Həmin tarix kitabının bir neçə yerində “İstanbul” sözünə rast gəldim. Kitabın 15-ci səhifəsində belə bir başlıq var: “Zikri-rəşidani-Sultan əz tərəfi-məğrib becanibi-İstanbul” [3]. Bu kitabı Əli Yazıçızadə II Murad adına “Oğuznamə” adı ilə türkcəyə tərcümə etmişdir. Sultan Murad 18 yaşında ikən taxta oturmuş və h.855/m.1451-ci ildə vəfat etmişdir. Deyilən bu “Oğuznamə”nin bir nəfis nüsxəsi Berlin Dövlət Kitabxanasında qorunur. [ms.or-quart.1823] şifrli həmin kitabın 57b vərəqində oxuyuruq: “… və gəmiçilər yelkənlərin qaldırıb İstanbul tərəfinə mütəvəccih oldular” [4].
Bu kimi canlı faktlara əsasən artıq məlum olur ki, İstanbulun fəthindən öncə “Kostantiniyə” adı ilə yanaşı istər şifahi, istərsə də yazılı ədəbiyyatda “İstanbul” sözü də məmul və işlək idi. Tamamilə borcum idi ki, öz səhvimi təshih etməklə bərabər, Firuz Rifahidən və “Təzadlar” qəzetinin oxucularından üzr istəyim. Qeyd edilməlidir ki, bu, Rifahinin “Kitabi-Dədəm Qorqud”un Derezden nüsxəsinin köçürülmə tarixi ilə bağlı iddianın təsdiq etmə anlamına gəlmir. Bu xüsusda ciddi tədqiqat aparılmalı və yeri gəlmişkən, “İstanbul” sözünün izahı da verilməlidir. Bu söz yunancadır, “istin poli”, yəni “şəhərə tərəf” deməkdir.
Bu məqalə eynilə “Təzadlar” qəzetinə göndərilir.
Berlin, 15.09.2020.
Məhəmmədəli Hüseyni
Ədəbiyyat:
- Rifahi Firuz. “Dədə Qorqud”un son səhifəsi haqqında”. “AZƏRİ” dərgisi. Tehran, № 25-26, Tabistani-payız, 1394, s.226-237.
- Hüseyni Məhəmmədəli. “Yanlış tapıntı”. “Təzadlar”. Bakı, № 41 (2226), 3 sentyabr 2019, s.11.
- İbni Bibi. El-Evamirül-alaiyyə fil-ümurül-alaiyye. Tıpkıbasım, önsöz və …, Adnan Sadık Erzi, Ankara, Tarih kurumu, 1956, s.51.
- https://digital.staatsbibliothek-berlin.de/werkansicht/?PPN=PPN74633155X
araz.az xəbər portalı.