Azərbaycan jurnalistləri özlərinin 8-ci qurultayına hazırlaşırlar. Qurultay 24 sentyabrda keçiriləcək. Artıq qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi də yaradılıb. Qurultay nümayəndələrinin seçilməsi mərhələsinə start verilib. Burada Mətbuat Şurasının rəhbərliyinin yenilənməsi də nəzərdə tutulur. O cümlədən qurultayda idarə heyətinin yeni tərkibi seçiləcək.
araz.az Yeni Müsavat-a istinadən bildirir ki, MŞ-nin nizamnaməsinə də ciddi dəyişiklik ediləcək. Bu dəyişiklik əsasən sosial media fenomenlərinin Mətbuat Şurasının rəhbərliyində təmsil olunma imkanlarını yaratmağa hesablanıb. Əsasən çap mediasının rəhbərlərindən təşkil olunan MŞ İH yenilənərək, elektron və sosial media təmsilçilərini də öz içərisinə alacaq. Bu da Azərbaycanın informasiya strukturlarının müasir dövrə uyğunlaşdırılması ideyasından doğan gerçəkliyin nəzərə alınması, sosial mediaya inteqrasiya olunmaq anlamını daşıyır.
Elçin Mirzəbəyli: “Yeni insanların proseslərdə iştirakına normal yanaşıram, lakin…”
Mövzu ilə bağlı əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Hesab edirəm ki, nizamnamədə dəyişikliklərin olması zəruridir, çünki media anlayışı bu gün daha geniş sektoru əhatə gedir. Bu baxımdan hesab edirəm ki, bütövlükdə media sektorunda, onun bütün seqmentlərində çalışan insanların Mətbuat Şurasının İdarə Heyətində, rəhbər qurumlarında təmsil olunmasında fayda var. Bu həm də ənənəvi və yeni, sosial media sektorunda çalışan insanların arasında ünsiyyətin genişlənməsinə, ortaq qərarların verilməsinə, problemlərin həlli yolları haqda birgə müzakirələrin aparılmasına müsbət təsir göstərə bilər. Bu baxımdan nizamnaməyə bu qəbildən olan dəyişikliklərin edilməsini zəruri hesab edirəm.
Lakin bütün hallarda qərarlar nəticə etibarı ilə jurnalistlər tərəfindən veriləcək. Bu baxımdan da hadisələri tezləşdirmək istəməzdim. Sentyabrın 24-də artıq qərarların qəbul olunacağı hər kəsə məlum olacaq.
Bəziləri qeyd edir ki, qurumun rəhbərliyində artıq gənclər də təmsil olunsun. Yeni insanların proseslərdə iştirakına normal yanaşıram, lakin hər zaman bildirirəm ki, yaş həddi göstərici deyil. Bu baxımdan təbii ki, gənclərə yol açmaq, imkan yaratmaq lazımdır, onlar da idarəçilik sistemində təmsil olunmalıdır, lakin təcrübə mühüm faktordur. Elə məsələlər var ki, onlar təkcə bilik və yaxud mütaliə ilə əldə olunmur, təcrübə ilə qazanılır. Proseslərin içərisindən keçən insanlar bunu kifayət qədər yaxşı bilir. Bu baxımdan yaşlı və gənc nəsil arasında birgə fəaliyyətin olması, təcrübə ilə çevikliyin dinamizninin inteqrasiya olunmasının tərəfdarıyam. Düşünürəm ki, bu daha yaxşı tendensiya olardı”.
Elçin Zahiroğlu: “Mətbuat Şurasında ciddi inqilabi dəyişiklik olmasını istəyirəm”
“BakuPost” saytının baş redaktoru Elçin Zahiroğlu da qurumda dəyişikliklərin olmasının tərəfdarı olduğunu dedi:
“Çünki Mətbuat Şurasının nizamnaməsi yarandıqdan sonra yeni media resursları, yeni formatlar, sosial şəbəkələr, “YouTube” platforması gəldi və həmin nizamnamə ilə bütün bunların hamısını əhatə etmək mümkün deyil. Ona görə də yeniliklərin olması lazımdır. Mətbuat Şurasının həm rəhbərliyində, həm də İdarə Heyətində dəyişiklik olmasını, yeni simaların gəlməsini gözləyirəm.
Ümumiyyətlə, çox istərdim ki, KİV-ə Dəstək Fondunda olan ciddi inqilabi dəyişiklik Mətbuat Şurasında da olsun. Yəni fərqli bir qurum yaradılsın, yeni insanlar cəlb olunsun və qurum dost-qardaşların məclisindən media üçün ciddi işlər görən, jurnalistlərin problemlərini nəzarətdə saxlayan, onları aidiyyəti qurumlara çatdıran, reputatsiyası, səlahiyyətləri, təsir imkanları böyük olan bir quruma çevrilsin.
Əlbəttə, bunları deməklə əvvəlki rəhbərliyi, orada təmsil olunan şəxslərin əməyini sıfıra endirməyi nəzərdə tutmuram. Onlar əllərində olan imkan qədər müəyyən işləri görməyə çalışıb, dost münasibəti göstəriblər. Lakin fikrimcə, daha böyük imkanlar var və daha böyük işlər görmək, çərçivədən çıxmaq üçün rəhbərlik artıq yenilənməlidir.
Həmçinin çox istərdim ki, həmin Mətbuat Şurası ideyasını irəli sürən, lakin sonradan sonrakı proseslərdən tamamilə kənarda saxlanılan şəxslər də qurumun yenidən qurulması işində yaxından iştirak etsin, öz ideya və təkliflərini irəli sürsünlər. Düşünürəm ki, biz bu zaman daha mükəmməl Mətbuat Şurasını görmüş olarıq”.
Bu arada, bir sıra media təmsilçiləri də bildirirlər ki, Mətbuat Şurası, sadəcə, bir QHT-dir, onun real təsir imkanları yoxdur, səlahiyyətləri artırılmalı, formatı dəyişməlidir. Bəs ekspertlərin bu məsələyə mövqeyi necədir?
Fazil Mustafa: “İmkan yaratmaq lazımdır ki, Mətbuat Şurasında müəyyən bir rəqabət ortamı olsun, məmur quruluşuna çevrilməsin”
Millət vəkili Fazil Mustafa mövzuya bu cür şərh bildirdi: “Mətbuat Şurasının fəaliyyəti ilə bağlı təbii ki, Azərbaycan cəmiyyətində müxtəlif fikirlər var, o cümlədən tənqid və təqdir. Hər halda, yaradılan bu qurumun mətbuatla bağlı müəyyən addımların atılmasında, qanunvericiliyin təkmilləşməsində rolu var. Amma mərkəzləşmə mətbuat qurumunun müəyyən dərəcədə azad fəaliyyət göstərməsi və təşəbbüskarlıq istiqamətində əngəllər yarada bilir. Bu bütün dövlətlərdə var. Konkret olaraq mətbuatı bir məmur idarəsi altına vermək və yaxud bir standarta gətirmək olduqca problemli məsələdir və həmişə də bunun mübarizəsi gedir. Bizim kimi dövlətlərdə, əlbəttə, bu çərçivənin müəyyən dərəcədə olması, müəyyən qaydaların, etik jurnalist hüdudlarının dəqiqləşdirilməsinə ehtiyac var. Çünki jurnalistikamızın səviyyəsi, hər halda, əvvəlki illərdən xeyli aşağı düşüb, xüsusən də çap mediasının dayanması daha savadlı, hazırlıqlı jurnalistlərin yetişməsinə müəyyən dərəcədə təsirini göstərib. Mətbuat Şurası da konkret olaraq əsas yazılı medianın idarəolunmasında müəyyən rol ala bilirdi. Lakin internet mediasının idarə olunmasında böyük çətinliklərlə qarşılaşır və onlardan peşə etikasının gözlənilməsini tələb etmək olmur. Yəni jurnalistdən tələb edilən peşə etikasını blogerdən və yaxud da saytdan eyni qaydada tələb etmək olmur. Çünki yazı məsuliyyəti ilə virtual aləmdə hansısa informasiyanın, xüsusilə də videoformatda olan informasiyanın yayılması fərqlidir. Bu baxımdan da çətinliklər var.
Amma hər halda, bu qurum əgər qərar alıbsa ki, müəyyən münasibətlərin tənzimlənməsində rol alsın, onda onu təkmilləşdirmək, daha səviyyəli, daha hazırlıqlı, cəmiyyət tərəfindən qəbul olunan kadrlarla müəyyən dərəcədə zənginləşdirmək lazımdır.
İndiki vəziyyətdə də bu qurumun başında duran insanlar uzun illər təcrübəyə malik insanlardır və kifayət qədər mətbuatda da öz imzaları ilə tanınırlar. Yəqin ki, özlərinin müəyyən yeniləşmə ilə bağlı layihələri olacaq. Lakin qurultayın başlamasına çox az zaman qalıb, onlar hələ də onu ortaya qoymayıblar və təəccüb doğuran da budur. Adətən hansısa qurum yeniləşmə ilə bağlı mütləq öz layihəsini təqdim edir – mən nəyi düşünürəm, indiki şərtlərdə necə işləmək lazımdır və sairə. Cəmiyyət bunu gözləyir və bu da yoxdur, ümid də etmirəm ki, yaxın günlərdə olsun.
Həm də imkan yaratmaq lazımdır ki, Mətbuat Şurasında müəyyən bir rəqabət ortamı olsun. Yəni məmur quruluşuna çevrilməsin. Artıq bu qurum bir bürokratik mexanizminə çevrilib ki, bu da mətbuata təsir imkanlarının azalmasında əsas rol oynayan amillərdən biridir. Məhz bunu dəyişmək lazımdır ki, daha yaradıcı, daha açıq, şəffaf və hamı ilə bərabər məsafədə durmağa çalışan və dövlət və mətbuat münasibətlərini tənzimləməyi bacaran bir anlayış orada hakim olmalıdır”.
Qulu Məhərrəmli: “Bu gün MŞ çox nüfuzu olmayan, mətbuata təsir edə bilməyən qurumdur”
Tanınmış media eksperti, professor Qulu Məhərrəmli isə qeyd etdi: “Mətbuat Şurası klassik formada ondan ötrüdür ki, o, cəmiyyətlə mətbuat arasında, mətbuatla hakimiyyət arasında bir körpü rolunu oynasın. Etik qaydaları tənzimləsin, mətbuatın bu və digər problemlərini dilə gətirsin, auditoriyadan, oxuculardan gələn şikayətlərin məhkəməyə çıxmasına qədər problemləri həll etsin. Bu aspektdən hesab edirəm ki, Mətbuat Şurası da mövcud olduğu ilk 3-6 ildə müəyyən qədər çalışa bildi. Çünki birinci idarə heyətinin üzvləri cəmiyyətin çox tanınmış, nüfuzlu insanları idi, qurum kimi cəmiyyəti təmsil edirdi və raketçilik bu qədər inkişaf etməmişdi və sairə. Lakin təəssüf ki, sonrakı illərdə Mətbuat Şurası ciddi şəkildə büdrəmələrə yol verdi, o cümlədən 2008-ci ildə keçirilən qurultayında nizamnamənin dəyişməsi, sədrin seçilmə müddətinin ləğv olunması artıq Mətbuat Şurasına xas olan addım deyildi. Hesab edirəm ki, həmin qurultay Mətbuat Şurasının şüurlardakı nüfuzunu zədələdi. Daha sonra isə qurum mətbuatı idarə edən məmurların əlində bir vasitəyə çevrildi. Doğrudur, idarə heyətində təmsil olunanlar arasında layiqli adamlar var idi, lakin bütövlükdə bu qurumun siyasəti mətbuatın müdafiəsinə deyil, hakimiyyətin istəklərinin ifadəsinə çevrildi. Ona görə də bu gün Mətbuat Şurası, mənim düşüncəmə görə, çox nüfuzu olmayan, mətbuata təsir edə bilməyən qurumdur. ”O, adi bir QHT-dir” fikirləri də buradan qaynaqlanır.
İkinci bir tərəfdən, Media Agentliyinin yaradılması mətbuatın bir çox problemlərini öz üzərinə götürdü, o cümlədən qeydiyyat və digər məsələləri. Hətta yaradıcılıq, mətbuat azadlığı məsələləri də bura daxil oldu. Bununla da Mətbuat Şurasının fəaliyyət meydanı xeyli daraldı.
Görünür ki, hökumətin də indi siyasəti ondan ibarətdir ki, təkcə dövlət qurumunun vasitəsilə mətbuata təsir etmək mümkün deyil. Ona görə də Mətbuat Şurasını təzələmək, ona yeni hava vermək istəyi var. Əlbəttə ki, bu istək əgər həqiqətən də mətbuatı sağlam, azad görmək istəyi ilə bağlıdırsa, bunu alqışlamaq olar. Amma bütün hallarda indiki vəziyyətində Mətbuat Şurası fəaliyyətsiz bir qurumdur. Doğrudur, ofisi, başqa imkanları var, lakin onun mətbuata real təsir gücü yoxdur”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.