1661005490 vuqar dadasov

Azərbaycanla “Sülh Müqaviləsi” Ermənistanın dövlətçiliyini qoruya bilərmi?!

Bir neçə gün əvvəl, Ermənistanın Baş naziri Nikol Paşinyan, Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşündə: “Demarkasiya və delimitasiya prosesi ilə bağlı təhlükələr var!” — deyib. Sonra bunları bildirib: “Baxın, beynəlxalq platformalarda Azərbaycan Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edir, amma, “Şərqi Zəngəzur” ifadəsini işlətdikdə, nəzərdə tutur ki, “Qərbi Zəngəzur” da var. Bütün bunların içində gizli iddialar var!” 
       Erməni Baş nazir, faktiki olaraq, öz açıqlaması ilə, Azərbaycanın Qərbi Zəngəzura hədəfləndiyini və Ermənistanın buna qarşı çıxa biləcək imkanlarının olmamasını etiraf edib. Təbii ki, Ermənistan tərəfi Qərbi Zəngəzuru saxlamaq və perespektivdə belə bir problemin həlli üçün, müxtəlif üsul və variantlar düşünür. Sözsüz ki, Ermənistan Rusiyanın, İranın və bəzi Qərb ölkələrinin istəklərinin əleyhinə olaraq, Azərbaycanla məcburən “Sülh Müqaviləsi” imzalamağa maraqlıdır. Bununla, indiki öz ərazi itkisinin qaşısını, “Sülh Müqaviləsi”nə əsasən, Azərbaycanın hüquqi öhdəliyi ilə almağa çalışır. Ermənistan və Azərbaycan dövlət sərhədlərində mütamadi atəşkəsin pozulması, birbaşa, bununla əlaqəlidir.  Hal-hazırkı vəziyyətdə, Ermənistan öz bütövlüyünü saxlamaq, Rusiya regionda mövcudluğunu qorumaq, İran isə, Azərbaycanın hərbi-siyasi inkişafının qarşısını almaq hayındadırlar. Hər üç hal Azərbaycana qarşı yönəldiyindən, bu, bu üçlüyü — Rusiya, İran və Ermənistanı təbii müttəfiqə çevirir. Düzdür, Rusiya ilə vəziyyət müəyyən dərəcədə dəyişir, ancaq, bu dəyişikliklər Azərbaycana münasibətdə əsaslı mövqe dəyişikliyi hesab edilə bilməz.
         Ermənistan üçün, Qərbi Zəngəzuru saxlamaq, “Sülh müqaviləsi”ndən sonra ikinci variant, açılacaq Zəngəzur dəhlizinin statusuna bərabər olan Laçın dəhlizindən imtina etməkdir. Düzdür, Ermənistan üçün indiki şəraitdə Qərbi Zəngəzur məsələsi kontekstində və Paşinyan hakimiyyətinin qorunması üçün, Laçın dəhlizindən imtina etmək mümkün deyil — bu intihara bərabər qərar olardı! Bu, həm də Laçın dəhlizindən imtina məsələsi, dünya erməni lobbisi və beynəlxalq anti-Azərbaycan, anti-Türk qüvvələri üçün yeni fürsətlər yarada bilər. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması geriyədönməz prosesdir. 
Təbii ki, “Sülh müqaviləsi”ndən və Laçın dəhlizi statusuna bərabər, Zəngəzur dəhlizinin açılışından sonra, iki xalqın yaxınlaşması prosesi, diplomatik və iqtisadi əlaqələr güclənəcək. Sözsüz ki, erməni cəmiyyəti öz rifahının yaxşılaşmasını hiss edəcək. Qeyd edilənlər fonunda da, Xankəndi və ətraf ərazilər Azərbaycan suverenliyinə inteqrasiya edəcək və həmin erməni əsilli Azərbaycan vətəndaşları üçün, Laçın dəhlizi öz əvvəlki əhəmiyyətini, gərəkliyini itirəcək. Zəngəzur dəhlizin açılışından sonra, Ermənistan bu dəhlizin ticarət və tranzit imkanları fonunda böyük iqtisadi və maliyyə imkanlarının fərqində olacaq. Xankəndi və ətraf ərazilərin, həmçinin ermənilərin Azərbaycana inteqrasiyasından sonra, böyük mənada siyasi və hümanitar əhəmiyyətini itirən Laçın dəhlizi, Zəngəzur dəhlizinin iqtisadi imkanları və Ermənistanın Qərbi Zəngəzura suverenliyinin itirilməsi qorxusu, erməniləri Laçın dəhlizindən  imtina etmək məcburiyyətinə salacaq ki, öz statusu ilə, Laçın dəhlizinə bərabər Zəngəzur dəhlizinin statusu ləğv edilsin. Odur ki, yuxarıda qeyd etdiyim proseslərdən, bir müddətdən sonra, Laçın dəhlizinin dəhliz statusunun ləğvi barədə gündəm mövzusu olacağı gözləniləndir. 
       Ümumiyyətlə, regionumuzda mürəkkəb və maraqlı proseslər gözlənilir. Son nəticənin hər bir dövlət, xalq öz üçün necə olacağı, onların məqsədlərinə nə qədər israrlı olmasından asılı olacaq. Cənab Prezident İlham Əliyevin İrəvana, Qərbi Azərbaycana xalqımızın qayıdacağı barədə verdiyi açıqlamaları, öz strateji hədəflərimizə inanmla getdiyimizi dönməz edir. Azərbaycan cəmiyyətinin borcu isə, hədəflərimizi unutmamaqdır. Az da olsa, hər birimizdən isə, müəyyən mənada siyasətçi olmaq və Bütöv Azərbaycan amalına xidmət etmək tələb olunur.
 
Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi.
 

araz.az xəbər portalı.