Screenshot 2022 09 24 133107

Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsverməyə yekun vurulub.

araz.az-ın  xəbərinə görə, bu barədə Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

O bildirib ki, artıq səsvermə başa çatıb:

“Hazırda Say Komissiyası səslərin sayının hesablanması ilə məşğuldur. Yeni tərkib 1 saat ərzində elan olunacaq”.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsvermə başlayıb.

araz.az-ın  xəbərinə görə, Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları Muğam Mərkəzindəki kabinəyə keçərək səsvermədə iştirak edirlər.

Səsvermə başa çatandan yaxın müddət sonra səsvermənin nəticələri elan olunacaq.

11:26

Screenshot 2022 09 24 131403Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvlərinin gəncləşdirilməsi təklif edilir.

araz.az-ın  xəbərinə görə, bu təkliflə jurnalist Tapdıq Abbas Azərbaycan jurnalistlərinin VIII qurultayında çıxış edib

O təklif edib ki, Mətbuat Şurasının İdarə Heyəti gəncləşdirilsin:

“Yeni tərkibə gənclər seçilməlidir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, MŞ tipində qurumlarda ağsaqqal tipli insanlar təmsil olunmalıdır:

“Burada həmçinin gənclər də təmsil olunmalıdır. Yenilər gəlsin, köhnələr qalsın demək düzgün deyil”. 

Jurnalist Fərid Şahbazlı isə bildirib ki, Mətbuat Şurasında yeni ruha ehtiyac var: “İndiyədək Mətbuat Şurasının gördüyü işləri də yüksək qiymətləndirmək lazımdır. Zəfər çalan ölkənin yeni çağırışlara cavab verən Mətbuat Şurası olmalıdır”.

“Müsavat” Media Qrupun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rauf Arifoğlu çıxışında MŞ-nin yenilənməli olduğunu qeyd edib:

“İndi informasiya məkanını Mətbuat Şurası idarə etmir. Elə yenilənmə aparılmalıdır ki, Mətbuat Şurası olaraq informasiya məkanına daxil ola bilək. Gəncliyə yer vermək lazımdır. Mən də İdarə Heyətinin üzvü olaraq yerimi gəncliyə verməyə hazıram”.

10:56

Screenshot 2022 09 24 131741Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər təklif edilir.

araz.az-ın  xəbərinə görə, bununla bağlı məsələ Azərbaycan jurnalistlərinin VIII qurultayının gündəliyinə daxil edilib.

Təklif olunan dəyişikliklə İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi üzvdən ibarət olacaq. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləri seçilə bilərlər. İdarə Heyətinin üzvlərindən 14-ü jurnalistlərdən, 9-u isə ictimaiyyət nümayəndələrindən olacaq.

Nizamnamənin hazırkı variantı isə belədir: “İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi və 6 ehtiyat üzvdən ibarətdir. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət strukturlarında çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri seçilə bilərlər. Həqiqi üzvlərin 11-i jurnalistika, 7-si ictimaiyyətin, 5-i internet portalların nümayəndəsi, ehtiyat üzvlərin isə 2-si jurnalistika, 2-si ictimaiyyətin, 2-si internet portalların nümayəndəsi olmalıdır”.

10:27

Screenshot 2022 09 24 131940Azərbaycan Mətbuat Şurasının VIII qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

araz.az-ın xəbərinə görə, səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək.

3 nəfərdən ibarət Mandat komissiyası da formalaşıb. Həmçinin 7 nəfərdən ibarət Say komissiyasının tərkibi qurultay iştirakçılarının təkidi ilə 9-a çatdırılıb.

10:09

Screenshot 2022 09 24 132309Azərbaycan jurnalistlərinin VIII qurultayı başlayıb.

araz.az-ın  xəbərinə görə, toplantıda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək.

Daha sonra isə hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

09:05

Screenshot 2022 09 24 132625Bu gün Bakıda, Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı keçiriləcək.

araz.az-ın  xəbərinə görə, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.

Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.

Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşovdur.

Screenshot 2022 09 24 132944

araz.az xəbər portalı.

araz.az xəbər portalı.