Azərbaycanda Uber taksi xidməti ilə bağlı xəbərlər demək olar hər gün saytları “bəzəyir” və bu xəbərlər heç də hər zaman müsbət yönümlü olmur. Uber sürücüsünün törətdiyi qəzalar isə gecələr saytların ayrılmaz hissəsidir. Amma Uberin ölkəmizdəki fəaliyyətinin hüquqi tərəflərinə çox da toxunulmur. Bəs başqa ölkələrdə vəziyyət necədir?
araz.az Avtosfer.az-a istinadən xəbər verir ki, baş qərargahı San-Fransiskoda yerləşən şirkətin (rəhbəri Dana Xosrovşahi) Avropaya gəlişi çox da asan olmayıb – istər qanunvericilik, istərsə də rəqabət baxımından. Bir qrup ölkə Uberi taksi deyil, xidmət göstərən şirkət kimi qəbul edir, digər ölkələrdə yerli taksilər Uber-in əl-ayaq açmasına mane olur və s.
Yerli şirkətlərin Uberə qarşı etirazının səbəbləri bizimlə eynidir: haqsız rəqabət, rejimsiz iş, inhisarçılıq.
Uber Avropa bazarına daxil olduqda ilk illərdə İtaliya, Macarıstan, Bolqarıstan və Niderland bu şirkətin öz ölkələrində fəaliyyətini qadağan etdilər. Almaniya və Britaniyada isə Uberin fəaliyyəti barədə şəhər bələdiyyəsi qərar verir. Məsələn, ənənəvi taksiləri ilə məşhur olan Londonda bu xidmət qadağan olduğu halda, kiçik şəhərlərdə fəaliyyətinə icazə verilir. Lakin Uberə aid avtomobil taksi dayanacağında gözləyə və ya yoldan sərnişin götürə bilməz. Sürücü sifarişi yerinə yetirdikdən sonra evə qayıtmalıdır.
Almaniyada Berlin və Münxen şəhərləri Uberə icazə versə də, Frankfurt, Hamburq və Düsseldorfda qadağandır.
Qanunvericilik tərəfinə gəldikdə, Avropa Ədalət Məhkəməsinin 2015-ci ildəki qərarı ilə Uberə icazə verilib-verilməməsi İttifaqa üzv ölkələrin ixtiyarına buraxılıb. Bu konteksdən yanaşdıqda hökumətlərin məqsədi haqsız rəqabətin və gəlirlərin gizlədilməsinin qarşısını almaqdır.
Hazırda Avropanın bütün ölkələrində Uberin fəaliyyəti çərçivəyə salınıb. Bu da əsasən yerli şirkətlərlə əməkdaşlıq formasında olur. Məsələn, ötən il Uber İtaliyanın ən böyük taksi şirkəti olan “IT Taxi” ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə görə, şirkətin taksilərindən 12 mini Uberlə əməkdaşlıq edəcək və şirkət bundan 6% komissiya alacaq.
Şirkətlə bağlı əsas müzakirə mövzularından biri maliyyə yayınmaları və işçilərin hüquqlarıdır. 2019-2021-ci illərdə Fransanın maliyyə qurumlarının yoxlamasından sonra şirkət büdcəyə azı 1 milyon avro köçürüb.
Avropada ilk dəfə olaraq 2021-ci ildə İspaniya Uberlə əməkdaşlıq edənləri (taksi sürücüsü və kuryer) sərbəst deyil, tam hüquqlu işçi kimi qiymətləndirib. Bununla da sözügedən şirkətlə əməkdaşlıq edənlər ödənişli məzuniyyət, tibbi sığorta və istirahət hüququ əldə ediblər. O dövrdə İspaniyanın əmək naziri Yolanda Diazın bir sözü xarici mediada manşet olmuşdu: “Telefonundakı tətbiqlə küçələrdə velosipedlə dolaşan şəxs fərdi sahibkar sayıla bilməz”.
Bir il sonra oxşar qanun Britaniyada qəbul edilib. London bələdiyyəsi Uberin fəaliyyətinə icazə versə də, 2019-cu ildə onun lisenziyasını ləğv edib. Səbəb heç bir hazırlığı olmayan sürücülərin işə götürülməsi nəticəsində qəzaların artması və xidmət keyfiyyətinin aşağı düşməsi idi (tanış mənzərədir, deyilmi? – müəl.). Bu da cəmiyyətdə narazılıq yaradırdı. Nəzərə alaq ki həmin vaxt Uberin Dumanlı Albionda artıq 45 000 sürücüsü və 3,5 milyonluq müştəri bazası vardı!
2022-ci ilin iyununda İsveçrə Federal Məhkəməsi Cenevrə kantonunun qəbul etdiyi qərarı qüvvədə saxlamaqla yanaşı onun bütün ölkədə tətbiqinə qərar verib. Qərara görə, Uberin sürücü və kuryerləri sərbəst deyil, muzdlu işçi hesab edilir. Onlar əmək qanunvericiliyinin müəyyən etdiyi bütün hüquq və azadlıqlardan istifadə etməlidir (İspaniyadakı kimi). Bu qərara cavab olaraq növbəti ay Uber Cenevrədə fəaliyyətini dayandırdı və min nəfər işsiz qaldı.
Uberin öz ölkəsində sürücüləri işə götürmə metodlarına gəlincə: 2015-ci ildə Los-Anceles və San Fransisko prokurorluqları cinayətkar keçmişi olan 26 sürücünün siyahısını tərtib etmişdi. Onların cinayətləri arasında pedofiliya, adam oğurluğu və qəsdən adamöldürmə də vardı. Sürücülərin biri isə adam öldürməyə görə həyatının 26 ilini dəmir barmaqlıqlar arasında keçirmişdi! Bu fakt üzə çıxdıqdan sonra əksər ölkələr Uber sürücülərinin keçmişini yoxladı. Məlum oldu ki, əksər ölkələrdə vəziyyət oxşardır.
Obyektivlik naminə deyək ki, Qərbi Avropa ölkələrində cinayətkar keçmişi olan sürücülər Uberə nadir hallarda yol tapır. Səbəb qanunvericiliyin və nəzarətin ciddi olmasıdır.
Şirkətin Afrikada “qonduğu” ilk şəhər Qahirə oldu. Kasablankaya gəldikdən sonra isə ilk gündə etdiyi xəta Mərakeşin siyasi dairələrində ciddi narazılıq doğurdu. Belə ki, şirkətin proqramında Qərbi Səhranı müstəqil ölkə kimi göstərilmişdi.
Uberlə bağlı vaxtaşırı gündəmə gələn problemlərdən biri də şəxsi məlumatların etibarlı qorunmamasıdır. Sonuncu belə qalmaqal ötən il baş verib və 7 milyon nəfəri əhatə edib.
Uberin Türkiyəyə gəlişi üçün atdığı addımları isə sabotaj hesab etmək mümkündür. Beynəlxalq Jurnalist Qrupunun təhqiqatı zamanı ortaya çox maraqlı faktlar çıxıb. “The Guardian” yazır ki, təhqiqat zamanı Uber rəhbərliyinin 2013-2017-ci illərdəki yazışmaları, həmçinin maliyyə sənədləri araşdırılıb.
Məlum olub ki, Türkiyə bazarına girmək üçün şirkət qanundakı boşluqdan istifadə edib. Eyni zamanda, burada lobbiçilik və siyasətçiləri ələ almaq üçün kifayət qədər vəsait ödəyib.
“Deutsche Welle Turkish” bildirir ki, şirkət ilk bazara girdiyi il 3 min sürücü cəlb etmişdisə, 2018-ci ildə onların sayını 10 minə qaldırıb. Həmin il narazılıqlar fonunda Türkiyə Məhkəməsi Uberin sərnişin daşımasını qanunsuz hesab edir.
Bazara girdiyi andan öz fəaliyyətini qanuniləşdirmək üçün şirkət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın çevrəsi ilə əlaqə qurmağa çalışır. Obrazlı desək, ilk qarmaq Baş nazirin müavini Əli Babacan və maliyyə naziri Mehmet Şimşəyə atılır. Lakin onlar Uberi dəstəkləməkdə çox da irəli gedə bilmir və bir müddət sonra postlarını itirirlər. Bundan sonra AKP üzvü Cüneyt Zapsunun konsaltinq şirkəti ilə əməkdaşlıq edən Uber bu yolla Ərdoğana çıxış əldə etmək istəsə də, yenə alınmır. 3 ayda ödənilən 150 000 dollar hədər olur.
Bu zaman şirkət mafioz davranışlara da əl atır: Ali məhkəmə onların fəaliyyətini qadağan etdikdən sonra şirkət sürücülərə təlimat verir: mümkün qədər çox qayda pozun – cəriməni özümüz ödəyəcəyik. Bu yolla böyük şəhərlərdə süni tıxac yaradıb sakinləri narazı salmaq cəhdlərinin qarşısı polis tərəfindən alınır.
Bundan sonra Uber ayrı-ayrı konsaltinq şirkətləri ilə əlaqə quraraq onların rəhbərlərinə ayda 20-30 min dollar arası maaş ödəsə də, tam sərbəstlik əldə edə bilmir. Sabah və Hürriyet kimi qəzetlərdə şirkətin lehinə yazılar getsə də, vəziyyət çox da dəyişmir (arada diribaş jurnalistlər qabağa düşür – müəl.). Yerli taksi şirkətləri milyardlarla dövriyyəsi olan sektora kənardan kimisə buraxmır (təkcə İstanbulda taksilər sutkada 1 milyondan çox gediş edir – müəl.). Vaxtaşırı digər taksi sürücüləri ilə problemlər olur, dava düşür və işə polis qarışmalı olur. Ən maraqlı “mübarizə metodu” isə başqa taksi xidmətlərində işləyənlərin sərnişin qismində Uber taksisinə minərək srücünü döyməsi və ya bıçaqlaması idi.
Artan narazılıqlar fonunda 2019-cu ildə şirkətin fəaliyyəti qadağan edilir, 2020-ci ildə isə məhkəmə onun Türkiyədə “tərəfdaş şirkət” statusu ilə fəaliyyətinə razılıq verir.
Eyni zamanda yaxın ətrafının köməyi ilə Türkiyə prezidentinə çıxış və ya təsir cəhdləri isə səmərəsiz qalır.
Bu gün Uber Türkiyədə fəaliyyət göstərsə də, turizm saytlarına nəzər yetirdikdə görürük ki, şirkət tələbləri tam qarşılaya bilmir. Qanuni məhdudiyyətlərə görə taksi sayı azdır və bəzi ərazilərə Uber taksilərinin girişi qadağandır.
Ümumiyyətlə, Uberin fəaliyyəti ilə bağlı beynəlxalq KİV-də müsbət yönümlü xəbərlər yox sayılacaq qədər azdır. Bu xəbərlərin məzmunu da azərbaycanlı mütəxəssislərin səsləndirdiyi fikirlərdən çox da fərqlənmir.
Vüqar YAŞAROĞLU.
araz.az xəbər portalı.